525.Az

Kəşfiyyatçının xatirələri (2-ci yazı)


 

Böyük əməliyyat qarşısında

Kəşfiyyatçının xatirələri <b style="color:red">(2-ci yazı)</b>

Tapşırığı yerinə yetirə bilməyən kəşfiyyatçının yeganə bəraəti ölümdür.
Kəşfiyyatın yazılmamış qanunlarından 

Dekabrın 26-da Seyfəlidən çıxıb cəbhənin Beyləqan bölgəsinə gələndə hamıda bir ruh yüksəkliyi hiss olunurdu. Əməliyyatın nə zaman başlayacağını heç kim bilməsə də, bizim işimiz onsuz da çox idi. Briqada komandiri həmin gün bizə Kürdmahmudlu istiqamətindən cəbhə xəttini keçmək üçün “yaşıl cığır” təşkil etmək məqsədilə oradakı hərbi birliklərin kəşfiyyat rəislərini tapıb onlarla birlikdə bu işi həll etməyi tapşırdı. Amma bu sahədəki bir sutkalıq çabamız nəticəsiz qaldıqda mən komandirdən daha iki gün möhlət istədim və keçidin seçilməsində tam sərbəstlik verilməsini xahiş etdim. Razılıq alan kimi dəstəmlə birilkdə hələ noyabrın əvvəllərində bu məqsədlə istifadə etdiyim əraziyə – Araz çayının kənarındakı müdafiə zolağına gəldim. Burada sərhəd dəstəsinin yığma komandası dayanırdı. Onların komandiri Atəş Həsənovla biz uşaqlıqdan tanış idik. O hələ Əfqanıstanda sərhəd qoşunlarının özəl timlərindən birinin komandiri kimi ad çıxarmışdı. 1992-ci ildə bizimlə Məlikcandan Muğanlıya qədər çətin döyüşlərdə birlikdə iştirak etmişdi.

Keçən bu iki ay müddətində düşmənin və bizim müdafiə sistemləri dəyişmiş, gücləndirilmiş və inkişaf etdirilmişdi. Məsələ burasındadır ki, cəngəlliyə çevrilmiş bu sərhəd zolağı vəhşi donuzların nisbətən çox olduğu bir ərazi idi. Həm düşmənin, həm də bizim istifadə etdiyimiz OZM və PMN tipli minalar bu heyvanlar tərəfindən partladılaraq zərərsiz hala gətirilir və ərazi sonunda təmizlənmiş olurdu. Sərhədçilər bu problemi öz xeyirlərinə həll etmək üçün Bakıdan dəvət etdikləri mütəxəssislərin köməkliyilə radio dalğalarıyla idarə olunan mina sahəsi qurub onun təhlükə zamanı işə salınması üçün gizli idarə məntəqəsi təşkil etmişdilər. Müşahidə və axtarış tədbirlərini həyata keçirməklə düşmənin bu sistemi qura bilmədiklərini qətiləşdirdik.

Sərhədçilərin gizli müşahidə məntəqəsində öz rabitəçilərimi yerləşdirib təhlükəsiz geri qaytarmanı təmin etdik və gecə neytral zolağı keçib Quruçayın Araza tökülən hissəsində cəbhə xəttini keçdik. Düşmənin müdafiə və gizli postlarının yaxınlığından sürünüb keçməklə onların arxasına sıza bildik. 3-4 km irəlilədikdən sonra sağa çıxıb Hacılı dəmir yolu stansiyası yaxınlığında Araz Yağlıvənd kəndinin arxasına gəldik. Burada bir qrupu Yağlıvənd kəndinin içərilərini, özəlliklə idarə və uşaq bağçası binalarını detallı öyrənilməsi məqsədilə təlimatlandırıb ora yola saldım. Bu qrupa bu kənddə doğulub böyümüş çavuş Elman Səfixanov başçılıq edirdi. Özüm digər qrupla hərəkət edib Bakı-Laçın avtomobil yoluna çıxıb oradan düşmənin Ocaq daşı deyilən yerdəki əsas möhkəmləndirilmiş dayaq məntəqəsni öyrənməyə başladıq.

Planlaşdırdığımız vaxtda geri qayıdıb digər qrupla Hacılı stansiyası yaxınlığında toplaşdıq. İşıqlanmamış cəbhə xəttini keçib geri qayıda bildik və mən həmin gün komandirə kəşf olunmuş “yaşıl cığır” barədə məlumat verib onun yeri, xarakteri və özəlliklərinə dair bir çox sualları cavablandırmalı oldum. Əlavə olaraq “Ocaq daşı” məntəqəsi və Yağlıvənd kəndindəki tabur qərargahının dəqiq yeri haqda da bilgiləri çatdırdım.

Həmin gün bizim bir kəşfiyyatçı kimi istifadə etdiyimiz bu koridorun gələcək əməliyyatda oynayacağı rolu ağlıma gətirməsəm də, bunu qəti olaraq bilirdim ki, “yaşıl cığır” dediyimiz belə etibarlı keçidlərin kəşfi və ondan məqsədyönlü şəkildə istifadə hər zaman nəsib olmayan bir uğurdur.

Yeri gəlmişkən, onu da deyim ki, düşmən arxasında hərəkatın məqsəd və vəzifələrindən asılı olmayaraq cəbhə xəttini keçmək bacarığı müdafiə dövründə ən çətin proses hesab olunur. Çünki düşmən həm mühəndis-istehkam qurğuları, həm də gizli pusqular və patrul xidmətiylə müdafiə zolağında ağlagəlməz əngəllər yaradır. Bu səbəbdən cəbhə xəttini keçmək və geri qayıtmaq kəşfiyyatçıdan çoxlu bilik və bacarıq tələb edir.

Bu “cığır”dan gələcəkdə istifadə etmək üçün onun etibarlılığını saxlamaq bizim indi əsas vəzifəmiz idi. Düşmənin bizim onun ərazisindəki marağımızı, hərəkətimizi və ən əsası keçid yerini bilməməsi, burada bizə sürprizlər hazırlamaması üçün bütün cəhdlərimiz kəşfiyyatın əsas tələblərindən biri olan gizlilik tələbinə cavab verməliydi.

Amma bizim kəşfimizin bir nöqsanı var idi ki, bu ilk baxışdan əhəmiyyətsiz görünsə də, “uzaq səfər” sızmları zamanı yersiz problemlər yarada bilərdi. Quruçayın Araza tökülən hissəsi sulu və dərin olduğundan səfərin başlanğıcında buradan tamamilə islanaraq yola çıxmaq qış fəslində arzuolunmaz nəticələrə səbəb olardı. Onsuz da kəşfiyyatçının əməliyyat zamanı qarşılaşdığı təkcə düşmənin yaratdığı çətinliklər olmurdu. Bura həm də havanın və ərazinin yaratdığı çətinliklər də əlavə olunurdu. Burada isə bütün bu zorluqlar bir nöqtədə, özü də birbaşa cəbhə xəttində qarşımıza çıxmışdı.

Problemi həll etmək üçün çox düşünmədən topçularla məsləhətləşib həmin nöqtənin sağ hissəsini bombardman etməklə eyni vaxtda sahildəki ən böyük ağacı sakitcə kəsib yaranmış qarışıqlıqda birbaşa çayın üstünə yıxa bildik.

Həmin gün isə artıq dekabrın 29-u idi, əməliyyata 6 gün qalırdı.

 





28.01.2013    çap et  çap et