525.Az

SOCAR prezidenti tələbələrlə “Qalstuksuz görüş” keçirdi


 

SOCAR prezidenti tələbələrlə “Qalstuksuz görüş” keçirdi<b style="color:red"></b> SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev 2 fevral Gənclər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə qeyri-rəsmi və səmimi ortamda görüş keçirib.
 
Ali Məktəbdən 525.az-a verilən məlumata görə, “Qalstuksuz görüş” formatında keçirilən tədbirdə R.Abdullayev tələbələri maraqlandıran sualları cavablandırıb, görüş zamanı maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Tələbələr SOCAR-ın və BANM-ın fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR prezidentinin mövqeyi ilə tanış olublar.

R.Abdullayev BANM-in tikintisi yekunlaşmaqda olan yeni kampusu, SOCAR-ın xaricdə təhsil proqramı, SOCAR haqqında media orqanlarında yazılan müxtəlif məsələlər haqqında, o cümlədən keçən il dekabrın 4-də dənizdə təbii fəlakət zamanı “Neft Daşları”nda və “Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza zamanı həlak olan neftçilərlə bağlı, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılan qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra digər məsələlərə münasibətini bildirib.
 
SOCAR prezidenti keçdiyi həyat yolu, peşəsində atdığı ilk addımları, həyatında rast gəldiyi çətinliklər və karyerasında əldə etdiyi uğurlarından da söz açıb.
 
R.Abdullayev BANM-in “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti Xanım Cəfərovaya “Fəxri diplom” təqdim edib, həmçinin “Ən yaxşı sual” üzrə nominasiyada ilk sualı ünvanlayan BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan Pakizə Paşayevanın cəsarətinə görə qalib seçildiyini bildirib və ona da hədiyyə təqdim edib.

Cavid QƏDİR
 





02.02.2016    çap et  çap et