Xəbər verdiyimiz kimi, yanvarın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Bu yanvar ayı ərzində qlobal iqtisadi böhran şəraitində yaranmış ölkədaxili problemlərin həlli ilə bağlı Prezidentin sədrliyi ilə keçən üçüncü genişmiqyaslı tədbirdir.
Konfransda maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak ediblər.
Tədbirdə qarşıya qoyulan əsas məsələ qlobal iqtisadi böhranın ölkədə yaratdığı çətinliklərin minumuma endirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti ilə bağlı idi.
Prezident çıxışında yerli istehsalın artırılması, sahibkarlığa dəstək, məhsulların qiymətinin süni şəkildə qaldırılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb, əhalinin sosial rifah halının yaxşılaşdırılması, ərzaq təminatının gücləndirilməsi, korrupsiya və rüşvətxorluğunun aradan qaldırılmasının dövlətin qarşısında duran prioritet məsələlər olduğunu diqqətə çatdırıb. Ölkə başçısı məmurları daha məsuliyyətli olmağa çağırıb, heç bir özbaşınalığın cəzasız qalmayacağını xatırladıb.
"AZƏRTAC"ın məlumatına görə, dövlət başçısı çıxışında diqqəti qlobal iqtisadi böhrana çəkərək bildirib ki, bu gün dünya iqtisadiyyatı stress vəziyyətindədir:
"Neftin qiyməti dörd dəfə aşağı düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək".
Prezident vurğulayıb ki, 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır: "Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Mən bir neçə fərman, sərəncam imzalamışam.
Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik".
Həmçinin, İlham Əliyev qeyd edib ki, daxili bazarı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik:
"Bu da çox ciddi məsələdir. Çünki əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə, burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır.
Ona görə, müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün".
Prezident səviyyəsində iqtisadi böhranla mübarizədə həyata keçirilən işlərdən danışan iqtisadçı ekspert Nicat Hacızadə bildirib ki, "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dair Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin qeyd etdiyi kimi hazırkı dövrdə bütün iqtisadi istiqamətlərdə islahatların dərinləşdirilməsi zəruridir:
"Ölkə rəhbərinin birbaşa fəaliyyəti nəticəsində ölkə 2015-ci ildə mövcud çətinliklərdən inamla çıxa bilib. Keçən il ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 54,4 milyard manat olub. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 5703,7 manat, yaxud 5558,7 ABŞ dolları təşkil edib.
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi 69,3 faizədək yüksəlib. Bu dövrdə ümumi daxili məhsulun 33,93 faizi sənayedə, 12,14 faizi tikintidə, 10 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,23 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,71 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,99 faizi informasiya və rabitə sahələrində, 19,31 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 8,29 faizini təşkil edib. Bütün bunlar göstərir ki, özəl sektorun, xüsusilə qeyri neft sektoru daha da inkişaf etdirilməlidir. Ölkə Prezidenti İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqi bir daha 2016-cı ilin ciddi islahat ili olmasını özündə ehtiva edir".
Ekspert bildirib ki, bankların vəziyyətinin sağlamlaşdırılması istiqamətində də bir sıra addımların atılması vacibdir: "Mərkəzi Bank Parlamentlə dialoqa gedib məsələni əhalinin xeyrinə həll etməlidir. Bu 2016-cı ilin ən ciddi islahatı olacaqdır".
İqtisadçı ekspert Emin Əliyev isə qeyd edib ki, Prezidentin sədrliyi ilə keçən sonuncu konfransda 2014-cü ildə qəbul edilmiş və 2014-2018-ci illəri əhatə edən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı məsələləri müzakirə edilib.
O "SİA"ya bildirib ki, ölkə başçısı müşavirədəki çıxışında qlobal dünya iqtisadi böhranı, neftin qiymətinin düşməsinin inkişafda olan ölkələrinin iqtisadiyyatlarına təsiri, dünya güclərinin maraqları, Avropada miqrasiya böhranı, multikulturalizm və digər mövzulara toxunub. Onun sözlərinə görə, Azərbaycan qlobal siyasətə, iqtisadiyyata inteqrasiya olunduğu üçün təbii ki, baş verən proseslər ölkəmizə təsirsiz ötüşməyib: "Ölkə başçısı qeyd edib ki, ötən il Azərbaycanın ümumi daxili məhsulunun artımı 1.1 faiz təşkil edib. Təbii ki, keçən illərlə müqayisədə bu rəqəm böyük deyil. Lakin nəzərə alsaq ki, neftin qiyməti son 20 ay ərzində 149 ABŞ dollarından 30 dollaradək enib, əldə olunmuş artım tempi müsbət göstəricidir. İnkişafda olan digər ölkələrdə ümumi daxili məhsulun artması deyil, resesiyya müşahidə olunur, iqtisadiyyatları kiçilir".
E.Əliyev bildirib ki, bu kontekstdə digər bir məqam qeyri-neft sektorunun artmasıdır: "Statistik göstəricilərə əsasən, bu sektor 8.4 faiz artım nümayiş etdirib. Şübhəsiz ki, 2016-cı ildə bu rəqəmin artması səbəbləri artıq bu gün liberal iqtisadi islahatların aparılması və ölkə rəhbərliyinin üzərində çalışdığı iri regional layihələrin reallaşdırılması kontekstində olacaq.
Ekspert əlavə edib ki, ölkə başçısı göstərilən istiqamətlərlə yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Maraqlı məqam ondan ibarətdir ki, dövlət rəsmiləri ilə yanaşı, konfransda ölkənin qeyri-neft sektorunda çalışan iş adamları iştirak ediblər. Bu onu deməyə əsas verir ki, konfrans məhz yerli biznesin inkişafına həsr olunub".
Ceyhun ABASOV
çap et