525.Az

Bu ilin ilk "Azərbaycan"ı


 

Bu ilin ilk "Azərbaycan"ı<b style="color:red"></b>

"Azərbaycan" jurnalının yanvar sayı nəşr edilib.

Jurnalın ilk səhifələrində 1990-cı ilin 20 Yanvar hadisələri anılıb. Məzahir Süleymanzadənin "Yanvar düşüncələri" yazısı həmin dövrün hadisələrinə, o günlərdə fədakarcasına gördükləri işlərə güzgü tutur: "...Əslində yanvarın 22-də "Səhər"in materialları hazır idi. Amma qərara gəldik ki, qəzetin əsas materialı 20 Yanvarın günahsız qurbanlarının dəfnindən reportaj olmalıdır. Mən bu "günahsız qurbanlar" ifadəsini elə-belə işlətmədim. O zaman düşmən gülləsinə tuş gələnlərə ekstremist də deyirdilər, saqqallı da, yaraqlı da... "Şəhid" ifadəsini də ilk dəfə "Səhər" qəzeti işlətdi".

"20 Yanvar... 26 il" adlı bölməyə Əhməd Qəşəmoğlunun "Cavanşir" poemasından parçalar daxil edilib.

"Poeziya" rubrikasında Musa Yaqubun, Ağasəfanın, Cavi Danın, Qardaşxanın, Nisə Bəyimin, Fazil Aydının şeirləri yer alıb.

"Nəsr" bölümü Zahid Sarıtorpağın "Kül" romanı ilə açılır. Burada Alpay Azərin "NATO və Rembrandt", "Qəribə xahiş", Vüsal Nurunun "Luvrda hadisə", Cavid Zeynallının "Dərd qapını tanımır" hekayələri də verilib.

"Dramaturgiya"da Fəhminin "Son reportaj" pyesi var.

"Əlağa Vahid - 120" adlı xüsusi rubrikada unudulmaz qəzəlxanın şeirləri sıralanıb. Vaqif Yusifli "Səni zəmanə yetirməz dübarə...", Sona Xəyal "Əlağa Vahidin mənzum məktubları" yazılarında Vahidin yaradıcılığından söz açıblar.

Qan Turalı "Yad et məni, qəmli-qəmli yad et!" essesində Mirzə Ələkbər Sabirin həyat və yaradıcılıq yolundan yazıb.

"Yeni tərcümələr" rubrikasında Knyaz Qoçaq və Məmməd Orucun çevirdiyi, Aleksandr Kerdanın "Mundir", Sevil Gültənin tərcüməsində isə Kate Çopinin "Peşmanlıq" və Lao Manın "Zaman" hekayələri yer alıb.

Qəşəm Nəcəfzadə öz "Xatirələr"ini "Dəvə" adlı yazısında paylaşıb: "Uşaqlıqda, yəni 15-16 yaşımacan mənimçün dünyanın ən uzaq yeri Beyləqanın Eyvazallar kəndi idi. Niyə? O kənddə dəvə çox idi; dəvə də niyəsə mənim uzaqlıq təsəvvürümlə bağlı idi, elə bilirdim, harda dəvə varsa, demək, ora ən uzaq yerdir".

"Tənqid və ədəbiyyatşünaslıq"da Safurə Quliyeva "Bir nadan sözünə susuramsa mən..." adlı məqaləsi ilə Bəxtiyar Vahabzadə poeziyasının özəlliklərinə nəzər salıb.

"Dünya, səndən kimlər keçdi" rubrikasında Səadət Vahabova Ömər Faiq Nemanzadədən söz açıb.

Müşfiq ŞÜKÜRLÜ

 





27.01.2016    çap et  çap et