525.Az

"İqtisadiyyatımızı qorumaq üçün islahatların dərinləşməsinə çalışmalıyıq"


 

MİLLİ MƏCLİSİN (MM) İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN SƏDRİ ZİYAD SƏMƏDZADƏ: "İLK NÖVBƏDƏ QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI STİMULLAŞDIRILMALIDIR"

"İqtisadiyyatımızı qorumaq üçün islahatların dərinləşməsinə çalışmalıyıq"<b style="color:red"></b>

- Ziyad müəllim, dövlət başçısı keçirdiyi son müşavirə və regionlarla bağlı konfransda bir daha iqtisadi islahatların sürətləndirilməsi anonsunu verdi. Sizcə, bu istiqamətdə prioritet olaraq hansı məsələlərdən başlamaq olar?

- Dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi tapşırıqlar, mesajlar olduqca vacib və əhəmiyyətlidir. Hər kəs də bundan ciddi nəticələr çıxarmalı və əməli fəaliyyət ortaya qoymalıdır. Bütövlükdə dünya iqtisadiyyatında baş verən proseslər, xüsusilə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın milli maraqlarının qorunması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması baxımından islahatların daha da sürətləndirilməsinə ehtiyac yaradır. İlk növbədə də qeyri-neft sektorunun inkişafına xidmət edən sahələrin inkişafının stimullaşdırılması məsələsi öndə gəlir.
 
Dövlət başçısı da dəfələrlə bunu vurğulayıb, qeyri-neft sektorunun inkişafını prioritet məsələ kimi önə cəkib.

Heç təsadüfi deyil ki, biz bir müddət bundan qabaq dövlət başçısının özünün təşəbbüsü ilə sahibkarlara qarşı yoxlamaların iki illiyinə dayandırılması ilə bağlı çox mühüm qanun qəbul etdik. İndi "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi müzakirə olunur. Söhbət də ondan gedir ki, müdaxilələr azalsın, insanlar bu və ya digər işi qurarkən əziyyət çəkməsinlər. Bundan başqa, bank kreditlərinin real sektora verilməsi istiqamətində işlər hələ kifayət qədər səviyyədə deyil. Yəni, necə edək ki, sahibkar, özəl sektor üzünü tutsun regionlara,  iş yerləri açılsın və istehsal inkişaf etdirilsin. Milli iqtisadiyyatımızın qorunması üçün biz mütləq iqtisadi islahatların dərinləşməsinə çalışmalıyıq və mən heç də tərəfdarı deyiləm ki, islahatlar pərdəsi altında hansısa iş yerləri ixtisar edilsin...

- Ancaq təəssüf ki, islahatlar adı altında bəzi yerlərdə haqsız ixtisarlar da olur.

- Bunlar böyük təəssüf doğurur və bunların qarşısı alınmalıdır. Eyni zamanda, iş yerlərinin ixtisarı da təbii bir prosesdir. Ancaq ona müvafiq, onun əvəzinə yeni iş yerləri də yaradılmalıdır. Yeni iş yerləri də elə yaradılmalıdır ki, layihələrimiz sanballı olsun, layihələrimiz əmək tutumlu olsun, layihələrimiz ixracyönümlü olsun.

Bunların hamısı böyük iqtisadi məsələlərdir və bu iqtisadi məsələləri də həll etmək üçün qiymət mexanizmində də, bank siyasətində də, kredit siyasətində də,  büdcə siyasətində də islahatlar, yeniləşmə aparılmalıdır. Biz necə etməliyik ki, sahibkar öz məhsulunu sərbəst şəkildə dünya bazarına çıxarsın. Və dünya bazarına çıxararkən, o, zərərlə üzləşməsin. Biz bu yöndə, yəni, investisiyaların tətbiq, təşviq edilməsi məsələsi ilə əlaqədar qanunda müvafiq dəyişiklik etdik.  Bu gün həmçinin, texnoparklar, xüsusi iqtisadi zonalar yaradılır. Həmin yerlərdə də biz sahibkarları vergilərdən 7 il müddətinə azad edirik. Yəni, burada çoxlu məsələlər var.

Əsas məsələ ondan ibarətdir ki, dövlət başçısı çıxışında da birmənalı şəkildə məntiqi ardıcıllıqla "biz hansı işləri görməliyik", bu barədə fikirlərini açıqladı. Elə götürək kənd təsərrüfatı istehsalını. Burada nə qədər məsələlər var. Torpaq kəndlilərə verilib, özü də pulsuz verilib. Amma bəzi yerlərdə səmərəli istifadə olunmur. Niyə səmərəli istifadə olunmur? Deməli, biz Torpaq Məcəlləsində də, İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər etməliydik və etməliyik. Nə üçün, məsələn, istehsal olunan məhsul bəzi hallarda bazara vaxtında çıxarılmır? Maneələr var, bu maneələri aradan qaldırmaq üçün nə edək? Biz rayonların fəaliyyətinə qiymət verərkən, cənab Prezident də dedi, yeni iş yerlərinin yaradılması, oraya cəlb edilmiş investisiyaların miqdarı kimi göstəriciləri də ön plana çəkməliyik. Bu barədə də saatlarla danışmaq olar, amma mənim fikrim ondan ibarətdir ki,  dünya iqtisadiyyatının qlobal, ciddi sarsıntılarla üzləşdiyi bir şəraitdə bu kimi dəyişikliklər Azərbaycan iqtisadiyyatının inkişafını yeni mərhələyə çıxaracaq.

Kamil HƏMZƏOĞLU

 





05.02.2016    çap et  çap et