525.Az

Prezident həmsədrləri tənqid etdi


 

RƏSMİ BAKI HƏMSƏDRLƏRİN FƏALİYYƏTİNDƏN İMTİNA EDƏCƏKMİ?

Prezident həmsədrləri tənqid etdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 29-da prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.

İlham Əliyev çıxışında dövlət səviyyəsində aparılan gənclər siyasətinin əhəmiyyətini xüsusi vurğulayıb, ölkənin sağlam gələcəyinin təminatçısı olan gənc nəslin hərtərəfli inkişafına dövlət tərəfindən dəstəyin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb: "Gənclər post-neft dövründə daha fəal rol oynamalıdır.

Biz bu gün güclü dövlət qururuq. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Bu gün ölkəmiz üçün yeni dövr - post-neft dövrü başlayır. Neftdən asılılıq tamamilə aradan götürülməlidir".

Ölkə başçısı qeyd edib ki, iqtisadi sahədə ciddi islahatlar başlayıb və getdikcə daha da dərinləşəcək: "Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatları səviyyəsində olacaq. Növbəti 2-3 il ərzində yeni iqtisadi model artıq işləməyə başlayacaq".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində danışan Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir. Ölkə başçısının sözlərinə görə, münaqişənin həllində tərəflər arasında vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yalnız mənfi qiymət vermək olar: "Böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Avropa Şurasında son dinləmələrdə Minsk qrupunun həmsədrləri təzyiq edirdilər ki, bu məsələyə baxılmasın. Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə yalnız mənfi qiymət vermək olar".

Prezident bildirib ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir: "Qaçqınlar və məcburi köçkünlər Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar".

Avropada islamofobiyanın pik həddə çatdığını deyən İlham Əliyev qeyd edib ki, müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir: "Avropanın aparıcı ölkələrində keçirilmiş seçkilərin nəticələri göstərir ki, 10 il ərzində radikal islamofob partiyaların faizi nə qədər artıb".

Ölkə rəhbəri əlavə edib ki, beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur: "Ancaq kiçik ölkələrə qarşı belə addımlar atılır".

Dövlət başçısının qeyd etdiyi kimi, 20 ildən artıqdır münaqişənin tənzimlənməsində vasitəçilik missiyası həyata keçirən Minsk Qrupu bu illər ərzində yalnız yarıtmaz fəaliyyəti ilə diqqət mərkəzində olub. Həmsədrlər Azərbaycan torpaqlarının 20 faizini zəbt edən Ermənistanı işğala son qoymağa çağırmaq, bu istiqamətdə əməli fəaliyyət aparmaq əvəzinə təcavüzkarı müdafiə etməkdən də çəkinmir. Həmsədrlər son olaraq dövlətimizin Avropa Şurası Parlament Assambleyasında Ermənistana qarşı irəli sürdüyü qətnamə layihəsinin qəbuluna mane olmaqla özlərini tamamilə ifşa ediblər. Bu mənada, xüsusilə ölkə Prezidentinin məsələyə münasibət bildirməsi və Minsk Qrupunu yarıtmaz fəaliyyətinə görə tənqid etməsi dövlət səviyyəsində sözügedən quruma qarşı ciddi tədbirlər görülə biləcəyini istisna etmir.

Təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident diqqəti ordumuzun gücünə çəkib: Azərbaycanda son 20 il inkişaf, sabitlik dövrü olub. Bu dövr ərzində Azərbaycan dünya miqyasında, bir daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilib. Təsadüfi deyil ki, 155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına seçilməyimiz zamanı dəstəkləyib. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır. Mən bunu dəfələrlə bəyan etmişəm ki, bizim ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi beynəlxalq qurumlar da təsdiqləyir".

Ona görə də, belə bir sual ortaya çıxır: Gündəmdə olan bu məsələ, Azərbaycanın münaqişə ilə bağlı Minsk Qrupunun "vasitəçili"yindən imtina etməsi ilə nəticələnə bilərmi?

Siyasi şərhçi Arzu Nağıyev hesab edir ki,  Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməməlidir. Onun sözlərinə görə, lakin bu məsələ ciddi araşdırılmalıdır: "Bunun üçün ATƏT-in geniş tərkibli bir toplantısı keçirilməli və məhz bu suallara aydınlıq gətirilməlidir. Ümumiyyətlə, Qərb münaqişənin bu qədər uzanmasında və status-kvonun saxlanmasında maraqlı olmamalıdırlar. İlk öncə təhlükəsizlik baxımından bu həll edilməlidir. Çünki iqtisadi cəhətdən belə bir çətin vaxtda mühüm layihələrin həyata keçirilməsi üçün bu ən önəmli məsələdir. Eyni zamanda, ATƏT kimi bir qurumun nüfuz məsələsi ortadadır. Yəni, münaqişənin həllinə ciddi yanaşmamaq qurumun nüfuzuna ağır zərbə vurur".

Almaniyanın ATƏT-ə sədrlik etməyə başlamasını xatırladan ekspert bildirib ki, bu dövlət Avropada və dünyada özəl çəkiyə malikdir: "Lakin bu dövlətin də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tam şəkildə addımlar atacağı inandırıcı görünmür. Məhz buna görə də, Minsk Qrupunun taleyinə aydınlıq gətirmək məqsədilə geniş bir konfransın keçirilməsinə ehtiyac var".

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, vaxtilə ATƏT-in Minsk Qrupu yarananda bu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb. Onun sözlərinə görə, o vaxtlar ABŞ, Fransa və Rusiyanın həmsədrlik təsisatında təmsil olunması münaqişənin tezliklə həll olunacağına dair insanlarda ümid yaradıb: "Çünki bu dövlətlər güclü və nüfuzlu dövlətlər olması ilə bərabər BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-dür, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrin icrasını həyata keçirilməsində mühüm rol oynaya bilərlər. Lakin təəssüflər olsun ki, bu illər ərzində həmsədr dövlətlər münaqişəni sülh yolu ilə həll etmək əvəzinə status-kvonun qorunub saxlanılması istiqamətində fəaliyyət aparıblar. Zaman keçdikcə isə biz gördük ki, həmsədr dövlətlər işğalçını dəstəkləməkdən də çəkinmirlər. Hər üç dövlət Ermənistan və o cümlədən, separatçı rejimə də yardımlar edir".

ATƏT-in Ermənistanı işğalçı dövlət kimi tanımadığını deyən hərbi ekspert bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 fazini işğal etməsinə dair BMT, Avropa İttifaqı, İslah Əməkdaşlıq Təşkilatının qərarları var: "ATƏT isə fəaliyyətsiz quruma çevrilib. Haqlı olaraq ekspertlər həmsədrlərin regiona səfərini turist səfərlərinə bənzədirlər. Minsk Qrupunun üzvləri hər dəfə regiona səfər edəndə ümumi sözlərlə kifayətlənib, yeyib-içib öz ölkələrinə qayıdırlar".

E.Həsənli vurğulayıb ki, artıq Azərbaycan xalqının səbri tükənmək üzrədir: "Biz gözləyirik ki, Minsk Qrupu münaqişənin nizama salınmasında konkret işlər görüb konkret nəticə əldə etsin. Əks halda, Azərbaycan danışıqları dayandırıb, hərbi yola əl atacaq. Ordumuz torpaqlarımızı qısa müddət ərzində azad etmək iqtidarındadır. Xalqımız haqlı olaraq torpaqlarımızın azad olunmasını tələb edir, buna tam haqqımız var. Bəzi beynəlxalq təşkilatların isə bu məsələdə tutuduğu ikili standartların mövqeyi təəssüf hissi doğurur".

Hərbi ekspert hesab edir ki, sözügedən qurumların Ermənistanı müdafiə etməsinin əsas səbəblərindən biri xrisitan həmrəylidir: "Bu gün Avropada böyük islamafobiya dalğası hökm sürür. Qərb məsələlərə xristian təəssübkeşliyi prizmasından yanaşır, məsələlərə bu kontekstdə qiymət verir".

Emin Həsənli bildirib ki, ölkə başçısı haqlı olaraq ATƏT-in Minsk Qrupunun bu cür fəaliyyətini tənqid edib: "Biz Ermənistana kifayət qədər güzəşt etmişik. Azərbaycanın işğalçı ölkəyə ən böyük güzəşti danışıqlar masasına oturmaqdır. Biz hətta ATƏT-in yarıtmaz fəaliyyətinə də səbrlə yanaşırıq. Onların fəaliyyəti beynəlxalq hüquq və tarixi ədalətə əsaslanmır. Ona görə də, həmsədrlər münaqişənin həlli ilə bağlı konkret addımlar atmalı, Ermənistanı işğalı dayandırmağa çağırmalıdırlar. Əks halda, Azərbaycan danışıqları dayandırıb hərbi yolla məsələni həll edəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etmək çətin bir iş deyil: "Çətinlik bu qərardan sonra yaranacaq. Çünki imtina halında masadan qalxan tərəf olacağıq. Bizim qərarın əksinə olaraq isə İrəvan Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən razı qaldığını bəyan edəcək və beynəlxalq aləmdə özünü "sülhpərvər" kimi sırımağa çalışacaq və istədiyi nəticəni əldə edəcək. Onsuz da həmsədrlər illərdir işğalla bağlı status-kvonu qoruyurlar. Bu da Ermənistanın xeyrinədir".

Politoloq bildirib ki, həmsədrlərdən imtinamız sülh danışıqlarının nəticə vermədiyi və bizim güc yoluna hazırlaşdığımız mənasını verəcək: "Əgər Avrasiya bölgəsində indiki gərgin geosiyasi durumda, böyük enerji və tranzit layihələrini reallaşdırmağa çalışdığımız dövrdə müharibəyə hazırıqsa, onda Allah bizə qüvvət versin! Yox əgər hələ buna hazır deyiliksə, onda hələ uzun illər həmsədrlərə dözməliyik. Çünki həmsədrləri - ABŞ, Fransa və Rusiyanı danışıqlardan uzaqlaşdırmaq imkanımız xaricindədir".

İnsan Hüquqları 21-ci əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov isə qeyd edib ki, son baş verən hadisələr doğrudan da deməyə əsas verir ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun mandatını tanımamalı, bu qurumla əməkdaşlıqdan qətiyyətlə imtina etməlidir: "Hətta onlardan AŞ PA-nın "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsddən içməli sudan məhrum edilməsi" adlı qətnaməsindən irəli gələn tələb və öhdəliklərə sayqı duymaları və əməl etmələri tələb olunmalıdır".

Ceyhun ABASOV

 





03.02.2016    çap et  çap et