ABŞ-ın Respublika Partiyasının iki üzvü seçkiqabağı kampaniyadan çıxdığını bəyan edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Nyu-Hempşirdə keçirilən praymerizdə 7,4 faiz səs toplayaraq 6-cı nəticə göstərən Nyu-Cersi ştatının qubernatoru Kris Kristi mübarizədən kənarlaşmaq qərarına gəlib.
“Hewlett-Packard” kompaniyasının keçmiş rəhbəri Karli Fiorina da analoji qərar qəbul edib. 61 yaşlı qadın biznesmen Nyu-Hempşirdə keçirilən ilkin səsvermənin nəticələrinə görə, cəmi 4 faiz səs toplaya bilib.
Xatırladaq ki, Respublika və Demokrat partiyalarının ən qatı siyasi görüşlərə malik nümayəndələri - milyarder Donald Tramp və senator Berni Sanders sonuncu praymerizin şəksiz qalibi olub. Onların hər biri əsas rəqiblərini təxminən 20 faiz qabaqlayıb. Əgər Tramp öz kampaniyasını konservativ - “əsl Amerika dəyərlərini” qorumaq şüarı ilə aparırsa, Sanders, əksinə, “Birləşmiş Ştatların ehtiyac duyduğu siyasi inqilabdan” danışır.
Nyu-Hempşirdəki praymerizdən sonra isə növbədə fevralın 20-də Nevada və Cənubi Karolina ştatlarında partiya fəalları görüş və ilkin seçkilər, martın 1-də isə praymerizin eyni vaxtda 14 ştatda keçiriləcəyi “super çərşənbə axşamı” gəlir.