Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.
525.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətn başçısını Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Rəsmi qarşılanma mərasimindən sonra İ. Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.
Görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təqdim olunub.
İ. Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvətə görə şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana minnətdarlığını bildirib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə edib.
Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Dövlət başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.