525.Az

Maliyyə bazarlarına nəzarət artırılır


 

PƏRVİZ HEYDƏROV: "VAHİD VƏ MƏRKƏZİ İDARƏETMƏ-TƏNZİMLƏYİCİ ORQANIN YARADILMASINA BÖYÜK EHTİYAC VAR İDİ"

Maliyyə bazarlarına nəzarət artırılır<b style="color:red"></b>

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü dövrdə Azərbaycanda qlobal iqtisadi böhranın təsirlərinin minimuma endirilməsi məqsədilə anti-böhran kampaniyası çərçivəsində dövlət səviyyəsində fəaliyyət həyata keçirilir.

Prezidentin bilavasitə nəzarəti, tapşırıq və göstərişləri əsasında atılan addımlar ölkədə sosial-iqtisadi təminatın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə hesablanıb.

Dövlət başçısı İlham Əliyev yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da ölkədə real sektorun inkişafında və sosial məsələlərin həllində məmurların üzərinə düşən vəzifələri bir daha xatırladaraq, onları məsuliyyətli olmağa, aparılan ümumi işə töhfə verməyə çağırıb. Ölkə rəhbərinin dediyi kimi, Azərbaycanda toxunulmaz şəxs yoxdur, heç bir özbaşınalıq cəzasız qalmayacaq. Ona görə də, hər bir məmur Prezidentin apardığı iqtisadi islahatlara dəstək olmalı, ən azından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Prezident post-neft dövründə ölkədə qeyri-neft sektorunun inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib. Bu sahənin inkişafını sürətləndirmək məqsədilə sahibkarlıq subyektlərinə dəstəyin artırılması, süni əngəllərin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığının aradan götürülməsi istiqamətində ciddi islahatlara başlanılıb.

Dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycanda ciddi islahatlar ili olacaq.

Bu mənada, ölkədə maliyyə sektoru da dövlətin diqqət mərkəzində saxladığı ən vacib sahələrdən biridir. Bu baxımdan atılan mühüm addımlardan biri də fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılmasıdır. Nəzarət Palatası Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmə funksiyasını yerinə yetirəcək.

Müvafiq sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında nəzarət funksiyalarını yerinə yetirən Maliyyə Monitorinqi Xidməti ləğv edilib, onların səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Prezidentin məlum Fərmanında deyilir ki, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.

İqtisadçı ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərmanla bağlı danışarkən deyib ki, qiymətli kağızlar bazarı, investisiya fondu, bank və sığorta fəaliyyəti sahəsi, o cümlədən, ödəniş sistemlərinin fəaliyyətinin çevikliyi və şəffaflığı əslində hər zaman, yəni, qlobal iqtisadiyyatda nə baş verməsindən asılı olmayaraq təmin olunmalıdır: "Bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi fasiləsiz xarakter daşımalı, ictimai nəzarət sistemi isə həmişə mövcud olmalıdır".

Onun sözlərinə görə, əfsuslar olsun ki, dünya praktikası da sübut edib ki, bu, realda o qədər də asan məsələ deyil: "Bunun isə bir çox səbəbləri var. Əvvəla, hər şeyi bazar müəyyən etməli olsa da, maliyyə axınlarına - onun mənbələri ilə istiqamətlərini idarə etmək çətindir, hətta bəzi hallarda mümkün belə deyil. İkincisi də ki, ictimai nəzarət özü mücərrəd bir məfhum və termin sayılır. Əhalini gündəlik qayğıları maraqlandırır və dolanışıq vəziyyəti düşündürür. Maliyyə bazarında gedən və yaxud cərəyan edən proseslər deyil. Adi dövlət büdcəsinə ictimai maraq səviyyəsindən bunu təsbit etmək çətin deyil. Sadəcə olaraq, burada əsas məsələ Fərmanda da deyildiyi kimi, ölkədə maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunmasına nail olmaqdır. Bundan ötrü vahid və mərkəzi bir idarəetmə-tənzimləyici orqanın yaradılmasına həqiqətən də böyük ehtiyac var idi. Yəni, demək istədiyimiz budur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması istənilən halda yüksək qiymətləndirilməlidir.

Ancaq hesab edirəm ki, Hesablama Palatası da bu quruma birləşdirilsəydi, daha məqsədəuyğun olardı".

P.Heydərov qeyd edib ki, Fərmanda Mərkəzi Bank (AMB) yanında Maliyyə Monitorinqi Xidmətinin ləğv edilərək, onun da istifadəsində olan dövlət əmlakının Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcəyi deyilsə də, AMB sədri Elman Rüstəmov az sonra verdiyi müsahibəsində rəhbərlik etdiyi qurumun heç də hər hansı bir funksiyasının bununla əldən alınmadığını vurğulaması ziddiyyət ortaya çıxardı: "Əgər, yaradılan Palata adında da qeyd olunduğu kimi Maliyyə Bazarlarına Nəzarət məqsədi və əhəmiyyəti daşıyacaqsa, sözügedən qurum işə düşdükdən sonra AMB sırf pul-kredit siyasəti ilə, Maliyyə Nazirliyi isə yalnız dövlət büdcəsinin icrası ilə məşğul olmalıdır".

Ceyhun ABASOV

 





10.02.2016    çap et  çap et