525.Az

Fazil Məmmədov: "Yeni iş yerlərinin yaradılması ən mühüm vəzifələrdəndir"


 

Fazil Məmmədov: "Yeni iş yerlərinin yaradılması ən mühüm vəzifələrdəndir"<b style="color:red"></b>

Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyələrə uyğun olaraq, vergilər naziri Fazil Məmmədov fevralın 1-də Şəmkir şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Nazirliyin analitik-informasiya şöbəsindən "525"ə verilən xəbərə görə, Heydər Əliyev Mərkəzinin binasında keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, Prezident İlham Əliyevin ölkənin büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlər və atdığı qətiyyətli addımlar nəticəsində bütün dünyanı bürümüş qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılmasına nail olunduğunu vurğulayıb.

F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi situasiyadan zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iqtisadi şəraitdə iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.

Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov ölkə Prezidenti tərəfindən qarşıdakı dövr üçün müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafı prioritet olacaqdır. Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.

F.Məmmədov bildirib ki, yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atılır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə vergi qanunvericiliyinə ciddi dəyişikliklər edilərək onlara bir sıra vergi güzəştləri verilib, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarlıq subyektlərində yoxlamaların əksəriyyəti dayandırılıb, ölkəmizdə investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə ölkə başçısı tərəfindən yeni qanunvericilik sənədləri təsdiq edilib. O qeyd edib ki, sahibkarlar da bu dəstəkdən faydalanaraq, məhsul istehsalının artırılmasına nail olmalıdırlar.

F.Məmmədov yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb.

Ölkə başçısının dövlət büdcəsindən dotasiya alan rayonların sayının azaldılması ilə bağlı dediklərinə toxunan nazir Şəmkir rayonunun da bu istiqamətdə ciddi addımlar atmasını vacib hesab edib. O vurğulayıb ki, bu münbit torpağı, suvarma üçün suyu, zəhmətkeş insanları, bacarıqlı sahibkarları olan Şəmkir rayonu üçün kifayət qədər real bir vəzifədir və dövlət büdcəsindən rayona ayrılan vəsaitin məbləğini azaltmaq, gələcəkdə isə tamamilə dotasiyasız işləmək üçün təsirli tədbirlər görülməlidir.

 





02.02.2016    çap et  çap et