525.Az

Arzu Hüseynin şeirləri


 

Arzu Hüseynin <b style="color:red">şeirləri </b>

İntihar

Zaman oğurladı saflığımızı,
İndi nağıllar da gülməli mənə.
Günah səndə deyil, kişinin qızı,
Hamıdan, hər şeydən gülməli mənəm.
Cırıq çəkmələrim yollar yorğunu,
Cibimdə siqaret, sonuncu manat.
Gecələr başına çəkir yorğanı,
Məni səfillikdə üşüdən həyat.
Sənə nə verəcəm kədərdən başqa?
Qızılı saçların solar əlimdə.
Bir quru daxmam yox, baş girələyəm,
Sevgidən savayı nə var əlimdə?
Nə ata, nə ana gördüm, bilirsən,
Yetimin taleyi bəlli əzəldən.
Qırılan qırılıb, get, gedə bilsən,
Çətin çiliklərdən ürək düzəldəm.
Göylər ətəyindən qarmı tökəcək?
Ağaclar çoxdandır qovub payızı.
Görüş vaxtı deyil, otur evində,
Boylanma qapıdan, kişinin qızı .
Bəlkə layla deyir dalğalar mənə?
Ölümmü, yuxumu, bilmirəm nədir...
Özümü atıram ağ ləpələrə,
Sevgim də içimdə intihar edir...

lll

Mənə nə dost oldun, nə də yar oldun.
Payızla gəlmişdin, payızda getdin.
İndi qış evimi isitmir odun,
Qarışdın yağışa payıza getdin.
Getdin sükutuna bürüyub yolu,
Nə həsrət, nə güman yolunu kəsdi.
Səni sevəcəkdim, qurbanın olum,
Ya sən istəmədin ya vaxt tələsdi.
On altı yaşımda vurulduğumtək,
Bir dəli sevdaya vurulacaqdım.
O ilk öpüş kimi utancaq, kövrək,
Titrək dodağında yorulacaqdım.
Səni sevəcəkdim, sənsə tələsdin.
Bir ümid qırıldı, bir ah duyuldu.
Getdin, addımından ürəyim əsdi,
Yağdı qəm yağışı izin yuyuldu...
Səni sevəcəkdim, inan Allaha,
Bütün varlığımla, əzalarımla.
Vecimə deyildi batsam günaha,
Səni sevəcəkdim cəzalarımla.
Yordu kədər məni, yordu qəm məni.
De niyə səbrini əzizləmədin?
Bilirəm hələ də sevirsən məni,
Nə mən getmə dedim, nə sən gözlədin.
Bəzənib şəhərin küçəsi, yolu,
Bayram havasına bürünüb şəhər.
Bəzən bircə görüş ayrılıq olur,
Bəzən də ömürlük çəkir görüşlər.

lll

Bu nə ürəkdir vermisən,
Balaca cana, Allahım?
Dünyanın yükü çiynimdə,
Təpədən dırnağa aham.
Boğuluram qanımda mən,
Kafir də mən,qulun da mən.
Nə etdim ki yolunda mən?
İnsan adında günaham...

lll

Acı-acı yaşadıq, şirin-şirin günləri,
Qəbirlərə daşıdıq bağçalardan gülləri.
Vida üçün yellədik əzizlərə əlləri,
Xoş anımız olmadı!
Dərələrdən qurtulub, təpələrə qovuşduq.
Neçə qada yaşadıq,
neçə dərddən sovuşduq.
Yenə üsyana qalxdıq,
məğlub olduq, barışdıq.
Gümanımız olmadı!
Səcdə getdik min kərə
biz haqqın dərgahına,
Bir kərə acımadıq körpələrin ahına.
Dildə dedik, ürəkdən dünyalar Allahına,
İnamımız olmadı!
Məsum doğulduq axı,
böyüdük kimə döndük?
Nələr sifət dəyişdik, hamısı üzü dönük.
Neçə yazıq daşladıq, neçə fağıra güldük,
Vicdanımız olmadı!
Kor-koranə, imansız asan oldu yaşamaq,
Ömür sondur,
çiyində günahlar qalaq-qalaq.
Elə təzə istədik insanlığa ucalaq,
Zamanımız olmadı!...

lll 
 
Qanadı qırıq mələyim,
Qolun,qanadın mən olum.
Bu çətin həyat yolunda,
Yaşam inadın mən olum.
Haqqa gedən ömürdüsə,
Zaman ömrü sümürdüsə,
Qəlbin daşsa,dəmirdisə,
Əridən odun mən olum.
Nədir axı bu durğunluq?
Bu nə həvəs, nə vurğunluq?
Gözünə çöküb yorğunluq,
Dincliyin, dadın mən olum.
Çox olsun oduna yanan,
Təkcə mənə, mənə inan.
Mən olum qəlbini alan,
Sevdiyin qadın mən olum.
Gözündəki yad
Bu sevgini harda salıb itirdin?
Kimə verdin əllərinin istisin?
Gözlərində yenə kimi gətirdin?
Tanımadım gözlərini, əzizim.

Qış hələ də geyinməyib bəyazın,
Payız kimi qəlbi kövrək, gözü nəm.
Qollarında isindiyin o qızın,
Qorx ki bir gün öpüşündə görünəm.

Fikirlərim qatarlanır uzağa,
Son mənzili ayrılıqdır bilirəm.
Mən ki hələ dilbilməyən uşağam,
Çaşıb səni bağışlaya bilərəm.
Bu sevgini harda saldın görəsən?
Etibarım, Vəfadarım sənmisən?
Gözlərimə necə baxa bilirsən?
Gözlərində yad birisi gəlmisən...

lll

Çiynimdə bir yük doğuldum,
Daşıdım, niyə bilmədim.
Ölümümü bilə-bilə,
Yaşadım, niyə bilmədim.

Dözdüm fələyin nazına,
Razı oldum ən azına,
Bürünüb ömrün yazına,
Üşüdüm, niyə bilmədim...
Dözərəm
Günəşim, buluda de ki,
Mənimçün yağışlar nə ki,
Sonu bahar olsun təki,
Bütün qışlara dözərəm.

Dözərəm qara günə də,
Dözərəm fitnə, şərə də.
Tanrı yol açsa mənə də,
Qəlbi çaşlara dözərəm.

Dərs alıram günahımdan,
Xəbərim yox sabahımdan.
Güləcəmsə yanağımdan,
Axan yaşlara dözərəm.

Qəmdir çökən ürəyimə,
Dərdim tikan ürəyimə.
Sabah varsa kürəyimə,
Dəyən daşlara dözərəm.

Dostmu var Allahdan kənar?
Müqəddəs dərgahdan kənar?
Mələklər qorusa nə var,
Yaranmışlara dözərəm.

Dözümlüyəm zaman kimi,
Yoxdur umum, yoxdur kinim.
Əməlim düzdürsə mənim,
Çəp baxışlara dözərəm.

İşığım, zülmətə de ki,
Qaranlıq mənimçün nə ki?
Səbrim tükənməsin təki,
Çəksələr dara, dözərəm.

 





01.02.2016    çap et  çap et