525.Az

Sənət sərhəd tanımır (2-ci yazı)


 

Sənət sərhəd tanımır <b style="color:red">(2-ci yazı)</b>

E-mail: [email protected]

Avropa və rus klassik musiqisi

Avropa dünyaya A. Vivaldi, F. Hendel, İ. Bax, J. Haydn, T. Arne, F. Mendelson, C. Bize, R.Vaqner, C. Verdi, A. Dvorjak, F. List, İ. Ştraus, F. Şopen, N. Brams və başqa dahi bəstəkarları bəxş edib. Lakin  iki dahi bəstəkar var ki, mənim üçün heç kimlə müqayisə oluna bilməz. Bunlar – Volfqanq Amadey Motsart və Lüdviq Van Bethovendir.

Motsart artıq 5-6 yaşı olanda musiqi bəstələməyə, konsertlər verməyə, Avropanı gəzməyə başlamışdı. Londonda 10 yaşında ilk simfoniyasını, 11 yaşında ilk operasını yazmışdı. 18 yaşına qədər bu vunderkind artıq 25 simfoniya bəstələmişdi. O, çox qısa (cəmi 35 yaş) ömrü boyu “Sehrli fleyta”, “Don Juan”, “Fiqaronun toyu” kimi əsrlər boyu dünyanın ən məşhur səhnələrinin repertuarından düşməyən operalar, 41 simfoniya, fortepiano və orkestr üçün konsertlər, skripka, fleyta və orkestr üçün konsertlər, divertismentlər, sonatalar, serenada və fortepiano pyesləri yazıb. Şedevr musiqi yaradıcılığının həcminə görə Motsartın tayı-bərabəri yoxdur.

Motsart musiqiyə işıq gətirdi, öz musiqisi ilə insanlara sevinc, nikbinlik, insanların ən çətin məqamlarında onlara həyat, yaşamaq eşqi, ümidi bəxş elədi. Neçə əsrlərdir ki, Motsart musiqisi insanları sevgiyə, həyatdan həzz almağa çağırır. Təəssüf ki, bu dahinin şəxsi həyatı onun işıqlı musiqisi ilə uzlaşmadı. O, ömrünün sonlarını səfalət içərisində keçirdi. Xəstəlik, tənhalıq, cəmiyyətdən təcrid olunmaq, heç kimə lazım olmamaq, unudulmaq fikri onun ömrünün sonu gəldiyindən xəbər verirdi. O, bu hisslərin təsiri altında dahiyanə, lakin onun optimist ruhuna uyğun gəlməyən “Rekviyem”i yazır (ölümünə az qalmış). “Rekviyem” onun ölüm himni idi. Bax beləcə, ədalətsiz cəmiyyət, onun fantastik yaradıcılıq uğurlarını gözü götürməyənlər, onu ölüm ayağına gətirdilər, öldürdülər. Öz musiqisi ilə milyonlarla insana sevinc gətirən bir dahinin dəfnində  cəmi bir  neçə iştirak etdi.

Bəzən fikirləşirəm ki, təki Motsart “Rekviyem”i yazmayaydı. Gözümdə nikbin, optimist, həyatı, insanları sevən Motsart kimi qalaydı. Lakin “Rekviyem”in ədalətsiz, riyakar cəmiyyətə, insanlara, haqsızlığa, layiq olmadığı səfalətə, unutqanlığa etiraz himni kimi səsləndiyini qəbul etdikdə, nə yaxşı ki, “Rekviyem” yazılıb qənaətinə gəlirəm.

Lüdviq Van Bethoven musiqiyə əzəmət, möhtəşəmlik, qəhrəmanlıq gətirdi. Onun 9-cu, 6-cı simfoniyaları, “Eqmont” simfonik süitası simfonizmə yeni səslər gətirdi, simfonik orkestrin bütün imkanlarından necə istifadə etməyin nümunələri oldu.

Bethoven simfoniyaları, opera musiqisi, fortepiano və simfonik orkestr üçün konsertləri ilə ciddi, əzmkar, pafoslu, təntənəli göründüyü halda sonataları ilə, “Elizaya” şedevri ilə necə bir incə qəlbə, mərhəmətə, coşqun sevgiyə malik olduğunu göstərdi. Bu musiqi əsərləri Bethovenin nəhəng istedadının ifadəsi kimi səslənir. Nəzərə alsaq ki, bu dahi bəstəkar bu möcüzə əsərlərinin çoxunu eşitməkdən məhrum olandan sonra yazıb, insan heyrətlənməyə bilmir.

Motsart və Bethoven Haydnı öz müəllimləri hesab edirdilər. Doğrudur, Haydnın təsiri Motsarta daha çox olmuşdu, lakin hər iki istedadlı şagirdlər bir-birindən fərqli, öz yolları ilə getmişdilər. Hətta adi musiqisevər Motsartla Bethovenin musiqisini qarışdırmaz.

Memarlıqda olduğu kimi, musiqidə də barokko üslubu var. Bu üslubun ən görkəmli simaları Antoni Vivaldi, Fredrik Hendel, İohan Sebastyan Baxdır.

Vivaldinin “İlin fəsilləri” orkestrlərimizin, musiqiçilərimizin ifasında gözəl səslənir. Hendel təbiət vurğunu idi. Bu, onun musiqisində (Xüsusilə “Water music” (“Su musiqisi”) əsərində) qırmızı xətlə keçir.

Bax öz orqan musiqisi ilə (xüsusilə “Toqatta”) məşhurlaşıb.

Musiqidə intibah dövrünün ən parlaq simalarından biri Josef Haydndır. O, yüzdən çox simfoniyanın müəllifidir. Haydnın, qeyd etdiyim kimi, Motsartın, Bethovenin yaradıcılığına böyük təsiri olub.

Alman bəstəkarı Riçard Vaqnerin musiqisini sevə bilmirəm. Onun musiqisində bir sərtlik, qorxu, vahimə, hətta, amansızlıq hiss edirəm. Vaqner Hitlerin sevimli bəstəkarı idi. Bəlkə elə bu fakt da mənə təsir edib.

Bəstəkar nə qədər məşhur olsa da, onu daha da məşhurlaşdıran, tanınmış orkestrlərin repertuarından düşməyən, konsertlərdə mütəmadi səslənən əsərləri olur.

Məsələn, Bramsın “Macar rəqsləri”, Listin “Macar rapsodiyası”, Dvorjakın “Slavyan rəqsləri”, Ştrausun valsları, polkaları, marşları belə əsərlərdəndir.

Fortepianonun Allahı sayılan Fredrik Şopen insanın ruhuna oxşayan valsları (mənim üçün, ən sevimlisi “Vals-fantaziya”, Vals №7), etüdləri, noktürnləri ilə məşhurlaşıb.

İtalyan xalqının fəxri Cüzeppe Verdi çoxsaylı operaları içərisində “Nabukko”, “Otello”, “Aida”, “Trubadur”, “Traviata”, “Riqoletto” operaları ilə dünya şöhrəti qazanıb. Neçə əsrlərdir, bu operalar dünyanın ən məşhur səhnələrindən düşmür.

Puççininin “Toska”, “Turandod”, “Bohema”, “Madam Batterflyay (Çio-Çio-San)” operaları əsrlər keçsə də, şöhrəti azalmayan əsərlərdir.

Feliks Mendelsonun “Toy marşı” (bizdə “Vağzalı” ilə yanaşı)  toyların yaraşığıdır.

Leonkavallo çoxsaylı operettaların müəllifi olsa da, Azərbaycanda daha çox “Məzhəkəçilər (Payatsı)” operası ilə tanınır.

İoqan Ştrausun “Yarasa”, “İndiqo və qırx quldur”, Leqarın “Şən dul qadın”, “Qaraçı sevgisi” operettaları keçmiş sovet xalqlarına, o cümlədən azərbaycanlılara yaxşı məlumdur.

Rus klassikləri içərisində P. Çaykovski xüsusi yer tutur. O, yaradıcılığının genişliyi ilə bütün bəstəkarları geridə qoyur. Musiqinin elə bir janrı yoxdur ki, o, orada dərin iz qoymasın. “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “İolanta”, “Mazepa”, “Çarodeyka” operaları, “Yatmış gözəl”, “Qu gölü”, “Şelkunçik” baletləri, fortepiano və orkestr üçün konsertləri, simfoniyaları, “İtalyan kapriççiosu”, “Motsartiana” simfonik əsərləri, “İlin fəsilləri” əsərləri, romansları onu dünya musiqisinin dahiləri sırasına daxil edib.

M. Qlinkanın da rus klassik musiqisinin inkişafında misilsiz xidmətləri olub.  “İvan Susanin”, “Ruslan və Lyudmila” operaları, “İspan kapriççiousu”, “Araqon xotası” simfonik əsərləri, romansları müəllifə əbədi şöhrət gətirib. İspan mövzusunda yazılmış əsərlər o dərəcədə ispan ruhludur ki, onların müəllifinin rus olması inanılmaz görünür.

S. Raxmaninov həm dahi pianoçu kimi, həm də fortepiano və orkestr üçün konsertləri ilə dünyada məşhurdur.

A. Borodin “Knyaz İqor”, M. Musorqski “Xovanşına” operaları və simfonik əsərləri ilə, Rimski-Korsakov “Şəhrizad” simfonik süitası və başqa simfonik əsərləri ilə tanınır.

 

Yüngül musiqi

 

İndi pop, rok, caz adlandırılan musiqini əvvəllər ümumilikdə yüngül musiqi adlandırırdılar. Hay-küy, qışqırtı, bağırtı ilə müşayiət olunan “musiqi”ni nəzərə almasaq, insanın ruhunu oxşayan, xoş əhval-ruhiyyə yaradan yüngül musiqi nümunələri kifayət qədərdir. Sevə-sevə qulaq asdığım bir neçə nümunələri sadalaya bilərəm: “Chariots of fire”, “Old San Juan”, “Butterfly”, “The fool”, “The Lonely Shepherd”, “The Magus” və Yanninin başqa musiqiləri və s.

Riyaziyyatçı-mexanik ixtisasım məni  hər şeyə ciddi yanaşmağa, düşünməyə, araşdırmağa  öyrəşdirib. Bu azmış kimi, musiqiyə, ədəbiyyata münasibətim, üstəlik, həyat qayğıları məni rahat, qayğısız yaşamağa qoymur. Lakin bir musiqi janrı var ki, onu dinləyəndə, real həyatdan ayrılıram, heç nə barədə fikirləşmirəm, düşüncələrim yox olur. Bu, rok-n-roldur. Ümumiyyətlə, insan rəqs edəndə, dərdi-səri unudur, qayğısız görünür. Odur ki, bütün insanlara məsləhət görərdim ki, səhər gözünü rok-n-rolla açsın.

Cazın mənə ən böyük ləzzət verən bir növü var. Bu növ musiqidə alətlər bir mövzuya, süjetə tabe deyillər, hər alət öz bildiyi kimi çalır, saksofon bir söz deyir, truba başqa söz, zərb alətləri, hətta, kontrabas da sərbəstliyini tam qoruyur, bir sözlə, nizamlı xaos yaranır. Bu musiqi başdan-ayağa improvizədir. Adama elə gəlir ki, eyni musiqi hər dəfə fərqli çalınır. Yalnız ritm saxlanılır. Mən bu musiqini qayğısız musiqi adlandırıram.

 

Musiqini dinləmək, dərk və

hiss etmək qabiliyyəti

 

Əgər musiqini dinləyərkən, ətrafda baş verənlər səni bu hissdən ayıra bilmirsə, deməli, musiqi səni öz təsiri altına alıb. Belə də olur. Musiqi sənin çox ciddi bir işlə məşğul olmağına mane olmur, əksinə, köməkçi olur. Deyirlər, P. Çaykovski “Qaratoxmaq qadın” operasının çox hissəsini toylarda yazıb.

Musiqinin nədən bəhs, nəyi təsvir etdiyini başa düşmək, hiss etmək insandan xüsusi qabiliyyət tələb edir. Asan, çətin başa düşülən musiqilərlə yanaşı, adi dinləyici üçün başa düşülməyən musiqilər də var. Belə musiqini yalnız professional musiqiçilər, musiqi təhsili olanlar başa düşə bilər.

S. Hacıbəyovun “Karvan” simfonik süitasını dinləyən adi musiqisevər əsərin adını bilməsə də, ona “Karvan” adını qoyar. Çünki karvanın ucsuz-bucaqsız səhrada hərəkəti o qədər inandırıcı verilib ki, özünü ya dəvənin üstündə, ya da sarvanın yerində hiss edirsən. Hətta dəvələrin boynundan asılan zınqırovların səsini  eşidirsən, arada qumu havaya qaldıran, amma tez-ötüşən burulğanın baş verdiyini hiss edirsən. Burulğandan sonra karvan yoluna davam edir, amma karvanın tezliklə dincəlməyə dayanacağı duyulur.

Mən Vivaldinin “İlin fəsilləri”ni dinləyəndə, musiqinin ilin hansı fəslini təsvir etdiyini müəyyənləşdirə bilirəm. Amma Çaykovskinin “İlin fəsilləri”nə qulaq asanda (burada, nəinki fəsillər, həmçinin, bütün aylar təsvir olunur) fəsilləri ayırd edə bilsəm də, ayları ayırd edə bilmirəm. Əslində, reallıqda da yanvarla fevralı, iyulla avqustu ayırd etmək asan deyil.

Hendel musiqisində mən atla, tulalarla meşə ovunu hiss edirəm. Bu meşə sıx meşə deyil, seyrək, atların sürətli çapılması üçün yararlı meşədir. Ovçuların hayqırığı, tulaların bir-birinə qarışan səsləri şikarın yaxında olduğundan xəbər verir. Başqa bir əsərdə sakit meşə, hərdən sakitliyi pozan quş səsləri, büllur kimi təmiz suyu olan, sakit axan kiçik çaylar göz qabağına gəlir.

Oginskinin “Polenez”ində ayrılığı hiss edirəm. Bu ayrılıq müvəqqəti deyil, kimdənsə, nədənsə, haradansa ömürlük vidalaşmadır.

Yuxarıda dediyim kimi, hər cür musiqini dərk etmək mümkün deyil. Müəllifin fikrini ayırd etmək hər kəsin işi deyil. Məsələn, mən Kamera musiqisini, bəzi əsərləri anlamıram, ona görə də onlara qulaq asmıram.

Mənə elə gəlir ki, hər musiqinin nəyi təsvir etdiyini başa düşmək heç də vacib deyil. Eyni musiqini müxtəlif dinləyicilər müxtəlif şəkildə görür, eşidir. Mənim üçün ən önəmlisi, musiqinin dinləyicinin ruhuna oxşamasıdır, ona nikbinlik, həyat eşqi bəxş etməsidir.

Sıravi dinləyici üçün, ən mühüm cəhət mənə elə gəlir ki, musiqinin melodikliyi, yaddaqalan olmasıdır. Əgər bir musiqini zümzümə edə bilirsənsə, deməli, bu musiqi sənin ruhuna yaxındır.

Üzeyir Hacıbəylinin operettalarından “Koroğlu” operasının bütün ariyaları, xorları, musiqi parçaları xalqın dilindən düşmür.

Mən Verdinin, Motsartın bütün operalarını, Rossininin “Sevilya bərbəri” operasını həvəslə dinlədiyim halda, rus operalarını dinləyə bilmirəm.

Bizenin “Karmen” operasındakı 4-cü aktdakı ecazkar musiqi parçasını, Çaykovskinin balet musiqisini, Şopenin, Ştrausun valslarını, Ravelin “Bolero”sunu sevməyən tapılmaz, çünki bu əsərlər yaddaqalan, melodikdir.

Musiqi insan mədəniyyətinin ən mühüm elementlərindən biridir. Musiqini sevin ki, ruhunuz pak olsun.

 





25.01.2013    çap et  çap et