525.Az

Cənubi Afrika mətbuatı Azərbaycandan yazıb


 

Cənubi Afrika mətbuatı Azərbaycandan yazıb<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının (CAR) geniş oxucu auditoriyasına malik həftəlik "City Press" qəzetində Azərbaycanda səfərdə olmuş xanım Babalva Şotanın ölkəmiz haqqında məqaləsi dərc edilib.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə müəllif Azərbaycanı yeni turizm məkanı kimi Cənubi Afrika auditoriyasına təqdim edir. Azərbaycanı tarixi, mədəni, təbii zənginlikləri ilə müxtəlifliklər ölkəsi adlandıran B.Şota 10 milyona yaxın əhalisi olan bu ölkə ilə tanışlığın Fəxri Xiyabanın və Şəhidlər Xiyabanının ziyarət edilməsi ilə başlandığını diqqətə çatdırır. Hər iki məkanın Azərbaycan və azərbaycanlılar üçün tarixi və həssas önəmindən bəhs edən müəllif bu xüsusda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məlumat verir.

Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, tarixi-mədəni abidələri, həmçinin regionları barədə də geniş məlumat verilir. Bu xüsusda, "Atəşgah" məbədi və zərdüştlüyün Azərbaycanda təşəkkül tapması, Xalça Muzeyi və Azərbaycanda xalçaçılıq ənənələrinin qədim tarixi kökləri, Azərbaycan naxışları haqqında məlumatlar məqalədə öz əksini tapıb.

Müəllif  "Atəşgah" məbədində əsrlər boyu İran, Hindistan və Azərbaycandan zərdüştiliyə pənah gətirənlərin birgə ibadət etdiklərini vurğulayaraq, ölkəmizdə dini rəngarənglik və tolerantlıq ənənələrinin qədim tarixi köklərə malik olduğunu diqqətə çatdırır.

Məqalənin sonunda oxucularla, Lahic qəsəbəsinə olan səyahətinin təəssüratlarını bölüşən B.Şota mis və mis məmulatlarından hazırlanan əl işlərinin heyrətamiz olduğunu qeyd edir. O, qəsəbədə nəsildən-nəslə ötürülən bu peşə haqqında məlumat verir. B.Şota, həmçinin qəsəbədə olan sənətkar emalatxanaları, yüksək zövqlə və mürəkkəb naxışlarla işlənmiş mis qablar barədə fikirlərini qeyd edir.

 





27.01.2016    çap et  çap et