525.Az

Dillər Universitetində mediatur


 

Dillər Universitetində mediatur<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" müvafiq əmrinə əsasən imtahanların gedişini izləmək üçün mediatur təşkil olunub. İmtahanlar pedaqoji (ingilis, fransız) fakültədə yazılı formada aparılıb.
 
Təhsil ekspertləri Azərbaycan Təhsil Şurasının sədri  Əjdər Ağayev, XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev, KİV nümayəndələri və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib.
 
ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

Onlara məlumat verilib ki, ADU-da qış imtahan sessiyası əyani şöbədə ötən il dekabrın 29-da başlanıb və fevralın 1-dək yekunlaşacaq. Qiyabi şöbədə isə imtahanların yanvarın 6-dan fevralın 10-dək keçirilməsi nəzərdə tutulub.

İmtahan sessiyası zamanı yaranan neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək göstərmək məqsədilə operativ qərargah yaradılıb.
 
Tədris binalarında sessiya ilə bağlı yazılı müraciət və təkliflər üçün müvafiq qutular qoyulub, eyni zamanda, "Qaynar xətt" yaradılıb.

Monitorinq prosesindən sonra təhsil ekspertləri və media nümayəndələri ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusovla görüşüblər. D.Yunusov universitetin fəaliyyət istiqamətləri, tədris proqramı və beynəlxalq əlaqələri barədə məlumat verib.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Vəfa MƏMMƏDLİ

 





29.01.2016    çap et  çap et