Milli Məclisin (MM) komitə sədrinin müavini Aydın Mirzəzadə parlamentin komitə sədrinin digər komitənin üzvü olmasına etiraz edib.
A.Mirzəzadə MM-in bu gün keçirilən iclasında bildirib ki, bir deputatın eyni zamanda iki komitənin üzvü olmasına heç bir etiraz etmir:
“Ancaq bir komitə sədrinin və ya sədr müavinin digər bir komitənin siravi üzvü olmasını düzgün hesab etmirəm”.
Spiker Oqtay Əsədov isə A.Mirzəzadənin fikrinə etiraz edib: “Komitə sədri oldu-olmadı, o, Milli Məclisin deputatıdır”.
Qeyd edək ki, bir komitədə təmsil olunan deputatlar digər komitələrdə də təmsil olunmaq üçün müraciət ediblər.
Bu gün keçirilən iclasda Məlahət İbrahimqızı və Tahir Kərimli MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olublar.
Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyev Səhiyyə komitəsinin tərkibinə daxil ediliblər.
Qeyd edək ki, MM-in bu yaxınlarda daxili nizamnaməsinə edilən dəyişikliyə əsasən bir deputat eyni zamanda iki komitənin üzvü ola bilər.
KAMİL
çap et