525.Az

“Mərkəzi Bank kompensasiya ödənilməsi məsələsini gündəmdən çıxarmamalıdır”


 

EKSPERTLƏR PROBLEMİN HƏLLİ ÜÇÜN TƏKLİFLƏR HAZIRLAYIBLAR

“Mərkəzi Bank kompensasiya ödənilməsi məsələsini gündəmdən çıxarmamalıdır”<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, müvafiq maliyyə və iqtisadi qurumların rəhbərləri arasında keçirilən məsləhətləşmələrdən sonra müəyyən olunub ki, dollarla krediti olanlar yeni məzənnə ilə ödənişlərə davam edəcəklər.

İkinci devalvasiyadan əvvəlki məzənnə ilə ödənişlərin tətbiq olunmamasının əsas səbəbi kimi maliyyə intizamının pozulması, yəni, dollarla krediti olan şəxlərin gələcəkdə arxayınlaşmaları göstərilib.

Məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bank və Maliyyə Nazirliyi devalvasiya nəticəsində yaranan fərqin bankların faizlərini azaldılması yolu ilə kompensasiya edilməsini təklif edir: “İzahat belədir: banklar uzun müddət gəlir əldə etdikləri üçün ziyanı kompensasiya etsinlər. Doğrudur, banklar uzun müddət yüksək gəlir əldə ediblər və biz bunu illərdir ki, bildirirdik. Amma banklar yüksək faizlə vətəndaşlara yardım etməyiblər ki, onların qazandıqlarını əllərindən alıblar. Maraqlıdır, o zamanlar Mərkəzi Bank niyə müdaxilə edib faizləri aşağı saldırmayıb? Bankların yüksək faizi indimi bəlli olub? Bəyəm, yüksək faizdən qazanan vətəndaşlar olub? Digər tərəfdən, 21 fevral devalvasiyadan öncə dollar ilə kredit götürənlərin manat ilə əlavə xərci 2 dəfə artıb. Bu isə o deməkdir ki, cəmi bir il əvvəl 10 min dollar kredit götürən şəxsə bank 7 min 8 yüz manat veribsə, indi əsas məbləğ faizlər hesablanmadan 16 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 8 min 2 yüz manat fərq var. Deməli, bir il öncə 7 min 8 yüz manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 min 8 yüz manat ödəməlidir. Məncə, bu rəqəmlərin müqayisəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 min 6 yüz manat əlavə pul. Bu kredit məbləğinin manat ifadəsində 2.7 dəfə artması deməkdir. Bu fərqi qapamaq üçün kredit götürənin əmək haqqısı da 3 dəfə yüksəlməlidir ki, ödəniş edə bilsin. Son bir ildə nəinki Azərbaycanda, hətta dünyada da real əmək haqqısı 3 dəfə artan insanlar barmaqla sayılır. Belə olan halda, kredit götürən ödənişi necə etsin? Tutaq ki, banklar faizləri sıfırladı. O zaman necə olacaq? Fərq 3 dəfə deyil, 2 dəfə olacaq. Bu nəyi dəyişir ki? Ona görə də, Mərkəzi Bank kompensasiya ödənilməsi məsələsini gündəmdən çıxarmamalıdır. Bu yalnız vətəndaşlara yardım deyil, eyni zamanda bir sıra bankların müflisləşmədən qorunması baxımdan vacibdir. Kompensasiya məşhur “maliyyə intizamında” da təsir göstərməyəcək: kompensasiya verilir və Mərkəzi Bank elan edir ki, bundan sonra götürülən kreditlərə görə gələcəkdə hər hansı yardım edilməyəcək. Bununla da, həm mövcud ödəniş problemləri aradan qaldırılır, həm də artıq vətəndaş kredit götürəndə bilir ki, gələcəkdə manat yenə də dəyər itirsə, ona daha yardım olmayacaq, xərci özü qarşılayacaq və özü məsuliyyəti bilib qərar verəcək”.

V.Bayramov hesab edir ki, indiki kredit problemindən çıxmağın sadə formulu budur.

İqtisadçı ekspert Nicat Hacızadə isə bildirib ki, maliyyə intizamının pozulmasının başlıca səbəbi vətəndaşların ölkədən külli miqdarda xarici valyutada vəsaitləri çıxartmasıdır: “Əslində maliyyəçi olaraq ölkədən çıxan valyutaya müvafiq vergi dərəcələrinin qoyulmasının tərəfdarıyam. Çünki  biz heç bir formada Azərbaycan vətəndaşının pul köçürmə hüququnu məhdudlaşdıra bilmərik, ən azından beynəlxalq hüquq cəhətdən bu düzgün addım deyil. Amma qeyd edim ki, maliyyə intizamının pozulması vətəndaşların sosial və mədəni rifah halı ilə nə birbaşa, nə də dolayı əlaqəsi var. Sırf səbəb ondan ibarətdir ki, Mərkəzi Bank tərəfindən atılan Fevral devalvasiyası və Dekabrdan İdarəedici üzən məzənnə sisteminə keçid yalnız ölkənin makroiqtisadi vəziyyətinin stabil saxlanmasına xidmət edir. Lakin manatın devalvasiyası banklara xarici valyuta ilə kredit borcu olan vətəndaşların narahatlığına səbəb olub. Lakin bəzi hökumət nümayəndələri vətəndaşların narahatlığına heç bir səbəbin olmadığını, dövlətin onlara kömək edəcəyini bildirib. Hazırkı vəziyyət isə heç də ürəkaçan deyil, əhali dollarla olan kreditləri ödəyə bilmir. Çünki əgər bank şəxsin əmək haqqısı və ya gəlirinə görə kredit vermişdisə, indi ödənilən dollar kreditləri əmək haqlarını 2 dəfə üstələyir”.

N.Hacızadə maliyyəçi olaraq problemdən çıxış yolu kimi Mərkəzi Banka təklif hazırlayıb: “Təklifin mahiyyəti dollarda krediti olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Burda əsas istək və seçim əhaliyə verilib. İlk növbədə dollarla krediti olan şəxslərin hazırkı yığılan məbləğinin dayandırılması, yəni gələn faiz dərəcələrinin artıma səbəb olmamasıdır.  Belə olan halda vətəndaş üçün seçim qeyd olunur. İlk seçim həmin dollarla krediti olan şəxs yığılan məbləğin ödənilməsi üçün  əlavə 1 ildən-3 ilə qədər zamanın ayrılması, o cümlədən, ən azı 3 ildən-5 ilə qədər banklardan kredit götürmə imkanın məhdudlaşdırılmasıdır. Vətəndaş bu şərtləri qəbul etməsə, xüsusi güzəştsiz kredit borclarının ödənişlərini davam etdirəcəkdir.  Təbii ki, artıq bu Mərkəzi Bank tərəfindən qəbul olunacaq kriteriyalara uyğun həyata keçiriləcək. Burada verilən təklif istənilən halda hökümətin hal-hazırkı maliyyə intizamı anlayışına, eyni zamanda mövcud dünya praktikasını müvafiqdir”.

Ekspert hesab edir ki, istənilən halda bu məsələ gündəmdən çıxarılmamalı, əhalinin vəziyyəti dəyərləndirilməlidir: “Vətəndaşın istəyi tam borcun silinməsi deyil, əvvəlki məzənnə ilə hazırkı məzənnə arasındakı borcun Mərkəzi Bank tərəfindən kompensasiya edilməsidir”.

Ceyhun ABASOV

 





30.01.2016    çap et  çap et