525.Az

Daha iki qanun layihəsi müzakirəyə çıxarıla bilər


 

ƏHLİMAN ƏMİRASLANOV: "BU SƏNƏD ÜZƏRİNDƏ XEYLİ TƏKMİLLƏŞDİRMƏLƏR APARILIB"

Daha iki qanun layihəsi müzakirəyə çıxarıla bilər<b style="color:red"></b>

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi nəhayət, bu il parlamentin plenar iclasının müzakirəsinə çıxarılacaq.
 

Bu haqda parlamentin Səhiyyə komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 28-də keçirilən iclasında məlumat verilib.

Sözügedən komitənin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, artıq bu sənədin parlamentin plenar iclasına çıxarılmasının vaxtıdır:

"Bu sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, ictimaiyyətin narazılığına səbəb olan məsələ də oradan çıxarılıb, yəni,  müxtəlif qurumlarla da bu sənədi razılaşdırmışıq. Onu artıq bu il parlamentin plenar iclasına çıxarmalıyıq, onu gecikdirmək olmaz, əslində çox gecikmişik. İnsanlar bu qanunun qəbulunu gözləyir".

Sözügedən komitənin üzvü Məlahət İbrahimqızı isə reproduktiv sağlamlığın cəmiyyətdə düzgün izah edilməməsindən narazılığını ifadə edib:

"Bu, əslində ana sağlamlığı deməkdir, ana, uşaq ölümlərinin qarşısının alınması, ultrasəs müayinədən sonra qız uşaqlarının yox edilməsinin qabağının alınması deməkdir. Ona görə də bu sənədin düzgün izahatı lazımdır. Bu, çox lazımlı bir sənəddir və biz onu müvafiq qurumların təkrar ekspertizasından, rəyindən sonra plenar iclasın müzakirəsinə çıxarmalıyıq".

İclasda o da məlum olub ki, həmçinin, "Psixoloji yardım haqqında" qanun layihəsi parlamentin yaz sessiyasının gündəliyinə çıxarılacaq.

Komitə sədri deyib ki, bu sənədin maliyyətutumlu olması bir qədər narahatlıq və tərəddüd yaradırdı:

"Artıq hesab edirəm ki, belə bir narahatlığa və tərəddüdə də ehtiyac yoxdur. O, çox az maliyyətutumlu bir sənəddir, əslində isə demək olar ki, maliyyətutumlu da deyil. Ona görə həmin sənədin yaz sessiyasının müzakirəsinə təqdim olunmasına da elə bir əngəl qalmır".

Komitənin üzvü Rafiq Məmmədhəsənov da indiki durumda belə bir qanuna ciddi ehtiyac olduğunu bildirib.

Kamil HƏMZƏOĞLU

 





29.01.2016    çap et  çap et