525.Az

Təhsil Nazirliyinin Qəbul Portalı istifadəyə verildi


 

Təhsil Nazirliyinin Qəbul Portalı istifadəyə verildi<b style="color:red"></b>

Dünən Təhsil Nazirliyinin Qəbul Portalının təqdimat mərasimi keçirilib.
 

Mətbuat konfransında informasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov Qəbul Portalının yaradılması ilə bağlı məlumat verib.
 
O bildirib ki, portalın yaradılmasında məqsəd Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsidir.

Bu portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir. Portala daxil olan müraciətlərin statistikası aparılaraq təhlil edilir və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.
 
Eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb.

İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Qəbul Portalının yaradılması Prezident İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında" fərmanından və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyinin və tabe qurumların aidiyyəti əməkdaşları üçün təlimlər keçirilib.

Vəfa MƏMMƏDLİ

 





05.02.2016    çap et  çap et