525.Az

"Facebook jurnalistikası": kəmiyyət, yoxsa keyfiyyət?


 

"Facebook jurnalistikası": <b style="color:red">kəmiyyət, yoxsa keyfiyyət?</b>

Müasir dünyamızda geniş yayılan "Facebook"a üz tutanların sayı artmaqdadır. Bu sosial şəbəkədən  maraq üçün istifadə edənlər, sırf tanışlıq üçün qeydiyyatdan keçənlər, hətta müsahibinə sual ünvanlamaq üçün vasitə kimi istifadə edən jurnalistlər də var.

Görürsən ki, bəzən media nümayəndələri müsahibləri ilə canlı görüşmək, ya da onlara zəng vurmaq əvəzinə suallarını “Facebook” vasitəsi ilə onlara ünvanlayırlar.

Bəs görəsən,"Facebook jurnalistikası" ənənəvi jurnalistikadan hansı cəhətləri ilə fərqlənir?

Media nümayəndələri ilə etdiyimiz sorğuda bu suallara cavab tapmağa çalışdıq.

"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı müsahibənin canlı aparılmasının daha keyfiyyətli olduğunu düşünür: "Düzdür, “Facebook” operativlik, jurnalistin vaxta qənaət etməsi baxımından yaxşıdır. Müsahib sualı cavabladığı zaman jurnalist başqa bir yazı da hazırlaya bilir. Yəni bu üsul istehsalı artırır, kəmiyyətcə yaxşıdı. Amma "Facebook jurnalistikası" keyfiyyətcə pisdir. Müsahibə canlı olmalıdır.

Jurnalistin müsahibi dinləməsi və onun danışığından yeni informasiyalar əldə etməsi, müsahibənin gedişində əvvəlcədən nəzərdə tutulmamış suallar verməsi müsahibəni daha maraqlı edir. Məncə "Facebook"la informasiya, dəqiqləşmə aparmaq olar. Amma sosial şəbəkə vasitəsi ilə müsahibəni qəbul etmirəm".

"Trend" informasiya agentliyinin baş direktorunun müavini Emil Hüseynli virtual müsahibənin təsirli və oxunaqlı olmadığını vurğulayıb:

"Ümumiyyətlə, bu gün Azərbaycan jurnalistikasında ünsiyyət problemi aktual bir məsələyə çevrilib. Bunun da başlıca səbəblərindən biri sosial şəbəkələrdir. Sosial şəbəkələr bir növ jurnalisti tənbəlləşdirir.

Ən asan vasitə kimi sosial şəbəkə vasitəsilə sual verib, cavab alır.

Düzdür, bəzi məqamlarda sırf informasiya üçün, operativlik baxımından bu vasitədən istifadə etmək olduqca önəmlidir. Ancaq virtual müsahibə heç zaman təsirli, oxunaqlı alına bilməz".

O hesab edir ki, bugünkü jurnalistikada ünsiyyət problemi var: "Qarşısındakı müsahibin nə danışacağından, hadisələrin inkişafından doğan suallar ortada olmursa, demək buna "robortlaşmış" müsahibə demək olar. Digər tərəfdən hər bir jurnalistin peşəkarlığını artıran amillərdən biri onun ünsiyyətcil olmasından asılıdır.

Təəssüf ki, bugünkü jurnalistikada bu problem var və bir növ "robortlaşmış jurnalistika" ordusu yaranmaqdadır.

Bəzən praktikada rast gəlinir ki, jurnalist əyani şəkildə sual verməyə çətinlik çəkir. Müxtəlif vəziyyətlərdə hazırcavab olmur. Məhz bu kimi halların yaranması elə jurnalistin ünsiyyətdə az olmasıdır.
 
Hesab edirəm ki, jurnalistlər bu məsələyə diqqət yetirməli, məsuliyyətli olmalıdırlar.

Eyni zamanda redaksiya rəhbərliyi bu kimi məsələlərə diqqət yetirməlidir.
 
Hətta, psixoloqlar hesab edirlər ki, sosial şəbəkələrdə ünsiyyət psixi problemlərə səbəb olur. Virtual münasibətə üstünlük verən insanların canlı ünsiyyətdə problemləri yaranır".

"Qafqazinfo"nun baş redaktoru Elbrus Ərud deyib: "Son illər jurnalistikanın virtuallaşmasının obyektiv səbəbləri var. Texnika, şəbəkələr inkişaf edib. Bu da jurnalistin yazı hazırlamasında müsbət rol oynayır.

Əgər virtual müsahibə almaq imkanın varsa, vaxtına qənaət edib, əlavə enerji sərf etmədən sosial şəbəkədə işini görə bilərsən. Bu, məsələnin müsbət tərəfidir. Amma mənfi tərəfi odur ki, jurnalistika ölür, yaradıcılıq tələbləri aşağı düşür, sənətkarlıq səviyyəsi virtuallaşır.

İnsanlar üz-üzə görüşməsə sualın içindən necə sual çıxaracaq? Bu kimi imkanlarımız məhdudlaşır, yaradıcı elementlər məhvə doğru gedir.

Düşünürəm ki, yaxın bir neçə ildə peşəkar jurnalistləri itirəcəyik. Yerlərini sosial şəbəkədə yetişmiş jurnalistlər alacaq.

Son on ildə yazmaq ənənəsi azaldığından Qulu Ağsəs, Hikmət Sabiroğlu, Qurban Yaquboğlu, Salam Sarvan kimi jurnalistlərimizim imzasına rast gəlmirik. Belə davam eləsə olmayacaq da".

"Qaynarinfo.az"ın rəhbəri Zahir Əzəmət sosial şəbəkə vasitəsilə müsahibə etməyin yararsız olduğunu deyib: "Operativlik baxımından bunu normal qarşılayıram.

Özəlliklə onlayn media üçün zaman çox əhəmiyyətlidir. Gündəmə və bir çox hadisələrə münasibət baxımından daha tez reaksiya almaq mümkündür. Amma daha dərin mövzularda söhbətlər üçün sosial şəbəkələrdə söhbət etmək yararsızdır.

Bu zaman canlılıq itir, söhbətin enerjisi ölür.
 
Bununla belə, jurnalistikamızın səviyyəsinə təsir edən daha ciddi problemlərin sırasında bu faktoru görmürəm".

Aysel XIDIROVA

 





27.01.2016    çap et  çap et