525.Az

Mübarək - (Şeir)


 

Mübarək - <b style="color:red">(Şeir)</b>

(Bəstəkar Tahir Əkbərin 70 yaşına)

Salamlayıb yüz mahalı, bölgəni,
Xəbər yayır xəyalımın yelkəni;
Bir ustadsan, yaratdığın incilər
Şərqə, Qərbə tanıtdırır ölkəni.
Zəng, teleqram, namə min-min: "Mübarək!",
Tahir Əkbər, yubileyin mübarək!

"Ya Rəbb", "Amin"... lal dindirən, dil açan,
Nəğmələrin eldən-elə yol açan.
Əsgərlərə ərməğanın hərbi marş.
Sevgi, vüsal bağımızda gül açan
Xoş məramın, saf diləyin mübarək,
Tahir Əkbər, yubileyin mübarək!

Yaz günümüz, sərt qışımız - xatirə,
Çiçək, alqış yağışımız - xatirə;
Sən Bakının, mən kəndimin adından -
Muğandakı çıxışımız - xatirə.
Ad, mükafat... daha nəyin mübarək?
Tahir Əkbər, yubileyin mübarək!

Geniş köksün gah dolub, gah boşalıb,
Mahnıların cüt qanadlı quş olub;
Gəncə, Zəncan, Qars, İstanbul, Qahirə...
Ay həzərat! Milyonlara qoşulub
Dönə-dönə siz də deyin: "Mübarək!",
Tahir Əkbər, yubileyin mübarək!

 





28.01.2016    çap et  çap et