525.Az

Sahibkarlar dövlət siyasətinə dəstək verməlidir


 

SOSİAL MƏSULİYYƏT SAHİBKARLAR ÜÇÜN PRİORİTET MƏSƏLƏLƏRDƏN BİRİ OLMALIDIR

Sahibkarlar dövlət siyasətinə dəstək verməlidir<b style="color:red"></b>

Qlobal iqtisadi böhranın Azərbaycanda nəticələrinin minimuma endirilməsi istiqamətində dövlət səviyyəsində ciddi fəaliyyət aparılır.

Ölkə başçısı İlham Əliyevin birbaşa nəzarəti və tapşırıqları altında aparılan struktur islahatlar qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstəyin artırılması ilə yerli istehsalatın genişləndirilməsinə hesablanıb. Azərbaycan öz ixrac potensialını artırmaqla ölkəyə xarici valyuta axınını təmin etməyi qarşısına hədəf qoyub.

Ona görə də, diqqət mərkəzində duran əsas məsələlərdən biri də sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarına güzəştlərin tətbiq olunması ilə onları fəaliyyətlərini genişləndirməyə stimullaşdırmaqdır. Bu mənada, Prezident İlham Əliyev yürüdülən iqtisadi siyasətlə yanaşı, sahibkarların qarşısında maneə rolunu oynayan bürokratik əngəllərin də qarşısının alınması istiqamətində müvafiq orqanlara təlimatlar verib, korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində fəaliyyətin daha da sürətləndirilməsi, qısa müddət ərzində konkret nəticələrin əldə olunmasını tələb edib.

Məlum olduğu kimi, bu məqsədlə yanvarın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib. Ölkə rəhbəri çıxışında qlobal iqtisadi böhran şəraitində yaranmış ölkədaxili problemlərin həlli ilə bağlı fikirlərini bildirib, işsizliyin aradan qaldırılması, sahibkarlığın inkişafı istiqamətində ciddi addımların atılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Konfransda maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak ediblər.

Prezident çıxışında yerli istehsalın artırılması, sahibkarlığa dəstək, məhsulların qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb, əhalinin sosial rifah halının yaxşılaşdırılması, ərzaq təminatının gücləndirilməsi, korrupsiya və rüşvətxorluğunun aradan qaldırılmasının dövlətin qarşısında duran prioritet məsəllər olduğunu diqqətə çatdırıb. Bu mənada, ölkə başçısı məmurları daha məsuliyyətli olmağa çağırıb, heç bir özbaşınalığın cəzasız qalmayacağını xatırladıb.

Dövlət rəhbəri çıxışında qeyd edib ki, istehlak qiymətlərinə nəzarət daim olmalıdır: “Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində “ASAN xidmət”də korrupsiyanın nə olduğunu görməyib.

Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq edilir. Hər hansı yüksək vəzifəli şəxs qanunu pozursa, öz vəzifə borclarını yerinə yetirə bilmirsə, mütləq cəzalandırılacaq.

Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir”.

Prezident bildirib ki, dövlət məmurları xalqla bir yerdə olmalıdır: “Hər bir dövlət məmuru, o cümlədən, Prezident xalqın xidmətçisidir: “Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərməkdir”.

Dövlət qurumlarının təchizatında yerli məhsullara üstünlük verilməli olduğunu deyən ölkə başçısı söyləyib ki, dövlət orqanları yerli istehsal məhsulları ilə təmin olunmalıdırlar: “Sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur. Neftin qiyməti belə vəziyyətə gətirib çıxarıb ki, biz artıq bu gün post-neft dövründə yaşayırıq.

İslahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək. Azərbaycan 2016-cı ildə və bundan sonrakı illərdə də uğurla inkişaf edəcək”.

Dövlət səviyyəsində sahibkarlığın inkişafı istiqamətində aparılan islahatların müqabilində Prezidentin qeyd etdiyi kimi, iş adamları da dövlətin apardığı sosial-iqtisadi siyasətə dəstək olmalı, məsələyə sosial məsuliyyət nöqteyi-nəzərindən yanaşmalıdırlar. Sahibkarlar süni qiymət artımına yol verməməli, ixtisarları dayandırmalı, bunun əvəzinə mənsub olduğu xalqın, dövlətin nümayəndələrinin vəziyyətinə həssaslıq və qayğı ilə yanaşmalı, imkan daxilində onların məşğulluq problemini həll etməyə çalışmalıdırlar.

İqtisadi böhranla mübarizədə Prezident səviyyəsində həyata keçirilən fəaliyyətə münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı ekspert Mircavid Həsənov bildirib ki, iş adamları dövlətin sosial siyasətinə yaxından dəstək olmalı, Prezidentin qeyd etdiyi kimi məsələyə sosial məsuliyyət nöqteyi-nəzərindən yanaşmalıdırlar.

M.Həsənov hesab edir ki, qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycan şəraitində ilk növbədə regionlarda aqrar təsərrüfatın və turizmin inkişaf etdirilməsi önəmlidir: “Çünki bu sahələrin inkişafı uzun vaxt tələb etmir. Dövlət tərəfindən iri miqyaslı layihələrə vəsaitlərin xərclənməsinə ehtiyac olmur. Dövlətin üzərinə düşən əsas öhdəlik regionlarda sahibkarları stimullaşdırmaq və bürokratik əngəlləri aradan qaldırmaqdan ibarətdir. Bu işdə məmurlar Prezidentə dəstək olmalı, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində üzərinə düşən işləri layiqli şəkidlə yerinə yetirməlidirlər. Əfsuslar olsun ki, ölkə rəhbərinin qeyd etdiyi kimi, bəzi məmurlar sahibkarların işlərinə mane olur, müxtəlif tələblərlə çıxış edirlər. Lakin Prezidentin məsələni birbaşa öz nəzarətinə götürməsindən sonra bu istiqamətdə mühüm addımlar atılıb, sahibkarlıq subyektlərinin üzləşdiyi süni əngəllər aradan götürülür, onların fəaliyyətinə dəstək məqsədilə güzəştlər tətbiq olunur”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, artıq post-neft dövrü olduğu üçün Azərbaycan neft sektorunu unudub qeyri-neft sektorunun inkişafı istiqamətində fəaliyyəti davam etdirməlidir: “Qeyri-neft sektoru sahibkarlığın ikişafını tələb edir. İş adamlarına güzəştlərin tətbiq olunması ilə yerli istehsalatın genişləndirilməsi vacib şərtdir. Bu məqsədlə, müşavirədə Prezidentin qeyd etdiyi kimi, bu istiqamətdə müvafiq orqanlar fəaliyyət aparmalı, yeni təkliflər hazırlamalıdır. Ölkədə sahibkarlığın inkişafı əsas prioritet istiqamət olmalıdır. Birmənalı şəkildə sahibkarlıq subyektlərinə müdaxilələr aradan qaldırılmalı, iş adamlarının yerli və xarici bazara çıxış imkanları daha da asanlaşdırılmalı, o cümlədən, bütün süni baryerlərin qarşısı alınmalıdır”.

Bundan əvvəlki müşavirələrdə də Prezidentin qeyri-neft sektorunun inkişafı, sahibkarlara dəstəyin artırılması ilə bağlı tapşırıqlar verdiyini deyən V.Bayramov qeyd edib ki, bununla yanaşı bütün sahələrdə inhisarçılığın qarşısının alınması ilə bağlı ölkə başçısının qarşıya qoyduğu tələblər var: “Biz təklif edirik ki, sahibkarlığın dəstəklənməsi ilə bağlı dövlət tərəfindən birbaşa və dolayı güzəştlər, həmçinin, təşviqedici kampaniyalar həyata keçirilsin. Nəzərə alsaq ki, hazırda sahibkarlığın inkişafı üçün bir çox ölkələrdə ixrac subsidiyalarından istifadə olunur. Biz də bu cür subsidiyaların tətbiqinin tərəfdarıyıq. Əgər sahibkar rüb ərzində yüz min dollardan artıq məhsul ixrac edibsə,  avtomatik olaraq, onun subsidiya almaq və faydalanmaq imkanı olmalıdır. Bu sahibkarları daha çox məhsul ixrac etmələrinə stimullaşdıracaq”.

İqtisadçı alim qeyd edib ki, regionların inkişafı ilə bağlı təşkil olunan müşavirədə Prezident Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 250 milyon dollar vəsait hesabına 2016-cı ildə sahibkarlara 1 milyon manatlıq güzəştli kreditlərin verilməsi ilə bağlı tapşırıq verib: “Bu mühüm qərardır. Biznes adamları bu kreditlərdən istifadə edərək güzəştli şərtlərlə məhsul istehsalını həyata keçirə biləcək. Bununla da az xərclərlə istehsal olunan məhsul yerli bazarda da daha ucuz qiymətə satılacaq”.

Mərkəz sədrinin sözlərinə görə, artıq sahibkarlar üçün müəyyən güzəştlər tətbiq olunub və növbəti mərhələlərdə bu istiqamətdə islahatların sayı daha da artacaq: “Sahibkarlar mənfəət və gəlir vergisindən 7 il müddətinə 50 faiz güzəşt əldə edəcəklər. Eyni zamanda, əmlak və torpaq vergisi ilə bağlı güzəştlər nəzərdə tutulub. Bununla yanaşı, iş adamları ölkəyə xaricdən avadanlıqlar gətirərkən, 7 il müddətinə əlavə dəyər vergisi ödəməyəcəklər”.

Sahibkarların sosial məsuliyyəti ilə bağlı danışan V.Bayramov əlavə edib ki, bu olduqca vacib məsələdir: “Prezident İlham Əliyev keçən illərdə keçirdiyi müşavirələrdə də bu məsələyə toxunub. Sahibkar yalnız mənfəət əldə etmək deyil, eyni zamanda sosial məsuliyyətləri haqda düşünməli, bu istiqamətdə fəaliyyət aparmalıdırlar. Çünki sahibkarın müştərisi onun vətəndaşıdır. Ona görə də, imkan daxilində yeni iş yerlərinin yaradılması, mövcud iş yerlərinin qorunub saxlanılması istiqamətində addımların atılması vacibdir. Bu mənada, sosial məsuliyyət sahibkarlar üçün prioritet məsələlərdən biri olmalıdır”.

Ceyhun ABASOV

 





30.01.2016    çap et  çap et