525.Az

BDU-nun gənc alimi “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb


 

BDU-nun gənc alimi “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb<b style="color:red"></b>

Prezident İlham Əliyev 2016-cı il “Gənclər üçün Prezident mükafat”larının verilməsi haqqında sərəncam imzalayıb.

Universitetdən 525.az-a verilən məlumata görə, elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən və mükafata layiq görülənlər arasında Bakı Dövlət Universitetinin kimya fakültəsinin ingilis bölməsinin müəllimi, gənc alim Elvin Yaşar oğlu Məlikov da var.

Yüksək mükafata layiq görülən gəncin sözlərinə görə gənclər siyasətinin uğurla həyata keçirilməsi sahəsində Bakı Dövlət Universitetində də mühüm tədbirlər həyata keçirilir:

"Bu mükafat universitet elminə, ümumiyyətlə Azərbaycan elminə və təhsilinə verilən mükafatdır və mən bundan sonrakı fəaliyyətimdə bu etimadı doğrultmaq üçün bütün səy və bacarığımla çalışacağam.

Qeyd edək ki, Elvin Məlikov 2009-cu ildə BDU-nun kimya fakültəsinin bakalavr, 2012-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-2010-cu illərdə hərbi xidmətdə olub.

2012-ci ildə BDU-da 2304.01 – Makromolekullar kimyası ixtisası üzrə doktorantura pilləsinə qəbul olub.

“Funksional polimerlər və karbon nanoboruları əsasında nanokompozitlərin alınması və tədqiqi” mövzusunda yerinə yetirdiyi dissertasiya işini tamamlayaraq ilkin müzakirədən keçirib.

Elmi tədqiqatla məşğul olduğu müddətdə dəfələrlə Macarıstanın Budapeşt və Szeged şəhərlərində, Avstriya, Çexiyada, Türkiyədə, Gürcüstanda, İtaliyada, Rusiyada, İspaniyada elmi ezamiyyətlərdə olub, nüfuzlu konfrans və simpoziumlarda iştirak edib, müvəffəqiyyət şəhadətnamələrinə layiq görülüb.

Xarici ölkələrdə və Azərbaycanda qazandığı təcrübələr sayəsində elmi tədqiqat və analitik qurğularda işləmə bacarığına malikdir.

Elvin Məlikov, eyni zamanda SABAH qruplarının müəllimi, BDU-nun Gənc Alimlər şurasının üzvüdür.

Elmi əsərləri Azərbaycan jurnalları ilə yanaşı, Elsevier nəşriyyatından olan Thomson Reuters-Web of Science bazasının SCI və SCI-E seriyalarına aid nüfuzlu elmi jurnallarda nəşr olunur.
 
O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ci Mobillik Qranının qalibi olub və qrant çərçivəsində Macarıstanın Szeged Universitetində təcrübəkeçmədə iştirak edib, BDU-nun 50+50 qrant layihəsinin qalibi olub.

Qeyd edək ki, 2014-cü ildə BDU-nun daha bir əməkdaşı, gənc alim Flora Hacıyeva da Prezident mükafatına layiq görülüb.

Cavid QƏDİR

 





02.02.2016    çap et  çap et