525.Az

Azərbaycana məxsusluğun ali və əbədi meyarı


 

Azərbaycana məxsusluğun ali və əbədi meyarı <b style="color:red"></b>

"Mən fəxr edirəm ki, azərbaycanlıyam!"

Heydər Əliyev  

Xalqımızın yaddaşında əbədiyyətə qovuşub əsatirləşən, qeyrət, qürur, şərəf, paklıq, ülvilik və əyilməzlik rəmzinə çevrilən Azərbaycanın ən dahi tarixi şəxsiyyətlərinə müdrik xalqımız tərəfindən verilən ilkin qiymətin dəyişməz əks-sədası əsas meyardır - bu, Azərbaycana məxsusluqdur.

Vətənini, torpağını, xalqını, dilini və dinini sevən hər bir azərbaycanlı qəlbində Azərbaycana məxsusluq abidəsini ucaltmalıdır. Onun cizgiləri mürəkkəb bir epopeya təşkil edir. Bu kontekstdə:

Yer övladının ilk müəllimi, dünyada ədalətin möhtəşəm məhək daşı - simvolu olmaq şərəfini insanlığa bəxş edən Zərdüşt idrakındakı Azərbaycana məxsusluq;

Türk dünyasını nəhayətsiz xeyirxahlıq səltənəti, müdriklik qayəsi ilə ziynətləndirən Dədəm Qorqud ovqatındakı Azərbaycana məxsusluq;

Xalqımızın milli qəhrəmanı Babəkin ağıl və igidlik bitkinliyinin vəhdətindən doğan vətənə, torpağa sonsuz məhəbbət atəşiylə ürəkləri alovlandırıb azadlıq ideyasını car etməsindəki Azərbaycana məxsusluq;

Mövcudatın varlığını ülvi ilahi hislərin harmoniyasında: hərəkət, məkan və zamanın vəhdətində, insan idrakının hökm və istiqlalında, müsəlman-Şərq fəlsəfəsinin hikmətləri ilə bəyan edərək dünyanı heyrətdə qoyan Bəhmənyar fəlsəfəsinin əlçatmazlığındakı Azərbaycana məxsusluq;

Cəlaləddin Rumi Mövlananın "Olduğun kimi görün göründüyün kimi ol!" fəlsəfəsinin ümumbəşəriliyindəki Azərbaycana məxsusluq başlıca meyar kimi önə çıxır.

Eyni zamanda:

Xaqaninin ensiklopedik zəkasından bəhrələnən əyilməz poetik ruhundakı, xaqanlıqla xalqı xaqan etməsindəki Azərbaycana məxsusluq;

Nizami Gəncəvinin poeziya kəhkəşanına yaydığı, "Ən parlaq poeziya günəşi"nin zülmün gözlərini kor edən, insanlara mərhəmət, yaşamaq, yaratmaq xoşbəxtliyi bəxş edən məlhəm ziyasındakı Azərbaycana məxsusluq;

Göy aləminin sirlərini, hikmətlərini yer aləminə bəyan edən Nəsirəddin Tusinin fövqəlbəşər zəkasındakı Azərbaycana məxsusluq;

Nəsiminin söz mülkündə əlçatmaz zirvə fəth etməsiylə saf əqidə və məslək uğrunda mübarizəsindən doğan inamındakı Azərbaycana məxsusluq da son dərəcə önəmlidir.

Eləcə də:

Şah İsmayıl Xətainin qüdrətli hökmdar, sərraf söz fatehliyinin hikmətindən yaranan "Vətən, torpaq, xalq, dil və din məbədimiz"i sərtliklə zərifliyin vəhdətində səcdəgaha, sirlər xəzinəsinə, şərəf və qeyrət məkanına çevirmək naminə ölüm kabusunun üzərinə qartal kimi şığıyan cəngavərliyindəki Azərbaycana məxsusluq;

Füzulinin ucaltdığı anadilli poeziyamızın möhtəşəm abidəsi, "Şəbi-hicran" sədası ilə xalqımızın harayına hay verən fəryadındakı Azərbaycana məxsusluq;

Mirzə Fətəli Axundzadənin zəngin düha səltənətində yaranan, xalqımızı ətalətdən çıxaran dramaturgiyasında real həyatı əks etdirməsindəki Azərbaycana məxsusluq;

Öz cəfakeş "Əkinçi"si ilə məfkurəmizə mənəvi dəyərlərimizin toxumunu səpmək, cücərtmək, qan yaddaşımıza əbədi həkk etmək və onları milli əxlaqımızın fövqünə yüksəltmək yolunun memarı, yorulmaz fədaisi Həsən bəy Zərdabinin milli ruhumuza aşıladığı təəssübkeşlik hissindəki Azərbaycana məxsusluq əbədiyaşar cəhətdir.

Bununla yanaşı:

Mirzə Ələkbər Sabirin nəhəng, möcüzəli, bənzərsiz söz aləminin fövqündə qərar tutan "düzü-düz, əyrini-əryi" deyimli dünyasındakı Azərbaycana məxsusluq;

Cəlil Məmmədquluzadənin görkəmli ictimai-siyasi xadim, əvəzsiz dramaturq, alovlu vətənpərvər, böyük demokrat olmasından və publisistliyindən mayalanan, mənəviyyatımızı öz doğma cənnət diyarımızda deyil, özgə qapılarının künc-bucaqlarında arayanlara, doğmalara qənim, yadlara payəndaz ola-ola düşmənlərimizin ilanmələyən səhralarında, od-alov püskürən ilğımlı qum dənizləri üzərindəki külək-pozacaq izlərində, xarlanmış qar üstündəki günəş ziyasına bənd ləpirlərində axtaran xalqayabançı ünsürləri "elin gözü, xalqın sözü" ilə, ürəkləri riqqətə gətirən qəhqəhələrlə faş etməsindəki Azərbaycana məxsusluq;

Məzlumları rəzalət və cəhalətdən xilas etmək naminə pərvanə kimi alışıb yanan, bu mübarizədə şəhidlik yolunu seçən, əbədiyyətə qovuşan Nəriman Nərimanovun nurlu simasındakı Azərbaycana məxsusluq;

"Bir kərə yüksələn bayraq bir daha enməz!", "Ya şəhid ol, ya qazi!", "Hürriyyət simfoniyaları" ilə "Əsrimizin Səyavuşu" olmağı azadlıq mücahidlərinə örnək edən Məhəmməd Əmin Rəsulzadənin milli ləyaqət duyğusundakı  Azərbaycana məxsusluq;

Seyid Məhəmmədhüseyn Şəhriyarın müxtəlif dillərdə yazdığı bitkin klassik əsərlərinə ana südünün möcüzəli ətri, qan yaddaşının əzəməti, doğma yerlərin əvəzedilməzlik möhürünü vuran, "Heydərbabaya salam"da şirin xalq ləhcəsilə dillənən Azərbaycana məxsusluq da misilsizdir, təkrarsızdır.

Müstəqilliyimizin, milli qurtuluşumuzun əbədiliyini, dönməzliyini bərqərar etmək, Azərbaycan həqiqətlərinin görünən və görünməyən cəhətlərini - azərbaycançılığın meyarını "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" deyimi ilə soydaşlarımıza və dünyanın insanpərvər ictimaiyyətinə çatdırmaqda misli görünməmiş qətiyyət, polad kimi möhkəm iradə, tükənməz səbr, mükəmməl qərarlılıq nümayiş etdirən, "Xalq - Heydər, Heydər - Xalq" kəlamı ilə qiymətləndirilməyə layiq görülən, bütün dünyanı zəkası ilə heyrətdə qoyan Heydər Əliyevin müdrik, cahanşümul siyasətindəki Azərbaycana məxsusluq daima əldə rəhbər tutulmalı, kamil yolgöstəricidir. 

Vətənsevər, torpaqsevər, xalqsevər, dilsevər, dinsevər soydaşlarımızın işıqlı gələcəyimiz üçün, yaxşının yamandan ayrılması naminə intellektual imkanlarını səfərbər etmələrindəki Azərbaycana məxsusluq da qüsursuzdur. Bu, mənliyimizi yaşadandır, qan yaddaşı üzərində özünütəsdiqdir, ölməzliyin təntənəsidir.

Bu təntənədə dünyanın 11 iqlimindən 9-nun bu torpaqda qərar tutması, mübarizə, həyat, dirilik nəhrləri olan Xəzər dənizi, Kür və Araz çayları, bəşər sivilizasiyasının ən qədim insan məskənlərindən Azıx mağarası, Qobustan, Gəmiqaya, Həsənli abidələri, ədalətin, xeyirxahlığın, siyasi qurtuluşun, haqqa olan qırılmaz inamın mücəssəməsi - "Avesta" salnaməsi, aqillik etalonu, hikmət mücrüsü "Dədəm Qorqud kitabı", dünya poeziyasının əbədi çağlayan ilk gur çeşməsi - Nizami irs, həmçinin əyilməzliyin, dözümlülüyün rəmzi, torpağa bağlılıq nişanəsi - "Dəmirağacı abidələri", eramızın yaşıdı "Yaşıl çinar heykəlləri" də öz layiqli yerini tutur. Bunların özülündə bu əbədi vətənimizin adının düzgün tələffüzü, dürüst səslənişi, təhrifdən, xətadan arınması dayanır.

Azərbaycana məxsusluq abidəsini ruhunda ucalda bilməyəndə biganəlik insanın içini yeyir, o, yadlaşır, gərəksizləşir!..

Bu abidəni öz ruhunda daşıdıqda, qəlbində ucaltdıqda yurdumuzun adi quru yarpağından tutmuş, işıqkeçirməz meşələrinəcən, bir zərrə torpağından tutmuş ən qəlbi dağlarınacan, adi qəbir daşından tutmuş müqəddəs türbələrinəcən, fərdindən, vətəndaşından tutmuş xalqacan, didərgin çadırından saraylaracan, hər yerdə mənəvi dəyərlərimiz öz adı ilə oxunur, öz ünvanı ilə tanınır. Azərbaycana məxsusluğun meyarının gələcək nəsillərə çatdırılması kimi müqəddəs işin əsası beləcə qoyulur!..

BABULLA

 





10.02.2016    çap et  çap et