525.Az

Azay Quliyev: "Minsk qrupuna etimad məsələsini ortaya qoymalıyıq"


 

Millət vəkili, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzmü Azay Quliyevin "525"ə müsahibəsi

Azay Quliyev: "Minsk qrupuna etimad məsələsini ortaya qoymalıyıq"<b style="color:red"></b>

- Azay müəllim, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev gənclərlə görüşündə beynəlxalq təşkilatların ünvanına çox sərt tənqidi fikirlərini səsləndirdi, eyni zamanda, Azərbaycanın bu təzyiqlər qarşısında qətiyyətlə duruş gətirdiyini və gətirəcəyini ifadə etdi. Siz həmin tənqidi fikirlər və Azərbaycanın tutduğu mövqe ilə bağlı nə demək istərdiniz?

- Ölkə Prezidenti gənclərlə görüşdə beynəlxalq təşkilatlar, ölkəmizə qarşı ikili standartlarla bağlı mövqeyini bir daha çox açıq və prinsipial şəkildə ifadə etdi. Eyni zamanda, mən deyərdim ilk dəfə idi ki,  ATƏT-in Minsk qrupu haqqında bu qədər tənqidi və bədbin notlarla çıxış etdi. Əslində, cənab Prezidentin bununla bağlı bir fikir söyləməyə kifayət qədər əsası vardı. Ona görə ki, Minsk qrupu heç bir halda öz missiyasını yerinə yetirmir. Minsk qrupunun həmsədrləri, təəssüflər olsun ki, AŞ PA-da da bir daha onu göstərdi ki, birtərəfli qaydada, qeyd-şərtsiz olaraq Ermənistanın yanındadı, Ermənistanı müdafiə edir, Ermənistana qarşı olan hər hansı bir təzyiqin, hər hansı bir qətnamənin qarşısını almaqla məşğuldur və ən əsası bu gün Minsk qrupu açıq şəkildə Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana təcavüzü məsələsinin həlli ilə bağlı məşğul olmur, əksinə, həmin problemin həllini tam şəkildə monopoliyaya alıb. Ona görə cənab Prezident haqlı olaraq Minsk qrupuna öz etirazını bildirdi və qeyd etdi ki, ümumiyyətlə, Minsk konfransı çağırılsın, buna qiymət verilsin. Görək 20 ildən çoxdur ki, bu Minsk konfransı niyə çağırılmır, Minsk qrupu nə üçün yaradılıb, bunlar nəylə məşğuldur? Bu baxımdan hesab edirəm ki, bu, bütün beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndə heyətlərimizə bir tapşırıqdır, bir mesajdır. Biz bunu belə qəbul edirik və  Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi deyə bilərəm ki, biz də cənab Prezidentin bu tövsiyələrini nəzərə alaraq, birmənalı şəkildə beynəlxalq qurumlarda, o cümlədən,  ATƏT Parlament Assambleyasında bu məsələni qaldıracağıq.

Bilirsiniz ki, bir neçə həftədən sonra Vyanada ATƏT PA-nın qış sessiyası olacaq və qış sessiyasında bir çox məsələləri, o cümlədən, bu məsələni ayrıca qeyd edəcəyik. Ümumiyyətlə, biz Minsk qrupuna etimad məsələsini  qoymalıyıq. Minsk qrupu görək, doğrudanmı, bu vasitəçiliklə nəsə bir problem həll etmək istəyir, yoxsa, əksinə problemin dondurulmasına və bütövlükdə Ermənistanın maraqlarının müdafiəsinə xidmət edir? Biz bu gün faktiki olaraq  görürük ki, Minsk qrupu, həmsədrlər Ermənistanın tam şəkildə lobbiçilik fəaliyyətini həyata keçirir. Ona görə də biz birmənalı şəkildə Minsk qrupuna etimad məsələsini ortaya qoymalıyıq...

- Bəs Azərbaycana yönələn və ardı kəsilməyən təzyiqləri necə qiymətləndirirsiniz? Bu təzyiqlərin bir sonu olacaqmı?

- Azərbaycan hər zaman bu təzyiqləri hiss edib. Ona görə ki, Azərbaycanın bu gün həyata keçirdiyi işlər, ümumiyyətlə, tutduğu siyasi kurs və bölgədə apardığı fəaliyyət, həyata keçirdiyi rol anti-Azərbaycan dairələri razı salmır, onları qıcıqlandırır.  Yəni, edilən  təzyiqlər təsadüfi deyil. Bu təzyiqləri biz həmişə üç qrupa bölmüşük. Birincisi, Azərbaycanı geosiyasi maraqlar baxımından təzyiq altında saxlamaq üçün edilən  təzyiqlərdir. İkincisi, birmənalı şəkildə erməni lobbisinin, erməni diasporunun həyata keçirdiyi fəaliyyətdir. Çünki onlar bu gün hər bir halda Azərbaycanı beynəlxalq təşkilatlarda gözdən salmaq, beynəlxalq imicini zədələmək üçün əllərindən gələni edirlər. Üçüncüsü isə bir sıra şəxsi maraqlarını ifadə etmək, özlərinin şəxsi istəklərini həyata keçirmək üçün müəyyən üsullardan istifadə edən bəlli dairələrin fəaliyyətidir. Ona görə  bu dairələrin bundan sonrakı dövrdə də  "fəaliyyətləri"nin səngiyəcəyini düşünmürük və bu olacaqsa, yenə Azərbaycan əvvəlki kimi öz prinsipial mövqeyini müdafiə edəcək. Heç kimin buna şübhəsi olmasın.

- Məlum olduğu kimi, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri də əksəriyyət etibarı ilə yenilənib, daha təcrübəli millət vəkilləri gənc, yeni seçilən deputatlarla əvəzlənib. Bu dəyişikliyi necə qiymətləndirirsiniz?

- Mən də  ATƏT PA-dakı tərkiblə  yeni tanış olmuşam. Amma o tərkibin fəaliyyətinə indidən qiymət vermək çox tezdir. Biz yaşayıb görəcəyik və müəyyən müddət keçəndən sonra onların fəaliyyətinin nə qədər effektli olduğunun  şahidi olacağıq. Mən ümid edirəm ki, onlara göstərilən etimadı həmkarlarım  tam doğruldacaqlar. Buna heç bir şübhəm yoxdur.

Kamil HƏMZƏOĞLU

 





04.02.2016    çap et  çap et