525.Az

Mən niyə yazıçı ola bilmədim... - Leyla Hüseynbəyli İstanbuldan yazır


 

Mən niyə yazıçı ola bilmədim... - <b style="color:red">Leyla Hüseynbəyli İstanbuldan yazır</b>

Yeddinci sinifdə oxuyurdum. Atama baxıb mən də nəsə uydururdum.

Bir dəfə ağlıma gələn bir hadisəni yazıb ona göstərdim. Dedim ki, hekayə yazmışam. O da güldü, mənə çəpəki baxdı. Dama-dama dəftəri ona uzatdım. Alıb oxudu. Məzmunu təxminən beləydi: Bir səhər işə gedirdim, möhkəm yağış yağırdı. Podyezin çıxacağında bir pişik balası gördüm. Yağışdan islanmışdı, soyuqdan titrəyirdi. Onu qucağıma alıb evə gətirdim. Fenləyib qurutdum. Soyuducudan süd çıxarıb qaba tökdüm, qabağına qoydum. O, südü elə acgözlüklə içirdi ki...

İşə gecikdim, müdirim məni danladı...

Sonrası yadımdan çıxıb. Atam gülə-gülə soruşdu: “Leyla, sən işə gedirsən?” Dedim ki, yox. “Bəs hara gedirsən?” “Məktəbə”. Onda yaz ki məktəbə gedirdim da. Sən yaşda uşaq məktəbə gedər, işə getməz ki. Yaz ki, məktəbə gedəndə bu hadisə baş verdi və dərsə gecikdiyimə görə müəllimə məni danladı.

Atam bunları deyəndən sonra dəftəri üstümə tulladı ki, get işinlə məşğul ol, dərslərini oxu. Bir evdə bir yazıçı var, bəsdi. Odu-budu yazmağın daşını atdım və üstündən illər keçəndən sonra, İstanbulda oxuyanda darıxdığımdan yazılar yazmağa başladım.

İndi də fikirləşdim ki, atamın məsləhətinə əməl edim və hekayəni tamamlayım. Deməli belə: Hekayənin əvvəli yadınızdadır. Pişiyi evə gətirdim. Dərsə gecikdim, müəllimə məni danladı.

Davamı: Dərsdən evə qayıdanda uşaqlara dedim ki, bizdə qəşəng bir pişik balası var. Onlar da sevinclərindən qışqırdılar. Otağa girəndə pişik balası miyoldaya-miyoldaya mənim üstümə gəldi. Elə bil anasıydım. Ona yenidən süd verdik. Uşaqlar ağ-qara zolaqlı pişiyi bir-bir qucaqlarına alıb oxşadılar. Sonra onun quyruğuna və boğazına bant bağladıq. Atamgil işdən qayıdana yaxın uşaqlar evə getdilər və səhərisi günü pişik əhvalatını bütün məktəbdə danışdılar. Məni danlayan müəllimə də bundan xəbər tutdu, başımı sığalladı və dedi ki, belə bir xeyirxah iş tutduğunu desəydin, səni danlamazdım. Amma evə qayıdanda onu çölə burax, anası harda olsa, onu tapacaq.

Boynuma alım ki, müəllimənin dediklərinə əməl eləmədim. Əziyyət çəkmişdim axı.

Amma yenə də atam mənim maraqlı hekayətimi yarımçıq qoydu və mən evdə olmayanda pişiyi açıb buraxdı...

Yenə də ata. Hekayən yarımçıqdır dedi və bu cümlələri artırdı: İşə bax ki, üstündən illər keçəndən sonra mən o mavrını gördüm. Özü olmasa da tam onun əksiydi, bəlkə həmən o mavrının törəmələrindən idi. Məni görən kimi yenidən miyoldaya-miyoldaya üstümə gəldi. İstədim qucağıma alam, amma anası böyürdən çıxıb mənə elə əyri-əyri baxdı ki, bu fikrimdən vaz keçdim.

Pişik balaları gözəl və məsum görünür, elə?

Yanvar 2016

 





01.02.2016    çap et  çap et