525.Az

"Baku Guide" bələdçi kataloqunun fevral sayı


 

"Baku Guide" bələdçi kataloqunun fevral sayı<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun fevral sayı işıq üzü görüb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, "Bakı haqqında hər şey" konseptində, Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrin yeni sayında, şəhərin teatr və konsert müəssisələrinin, kino mərkəzlərinin fevral ayı üçün repertuar və afişası ilə yanaşı, müxtəlif mövzularda maraqlı materiallar da yer alıb.

Məşhur cazmen, bəstəkar və virtuoz pianoçu Vaqif Mustafazadəyə həsr olunmuş “Unudulmaz melodiyaların doğulduğu ev” adlı yazıda sənətkarın həyat və yaradıcılığından, dünya və Azərbaycan caz musiqisinin inkişafına töhfələrindən bəhs olunur, musiqiçinin İçərişəhərdəki memorial muzeyi haqqında məlumat verilir.

“Odlar yurdunda qış istirahəti” məqaləsi qışın son ayını dağ-xizək qış turizm mərkəzlərində, bölgələrdə keçirməyə üstünlük verən əcnəbi qonaqlar və yerli sakinlər üçün maraqlı olacaq. “Azərbaycanda müalicə turizmi” yazısında isə istirahətlə yanaşı sağlamlığının da qeydinə qalmaq istəyənlərə respublikamızın bu sahədə geniş imkanlarından, mövcud və yeni yaradılan infrastruktur, göstərilən xidmətlərdən söz açılır.

“Yüksək sürət və böyük həyəcan” adlı material bütün dünyada turistlərin maraqla izlədiyi “Formula 1” yarışının bu il iyunun 17-19-da Bakıda keçiriləcək Avropa Qran pri mərhələsi haqqındadır.

Bələdçi kataloqun yeni sayında Amerikada milli mətbəximizi təbliğ edən soydaşımız Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabı da təqdim olunur. “Milli mətbəx” rubrikasında isə buğlamanın hazırlanma qaydası ilə tanış olmaq olar.

“Təqvim” rubrikasında oxuculara ingilis dilində 26 fevral - Xocalı soyqırımı günü haqqında məlumat verilir.

Kataloqda turistləri maraqlandıra biləcək suallar da ətraflı cavablandırılır. Nəşrdə həmçinin "Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə" bölmələri, turizm agentləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, çağrı mərkəzlərinin əlaqə telefonları və digər məsələlər əksini tapıb.

Aktiv, adrenalin dolu istirahətə üstünlük verənlər isə onları maraqlandıran əyləncə gecələri və konsertlər barədə məlumat əldə edə bilərlər.

Cavid QƏDİR

 





02.02.2016    çap et  çap et