Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Xidmətin 2016-cı il üçün nəzərdə tutulmuş fəaliyyət planına uyğun olaraq, 29 yanvar 2016-cı il tarixdə Ağdaş Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib.
Dövlət Xidmətinin mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə müasir dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Ağdaş rayonundakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzən mərasim iştirakçıları ümummilli liderə öz dərin ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin şəxsi heyəti, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, "Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov açaraq, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. General-mayor N.Orucov bildirib ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğu prosesində uğurlu nəticələr əldə olunub.
Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxışında müasir dövrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu gün hər bir gənc daim mübarizəyə hazır olmalıdır, çünki ölkəmizin bir parçası mənfur düşmənlərimizin işğalı altındadır.
Şəhid qardaşı Xaləddin Şəvəddinov, Qarabağ müharibəsi veteranı İsmayıl Xudiyev çıxış edərək gənclərə Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi üçün hər an hazır olmağı tövsiyə ediblər.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Ağdaş rayonda yerləşən müxtəlif məktəblərin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
çap et