525.Az

Təhsil Sektorunun İnkişafı Layihəsi– irəliyə doğru önəmli addım


 

Təhsil Sektorunun İnkişafı Layihəsi– <b style="color:red">irəliyə doğru önəmli addım</b>

2003-cü ilin 18 dekabrında rəsmi olaraq qüvvəyə minən Təhsil Sektorunun İnkişafı Layihəsinin icrasına  2004-cü ilin yanvarından başlanıb. Təhsil Sektorunun İnkişaf Layihəsi Təhsil Nazirliyinin əmrinə əsasən, layihənin milli əlaqələndiricisi və alt-komponentlər üzrə koordinatlar  müəyyənləşdirilib, hər bir alt-komponentə aid geniş icra planı hazırlanıb Dünya Bankı ilə razılaşdırılıb. Layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin bir hissəsinin pilot rayonlarında həyata keçirilməsi planlaşdırıldığından Azərbaycan hökuməti və müvafiq nazirliklərlə razılaşmaya görə İsmayıllı, Ucar və indiki Şirvan pilot rayonları kimi təsdiq olunub.

Təhsil naziri Misir Mərdanovun dediyinə görə, sözügedən pilot rayonlarda bir sira işlər yerinə yetirilib. Məktəb şəbəkəsinin rasionallaşdırılması və getdikcə təkmilləşdirilməsi, pedaqoji kadrların məktəblərdə səmərəli yerləşdirilməsi, məktəblərin təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi, Məktəb Qrantı Proqramı vasitəsilə ümumi təhsildə bərabər imkanların yaradılması, məktəblərdə innovasiyaların tətbiqi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi, pilot məktəbləri arasında layihə müsabiqələrinin təşkili.  Ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi və büdcəsinin formalaşdırılması üzrə eksperimental qaydada islahatyönümlü tədbirlərin (maliyyə müstəqilliyi, adambaşına maliyyələşdirmə, büdcə təsnifatı və s.) yerinə yetirilməsi. Təhsil Sektorunun İnkişafı Layihəsinin komponent və alt-komponentlərlə müşayiət edilməsi heç də təsadüfi xarakter daşımayıb. Bunlar hələ layihə formalaşmamışdan əvvəl 2002-2003-cü illərdə ölkənin ümumi təhsil sistemində aparılan araşdırmaların, eləcə də xarici ölkə ekspertlərinin tədqiqatlarının nəticələrinə əsasən reallıq nəzərə alınmaqla müəyyən edilib. Həmin nəticələri ümumiləşdirilmiş şəkildə aşağıdakı kimi qruplaşdırmaq olar:  – mövcud təhsil sistemi iqtisadi və sosial mühitin tələblərinə cavab verən bilik və bacarıqlara malik məzunlar hazırlamır, hazırki tədris proqramları köhnəlmiş və həddən artıq yüklənmişdir, bunlara daxil olan məlumatların böyük hissəsi bazar iqtisadiyyatı və demokratik cəmiyyətin tələblərinə uyğun deyildir, mövcud proqramlar sistemi inkişaf üçün bilik və bacarıqların sadədən mürəkkəbə doğru mütərəqqi irəliləyişini və fənlərin inteqrasiyasını təmin etmir. Fənlər çərçivəsində verilən bilik və bacarıqlar, əsasən, sərt prosedurlara, fakt və məlumatların əzbərlənməsinə yönəlmişdir, şagirdlərdə düşünmə, nəticə çıxarma, müstəqil fikir yürütmə, əsaslandırma bacarıqlarını formalaşdırmaqdan çox uzaqdır, dərslik və oxu materiallarından istifadə imkanları aşağı səviyyədədir,  əsas təlim və tədris materialları çatışmır, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqları zəifdir, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üzrə innovativ mexanizmlər kifayət qədər deyildir. İxtisasartırma prosesi hələ də mexaniki xarakter daşıyır, tələbdən çox təklif üzərində qurulur, pedaqoji institutlarda səmərəli təlim və tədrisin təşkili üçün zəruri avadanlıq və materiallar çatışmır, təhsil sektorunda vəsait bölgüsünün düzgün aparılmaması təlim nəticələrinə mənfi təsir göstərir, kommunal xərclərə ayrılan vəsait zəruri tələbləri ödəmir, təhsil sektorunda pedaqoji kadrların tələb edildiyindən artıq olması əməkhaqqı xərclərinin səviyyəsini xeyli yüksəldir, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə səmərəli sistem olmadığından onların ümumi təhsil üzrə təlim nəticələrinə dair etibarlı məlumat mənbəyi mövcud deyildir və hazırki qiymətləndirmə sistemi şagirdlərin  bacarıqlarına  deyil,  onların hafizə imkanlarına yönəlmişdir. Təhsil sistemində strateji təhlillər və məqsədyönlü planlaşdırma zəif aparılır, təhsilin idarəolunması üzrə məlumat sistemi qurumu yaradılmamışdır və sair: “Təhsil Sektorunun İnkişafı Layihəsi rəsmi olaraq 2003-cü ilin 18 dekabrında qüvvəyə minmişdir. 2004-cü ilin yanvarından isə layihənin icrasına başlanmışdır. Layihənin başlanğıc mərhələsi Təhsil Nazirliyinin strukturunda edilən mühüm dəyişikliklərlə əlamətdar olub. Belə ki, ümumi təhsil sistemində aparılmış tədqiqatların nəticələri nəzərə alınaraq nazirlikdə 3 yeni şöbə – Şagird nailiyyətlərinin qiymətləndirilməsi, Strateji təhlil və planlaşdırma, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbələri, Təhsil Problemləri İnstitutunun nəzdində Kurikulum Mərkəzi yaradılıb. “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” komponentinin əhatə etdiyi alt-komponentlər (“Kurikulum islahatı”, “Müəllim hazırlığı”, “Dərsliklər və oxu materialları”) bilavasitə ümumi təhsilin məzmununun yeniləşməsinə və müasir dünya təcrübəsi əsasında təkmilləşdirilməsinə, keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə, mövcud müəllim hazırlığı sisteminin forma və məzmun etibarı ilə yenidən qurulmasına, müasir tələblərə cavab verən dərslik və dərs vəsaitlərinin hazırlanmasına yönəldilib. Həmin komponentin birinci alt-komponenti olan “Kurikulum islahatı”nın istiqamətləri müəyyənləşdirilərkən bu sahədə həm ümumi dövlət tələbini ifadə edən konseptual sənədin, yəni Milli Kurikulumun, həm də ümumtəhsil məktəblərində tədris olunan hər bir fənn üzrə ayrıca kurikulum sənədlərinin hazırlanması qərara alınıb. Məntiq bundan ibarət idi ki, dövlət tələbi olmadan fənlərin məzmununu, qiymətləndirmə mexanizmlərini, təlim strategiyalarını təyin etmək mümkün deyildir. Milli Kurikulum sənədi hazırlanarkən bu işin yerinə yetirilməsinə kömək məqsədilə beynəlxalq məsləhətçi şirkəti seçilməli idi. Bununla əlaqədar mövcud qaydalar daxilində müsabiqə-tender keçirildi və Hollandiyanın təhsil sahəsində nüfuzlu təşkilatı olan “CİTO” qrupu qalib oldu. Milli Kurikulum sənədinin hazırlanmasında tanınmış alim-pedaqoqlar, təhsil mütəxəssisləri, metodistlər, məktəb rəhbərləri, müəllimlər yaxından iştirak etmişlər. Bu sənəd formalaşdırılarkən xeyli sorğular keçirilmiş, hazırkı dövrdə ictimaiyyətin təhsil ehtiyacları, dünya təcrübəsi nəzərə alınıb. Gərgin əmək sayəsində ərsəyə gətirilmiş bu sənəd Azərbaycan hökumətinə təqdim olundu və ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, fənn kurikulumlarının strukturunu, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri əhatə edən “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq olundu. Beləliklə də, ümumi təhsil sistemində “hafizə”, “yaddaş” məktəbindən “təfəkkür”, “düşüncə” məktəbinə keçidin real əsası qoyuldu. Sonrakı mərhələdə həmin konseptual sənədin müddəaları əsas tutulmaqla fənn kurukulumlarının hazırlanmasına başlanmışdır. Bu məqsədlə Təhsil Nazirliyinin 8 fevral 2006-cı il tarixli, 87 nömrəli əmri ilə fənn kurikulumlarını hazırlayan 389 nəfərdən ibarət 23 işçi qrupu yaradılmış, onların tərkibinə nüfuzlu alim və metodistlər, orta məktəb müəllimləri daxil edilib. İşçi qruplarına AMEA-nın həqiqi üzvləri Telman Əliyev (informatika), Urxan Ələkbərov (biologiya), Bəkir Nəbiyev (ədəbiyyat), Vasim Məmmədəliyev (ərəb dili), Akif Hacıyev (riyaziyyat), AMEA-nın müxbir üzvləri Nizami Cəfərov (ana dili), Vaqif Abbasov (kimya), Yaqub Mahmudov (tarix), elmlər doktorları, professorlar Mirzəli Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat), Müseyib Müseyibov (coğrafiya), Ağacan Abıyev (fiziki tərbiyə), Fəxrəddin Veysəlov (alman dili) və başqa görkəmli alimlər rəhbərlik edib. İşçi qruplarının, beynəlxalq və milli məsləhətçilərin, digər mütəxəssislərin səyi ilə hazırlanan fənn kurikulumlarının layihələri mətbuatda dərc olunmuş, yerlərdə çoxsaylı müzakirələr keçirilib. Bütün bunların nəticəsi olaraq yerlərdən alınmış rəy və təkliflər əsasında kurikulum layihələri təkmilləşdirilmiş və yekun variant hazırlanıb. Bundan sonra Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmri ilə respublikanın təlim Azərbaycan və digər dillərdə aparılan ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün yeni fənn kurikulumları və tədris planları təsdiq olunub. V-XI siniflər üçün yeni fənn kurikulumları da nəzərdə tutulduğu kimi, 2007-ci ildə hazırlanmış və hazırda onların təkmilləşdirilməsi prosesi icra planına uyğun olaraq davam edib.”Kurikulum islahatı” alt-komponenti çərçivəsində hazırlanmış sənədlərin mahiyyətinin izahı və tətbiqi sahəsində öyrədici xarakterli tədbirlərin həyata keçirilməsi zərurətini nəzərə alaraq Azərbaycan Müəllimlər İnstitutunun bazasında 2007-ci ilin yanvarından rayon (şəhər) təhsil şöbələri metodkabinetlərinin ana dili və riyaziyyat fənləri üzrə metodistləri üçün birhəftəlik xüsusi təlim kursu təşkil olunub. Eyni zamanda 2008-2009-cu tədris ilində I sinifdə dərs deyəcək müəllimlərin 399 (324 Azərbaycan, 75 rus bölməsi üzrə) nəfəri Təhsil Nazirliyinin 25 sentyabr 2007-ci il tarixli, 1011 nömrəli əmri ilə Azərbaycan Müəllimlər İnstitutunda 10 günlük, 17 avqust 2007-ci il tarixli, 975 nömrəli əmri ilə isə 36 nəfəri Naxçıvan Müəllimlər İnstitutunda birhəftəlik öyrədici təlim kurslarından keçərək sertifikat alıb. Eyni proses 2009-2010-cu dərs ili ərəfəsində də aparılmış, ölkə üzrə I sinfə dərs deyəcək 8900 nəfərə yaxın müəllim öyrədici təlim kurslarından keçirilib. Bu dərs ilində eyni məzmunlu treninqlərin təhsil şöbələrinin əməkdaşları və məktəb rəhbərləri üçün də təşkili nəzərdə tutulur”.

M.Mərdanov deyir ki, Təhsil Nazirliyi YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə 23 pilot məktəbin seçmə yolla müəyyənləşdirilmiş ibtidai sinif müəllimləri və Kurikulum Mərkəzinin bir qrup əməkdaşı üçün 2 mərhələdə fəal təlim üzrə 10 günlük treninq keçirib. Həmin treninqlərdə təlimin yeni forma və üsulları açıqlanmış, iştirakçıların fəal təlimin təşkili ilə bağlı peşəkarlığının yüksəldilməsi istiqamətində iş aparılıb. Bakı, Sumqayıt şəhərlərində, respublikanın digər bölgələrində yeni fənn kurikulumlarının öyrənilməsinə həsr olunmuş zona konfransları və seminarlar, Kurikulum Mərkəzində “Kurikulum islahatı: problemlər, vəzifələr”, “Təhsildə inteqrasiya”, “Təlim strategiyaları”, “Kurikulum pedaqoji anlayış kimi”, “İbtidai təhsil kurikulumunun xüsusiyyətləri”, “Əsas və orta təhsil kurikulumlarının xüsusiyyətləri”, “Yeni fənn kurikulumları və təlim strategiyaları”, “Taksonomiyalardan dərslərə” mövzularında ibtidai sinif müəllimləri və məktəb rəhbərlərinin, metodistlərin iştirakı ilə müzakirələr keçirilib. Kurikulum hazırlığı, tətbiqi və idarəolunması üzrə məsələlərlə ətraflı tanış olmaq, bu sahədə dünya təcrübəsini öyrənmək məqsədilə 2007-ci ilin aprelində Kanadaya 2 həftəlik tədris səfəri təşkil olunub. “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” əsasında hazırlanmış fənn kurikulumlarının tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin səmərəliliyini yüksəltmək, müəllimlərə metodik köməyi gücləndirmək, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərini genişləndirmək və bu sahədə qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək məqsədi ilə “Kurikulum” jurnalı təsis edilmiş, indiyədək jurnalın 8 nömrəsi işıq üzü görüb: “Müəllim hazırlığı” alt-komponenti üzrə bir neçə istiqamətdə iş aparılmış, cəmiyyətin ehtiyac və tələbatına uyğun olaraq pedaqoji kadr hazırlığı sahəsində tədbirlər həyata keçirilib. Yekun olaraq bu məsələ ilə bağlı normativ-hüquqi bazanı möhkəmləndirmək zəruri hesab edilib, beynəlxalq və milli məsləhətçilərin köməyi ilə “Fasiləsiz müəllim hazırlığının konsepsiyası və strategiyası” hazırlanıb Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli, 108 nömrəli qərarı ilə təsdiq olunub. Bu, alt-komponent üzrə aparılan işlərin bir istiqaməti ibtidai sinif müəllimlərinin ilkin hazırlığı ilə bağlı olmuş, 2006-2007-ci illərdə riyaziyyatın ibtidai kursunun nəzəri əsasları və tədrisi metodikası, xarici dil, fiziki tərbiyə və onun tədrisi metodikası, təsviri sənət, musiqi və musiqinin tədrisi metodikası, texnologiya, ana dili və onun tədrisi metodikası fənlərinin məzmunu yeniləşdirilmiş və ümumtəhsil məktəblərinin ibtidai siniflər üzrə kurikulumlarına uyğunlaşdırılıb. Təhsil Nazirliyinin 14 may 2007-ci il tarixli, 439 nömrəli əmri əsasında 2007-ci il mayın 14-dən iyunun 1-nə kimi yeniləşdirilmiş təhsil proqramlarının tətbiqi nəzərdə tutulan 4 təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kolleci) professor-müəllim heyəti üçün fəal təlim üzrə YUNİSEF-lə birgə treninq təşkil edilmişdir ki, həmin treninqə bu təhsil müəssisələrinin 100 nəfər müəllimi cəlb olunub. Bunlarla yanaşı, pedaqoji ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərini yeni pedaqoji texnologiyalar və müasir təlim üsulları ilə tanış etmək, onların peşəkarlıq səviyyəsini yüksəltmək məqsədi ilə 2007-ci ildə 10 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu) 1000 nəfərdən artıq sayda professor-müəllim heyəti üçün treninq keçirilib. Bunun üçün əvvəlcədən 50 nəfər mühazirəçinin siyahısı müəyyənləşdirilmiş və YUNİSEF-lə birgə onlar üçün müvafiq təlim kursları təşkil olunub. Treninqlər xüsusi qrafik üzrə hər ali məktəbdə 6 gün müddətində aparılıb. Treninqlərin keçirilməsi üçün xüsusi proqram tərtib edilmiş və nəticədə iştirakçılar fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının yeni konsepsiya və strategiyasının əsas məqamları, müəllim hazırlığında monitorinq və qiymətləndirmə məsələləri, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığında distant təhsil haqqında məlumatlar almış, tədris üçün zəruri olan təlim üsullarına dair bilik və bacarıqlara yiyələniblər. Müəllimlik peşəsinə dair bacarıqların tələbələrə daha səmərəli aşılanması, onlarda müasir pedaqoji təfəkkür formalaşdırılması məqsədi ilə təhsilin əsasları adlı yeni fənnin kurikulum layihəsi hazırlanıb. Layihə təsdiq olunmamışdan əvvəl burada nəzərdə tutulan standartların reallaşdırılması imkanları araşdırılmış, standartların tələb olunan səviyyədə tərtib olunmasına əminlik yaratmaq məqsədilə onun 3 pedaqoji ali məktəbdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu) sınaqdan keçirilməsi qərara alınmışdır. Bununla əlaqədar ayrıca təlim materialları hazırlanmış, onların əsasında həmin institutların bu fənni tədris edəcək 18 nəfər müəlliminə 2 həftəlik öyrədici təlim kursu keçirilmiş, yekunda onlara sertifikat verilib. 2009-2010-cu dərs ilində qeyd olunan ali məktəblərdə həmin təlim materiallarına uyğun olaraq I semestrdə 60 saatlıq tədris həyata keçiriləcəkdir. Sınaqlar istənilən müsbət nəticəni verdiyi halda, müəyyən olunan standartlar əsasında “Təhsilin əsasları” dərsliyi hazırlanacaq. O da qeyd olunmalıdır ki, layihə müddətində Azərbaycan Müəllimlər İnstitutu və onun yerli filialları müvafiq mebel, İKT və audio-vizual avadanlıqlarla təchiz edilmiş, Mingəçevir və Cəlilabad filialları əsaslı təmir olunub. “Dərslik və oxu materialları” alt-komponentinin əsas məqsədi məktəb kitabxanalarını kurikulumdankənar, habelə kurikulumla bağlı oxu materialları ilə təmin etməklə müstəqil təlim imkanlarını artırmaq və I-XI sinif şagirdlərinin oxu vərdişlərini stimullaşdırmaqdan, dərslik siyasətinin hazırlanmasına kömək etməkdən ibarət olub. Bu, alt-komponent daxilində ilk olaraq oxu materiallarının hazırlanması istiqamətində iş aparılmış, aşağıdakı tədbirlərin əvvəlcədən maliyyələşdirilməsi həyata keçirilib. Latın qrafikası ilə çap olunmuş oxu materiallarının hazırlanması, kiril qrafikasından latın qrafikasına çevrilməli olan kurikulumdankənar və kurikulumla bağlı oxu materiallarının hazırlanması, məktəb kitabxanaları üçün yeni oxu və təlim materiallarının hazırlanması.

 Layihə çərçivəsində proqramda nəzərdə tutulan və görülən tədbirlərin nəticəsi olaraq 18 cilddən ibarət 846000 nüsxə “Ayna Uşaq Ensiklopediyası” dəsti nəşr edilib respublikanın bütün ümumtəhsil məktəblərinə çatdırılıb. Bununla yanaşı, Dünya Bankı ilə razılaşdırılmaqla Təhsil Nazirliyi və Bakı Kartoqrafiya Fabriki arasında bağlanmış müqavilə əsasında 19 adda 351595 nüsxə xəritə nəşr edilib ümumtəhsil məktəblərinə paylanmış, bununla da uzun illər problem kimi qalmış məsələ həll edilib. Layihə çərçivəsində digər bir vacib tədbir dərslik siyasətinin hazırlanması, bütün ölkə miqyasında dərsliklərin yayılmasını təmin etmək üçün geniş imkanlara malik özəl nəşriyyatların yaradılmasına köməklik göstərməkdən ibarət olub. Həmin istiqamətdə müəlliflər, nəşriyyat və mətbəə işçiləri üçün təlimati seminarlar təşkil edilmiş, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən bu işə lazımi dəstək verilib. Layihəyə əsasən texniki yardım və ixtisasartırma tədbirləri vasitəsilə oxu materiallarının səmərəli nəşri, çapı və paylanması sisteminin təşkili üzrə də zəruri təkliflər hazırlanıb.  Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılaraq Təhsil Nazirliyinin 23 yanvar 2006-cı il tarixli, 33 nömrəli əmri ilə təsdiq olunmuş “ümumi təhsil sistemində dərslik siyasəti” sənədi bu komponent daxilində həyata keçirilən ən vacib tədbirlərdən hesab olunur. Təhsil Nazirliyi tərəfindən dərsliklərin seçilməsi, dəyərləndirilməsi, təsdiq olunması prosedurlarını yerinə yetirən Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması isə ölkəmizin dərslik siyasəti sahəsində yeni mərhələnin başlanğıcına çevrildi”.

M.Mərdanov qeyd edib ki, tədricən “Dərsliklərin qiymətləndirilməsi meyarları”, “Yeni dərsliklərin yaradılması qaydaları” və “Dərsliklərin texniki və gigiyenik standartları”, yeni kurikulumlara uyğun dərsliklərinin yazılması üçün müsabiqə sənədləri (şərtlər toplusu, müsabiqənin əsasnaməsi) hazırlanıb təsdiq olundu. Eyni zamanda müsabiqədə iştirak etmək istəyən nəşriyyatlarla yeni nəsil dərsliklərin hazırlanması texnologiyasına dair silsilə təlimati tədbirlər keçirildi, habelə Dünya Bankı və YUNİSEF-in xətti ilə dəvət olunmuş xarici ekspertlərin Qiymətləndirmə Şurasının üzvləri, ibtidai sinif müəllimləri və nəşriyyat işçiləri ilə görüşləri təşkil edildi. Dərsliklərin qiymətləndirilməsi məsələləri ilə məşğul olan nazirliyin əməkdaşları və digər mütəxəssislər təcrübə mübadiləsi məqsədilə Türkiyəyə ezam edildi.  Bütün bunların nəticəsi kimi Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq dünya təcrübəsinə uyğun tərtib edilmiş dövlət standartları əsasında ibtidai pillənin I və II sinifləri üçün yeni dərslik komplektləri (dərslik, müəllim üçün metodik vəsait, şagirdlər üçün iş dəftəri) yarandı. Həmin dərsliklər, bütövlükdə dərslik komplektləri ibtidai sinif müəllimləri, məktəb rəhbərləri, valideynlər tərəfindən razılıqla qarşılanmış və hazırda məktəblərdə uğurla tətbiq olunur.  “Səmərəlilik və maliyyə islahatları” komponentinin əhatə etdiyi alt-komponentlər bilavasitə maliyyələşdirmə və büdcə islahatlarına, rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmişdir:

“Maliyyələşdirmə və büdcə islahatları” alt-komponentin qarşısında duran əsas məqsəd məktəb büdcəsinin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında formalaşması mexanizminin hazırlanıb tətbiq edilməsi və təhsil müəssisələrinə ayrılmış büdcə vəsaitlərinin idarəolunmasında məktəblərə maliyyə müstəqilliyinin verilməsindən ibarət olub.  İlk növbədə, büdcə islahatlarlarına hazırlıq və digər təşkilati işlərin görülməsi ilə bağlı Təhsil və Maliyyə nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmış, islahatların həyata keçirilməsinə texniki yardım göstərmək üçün beynəlxalq və milli məsləhətçilər seçilib. Eyni zamanda şagirdbaşına maliyyələşdirmə sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə İngiltərəyə tədris səfəri təşkil olunub. Bunlarla yanaşı, Maliyyə Nazirliyi ilə razılaşmaya uyğun olaraq, 2005-ci ildən etibarən 3 pilot rayonda 59 məktəbə (Ucarda 20, Şirvanda 14, İsmayıllıda 25) yerli xəzinədarlıq orqanlarında ayrıca xəzinə-hesab kitabları açılmış və məktəblərə mühasib ştatları verilmişdir. Hazırda bu məktəblərdə ayrılan büdcə vəsaiti müstəqil idarə edilir. Maliyyə müstəqilliyi verilməsi nəzərdə tutulan ümumtəhsil məktəbləri üçün məktəb şurası haqqında müvəqqəti Əsasnamə hazırlanmış və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Beləliklə, pilot rayonların maliyyə müstəqilliyi verilmiş ümumtəhsil məktəblərində məktəb şuralarının işi gücləndirilmiş, məktəb büdcəsinin formalaşması və məktəblərin maliyyə vəsaitinin xərclənməsində şuraların rolu artırılıb. Aparılan işlərin nəticəsində pilot rayonların həmin 59 ümumtəhsil məktəbinin maliyyələşdirilməsinin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti “Təhsil Sektorunun İnkişafı Layihəsinin “Maliyyələşdirmə və büdcə islahatları” alt-komponentinin icrası haqqında” 22 fevral 2007-ci il tarixli, 36 nömrəli qərar qəbul etdib. Bu qərarın yerinə yetirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin əmrinə uyğun olaraq, maliyyə müstəqilliyi verilmiş ümumtəhsil məktəblərinin direktorları, baş mühasibləri, məktəb şuralarının üzvləri və təhsil şöbələrinin əməkdaşları ilə birgə Şirvan şəhərində, İsmayıllı və Ucar rayonlarında məktəb büdcəsinin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında hazırlanması, məktəblərə ayrılan maliyyə vəsaitlərinin idarəolunmasında məktəb şuralarının rolu, məktəbin xərclər smetasının hazırlanması, məktəb büdcəsinin məktəbin strateji planı ilə əlaqələndirilməsi və məktəb şurası tərəfindən məktəbin büdcəsinin təhlil edilməsi və qiymətləndirilməsi məsələlərinə həsr olunmuş seminarlar keçirilib. Bununla belə, pilot rayonların maliyyə müstəqilliyi verilmiş 59 ümumtəhsil məktəbi onlara ayrılan büdcəni özləri müstəqil idarə etsələr də, hələlik büdcənin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında hazırlanmasına nail olunmayıb. Güman etmək olar ki, dövlət başçısının 5 sentyabr 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu”nda təhsil müəssisələrinin maliyyə normativlərinin hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla maliyyələşdirilməsinin təsbit olunması bu məsələnin tezliklə həllinə imkan yaradacaqdır”.

M.Mərdanov vurğulayıb ki,  Təhsil Sektorunun İnkişafı Layihəsi başa çatmaq ərəfəsində onun müddətinin uzadılması barədə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında razılıq əldə edilib. Buna səbəb fənn kurikulumlarının tətbiqinin 2007-2008-ci dərs ilindən 2008-2009-cu dərs ilinə keçirilməsi ilə əlaqədar müəllimlərin ixtisasartırması və ictimaiyyətin maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsi zərurəti olub. Ölkənin beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramlarında iştirakı və buraxılış imtahanlarının mərkəzləşmiş qaydada aparılmasına edilən dəstək də (təmir, optik və çap avadanlıqlarının alınması, tədris səfərinin və texniki xidmətin təşkili və s.) müddətin uzadılması səbəblərindən biridir. Təhsil Sektorunun İnkişafı Layihəsinə ayrılmış vəsaitlərin (Dünya Bankının kredit vəsaitləri 19,94 milyon ABŞ dolları, Azərbaycan hökumətinin layihədəki iştirak payı 2,95 milyon ABŞ dolları) xərclənməsi vəziyyəti layihənin sonuna aşağıdakı kimi olub. Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində həyata keçirilən islahatyönümlü tədbirlər zamanına görə xüsusi aktuallıq kəsb edirdi və keçid dövrü üçün çox vacib idi. Etiraf etmək lazımdır ki, həmin tədbirlərin icrası prosesində pedaqoji ictimaiyyətdə, bütövlükdə, Azərbaycan cəmiyyətində təhsilin məqsəd və vəzifələrinə yeni yanaşma formalaşmağa başladı, ümumi təhsil sisteminin mütərəqqi dünya təcrübəsi əsasında yenidən qurulmasına hərtərəfli imkanlar yarandı, eyni zamanda ölkəmizdə müasir təfəkkürə malik pedaqoji potensialın üzə çıxarılmasında əhəmiyyətli rol oynadı: “Qeyd edim ki, bu yazıda Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) üzrə müəyyən olunmuş komponentləri əhatə edən alt-komponentlər barədə ətraflı açıqlama verilməsi qarşıya məqsəd qoyulmamışdı. Lakin hesab edirəm ki, növbəti məqalələrdə bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran və aktual hesab olunan təhsilin məzmunu, şagird nailiyyətlərinin qiymətləndirilməsi və dərslik yaradıcılığı sahəsində həyata keçirilən islahatyönümlü tədbirlər haqqında geniş məlumatların diqqətə çatdırılması ictimaiyyətin maarifləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Məlum olduğu kimi, Təhsil Sektorunun İnkişafı Layihəsini əhatə edən bütün komponent və alt-komponentlər çərçivəsində yerinə yetirilən tədbirlər birmənalı şəkildə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Sağlam məntiqə görə ümumi təhsilin keyfiyyəti mövcud tələbata uyğun optimal müəyyən olunmuş məzmundan və onun reallaşdırılmasını təmin edən dərslik və dərs vəsaitlərindən, şagird nailiyyətlərinin çevik və səmərəli qiymətləndirilməsi sisteminin yaradılmasından, yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərdən, məktəblərdə hərtərəfli təhsil infrastrukturunun və maliyyə müstəqilliyi şəraitinin təmin olunmasından birbaşa asılıdır. Göründüyü kimi, bu bir-biri ilə qarşılıqlı əlaqədə olan, biri digərini tamamlayan düşünülmüş bütöv bir işlək mexanizm təsiri bağışlayır və həmin sistemi əhatə edən parametrlərdən hər hansı birində baş verən gerilik keyfiyyətə mənfi təsir edir, inkişafı ləngidən amilə çevrilir. Təhsil Sektorunun İnkişafı Layihəsinin əsasını da məhz bu məsələlərin həyata keçirilməsi sahəsində əməli fəaliyyətə başlanması, ictimaiyyətin və müvafiq səlahiyyətli icra orqanlarının diqqətinin həmin problemlərin həllinə yönəldilməsi və ilkin mərhələdə əldə olunan nəticələr əsasında perspektiv istiqamətlərin müəyyənləşdirilməsi təşkil edib”.

Sevinc QARAYEVA

 





29.01.2013    çap et  çap et