525.Az

"Mənalı poliqrafçı ömrü" təqdim edilib


 

"Mənalı poliqrafçı ömrü" təqdim edilib<b style="color:red"></b>

Yanvarın 30-da "Xalq qəzeti"nin akt zalında tanınmış jurnalist, qəzetin əməkdaşı İsaq Əmənullayevin görkəmli poliqrafçı-alim, naşir, yazıçı Şəddat Cəfərovun anadan olmasının 75 illiyinə həsr etdiyi və 4 dilə tərcümə olunmuş "Mənalı poliqrafçı ömrü" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Əməkdar jurnalist, professor Aqşin Babayev 75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr etmiş böyük istedad sahibi, səmimi və qayğıkeş insan Şəddat Cəfərovun səmərəli fəaliyyətindən söhbət açıb.

Tədbirin aparıcısı, tanınmış jurnalist İttifaq Mirzəbəyli, Ş.Cəfərovun uzun illər "Azərbaycan Nəşriyyatı"nın baş direktor müavini və direktoru kimi məsul vəzifəni icra etməsindən və bu qurumdakı fəaliyyətindən danışıb.

Bildirilib ki, Ş.Cəfərov özünü ölkə ictimaiyyətinə və ölkəmizin hüdudlarından kənarda istedadlı poliqrafçı alim, ictimai xadim, səmimi və qayğıkeş dost, gözəl ziyalı kimi tanıdıb. Onun başlıca xüsusiyyəti yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi bədii yaradıcılıqla məşğul olmasıdır.

Tədbirdə kitabın müəllifi İsaq Əmənullayev, professor Əsədulla Cəfərov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov, Əməkdar jurnalist Məzahir Süleymanlı, kitabı ingilis dilinə tərcümə edən Namazəli Mustafayev, rus dilinə çevirən Zeydulla Cabbarov, "Söz" jurnalının baş redaktoru Sevda Əlibəyli və başqaları Ş.Cəfərovu peşəyə bağlılıq nümunəsi kimi xarakterizə ediblər. Onu sənətinin əsl bilicisi, akademiki adlandıraraq belə şəxslərin diqqətdə saxlanılmasının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bildirilib ki, Ş.Cəfərovun həyat və fəaliyyəti haqqında sənədli film çəkilib, kitablar yazılıb, qəzet və jurnallarda elmi məqalələr dərc edilib.

Tədbir çərçivəsində Ş. Cəfərovun "Kitab çapı" və "Ötən illərin əhvalatları" kitablarının da təqdimatı keçirilib.

Sonda Şəddat Cəfərov tədbirin təşkilatçılarına və iştirakçılarına, kitabın müəllifinə minnətdarlığını bildirib.

 





02.02.2016    çap et  çap et