525.Az

Musa Yaqub poeziyasında zaman anlayışı


 

ŞAİRİN YENİ ŞEİRLƏRİNİ ƏSAS ALAN DÜŞÜNCƏLƏR

Musa Yaqub poeziyasında zaman anlayışı<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Musa Yaqub "Payız günüm" və "Bilmədim" son şeirlərini qələmə aldı, bir vaxtlar isə  "Payız bənövşəsi" şeirini yazmışdı. Ən zərif və cəsarətli gül-çiçək soyuq çağlarda təbiətin acığına torpaqdan baş qaldırır ki, üsyana qalxsın, lakin ömrü vəfa etmir, hətta insanlardan "ölüm" ayağında imdad diləyir:

Bənövşə!
Vaxtsız gəlmiş qonaq kimi,
Peşiman baxdın üzümə.
Səni gördüm inanmadım gözümə.
İndi xəzan çağıdır, ay bənövşə,
Axı, xəzan çiçəklərə
Yağıdır, ay bənövşə!..

Poetik assosiasiyalar neçə illərdən sonra yenidən hissləri oyatdı:

Payızın ən kövrək çağına qarşı,
Meşəsinə qarşı, dağına qarşı,
Bənövşə boyuna, gül nəfəsinə,
Baharın payızlı arxına qarşı
yol gedən olsa,
Nə bilim, bir çəmən yaşıllıq üçün
darıxan olsa,
O, mütləq bu yerə gəlib çıxacaq...

Poetik fikrin dairəsi əvvəlki kontekstindən daha dərinə çıxır. Və bir sualla: Payızın yaşı görən neçədir? - üzbəüz qalır. Görəsən şairin istəyi nədir? Payız yaddaşında şairdən nəyi qorumuşdur? Payızsa şairin yaşamaq ovqatına biganə qalmır. Oxucu şəxsləşən payızın şairlə "dialoqunun" şahidi olur. Musa Yaqub poetik duyumuna sadiq qalıb özünü sual önünə qoyur:

Bir sarı budaqdı il ağacında,
Görən bu payızın yaşı neçədir?
Bir qıvrım duman da qalıb solanda,
Yaddaşı necədi, huşu necədi?

...Həvəsi qalıbmı kef-damaq üçün,
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz yurd-yuva qorumaq üçün
Əsgərlik yaşında payız olarmı,
Görəsən payızın yaşı neçədi?

Şair "diri" sualların cazibəsində özünü - keçmişini - xatirələrini görür, əslində öz huşunu yoxlayır və təsəllisi yox deyil.

Yenə yerişim var küçələrində,
Hasarda sarmaşıq yaman üşüyür.
Görəsən upuzun gecələrində
Hənifə səbr edir, nəyi düşünür, -
Görəsən payızın yaşı neçədir?

Qalmışam həvəslə yaş qarağacında
Bu qızıl yarpağın alnından öpüm.
Qızıləhmədinin al yanağında
Bir ləzzət qalıbmı, xalından öpüm,
Görən bu payızın yaşı neçədir?

Şeirin fəlsəfi dairəsinə yaxınlaşaq: Musa Yaqub poeziyasına xas insan varlığı konsepsiyasında "əbədi suallar"a daima mənəvi təminat var, "payız" obrazı həyatın yaşam rəmzinin şərti ifadəsidir. Payız təbiətin sanki Əzrayılıdır, ancaq insandan fərqli olaraq hər an ruhu özüylə axirət dünyasına aparmır. Bu payız necə?
Onun vahiməsindən Sarıköynək quşları dözməyib qaçdılarsa, torpaq da, ağac da yerindədi. Payızın gücü çatarmı yerdə can verən xəzəl yarpağı götürsün, qüdrəti çatarmı bir gül bitirsin, bir dilim yemişi aypara bilsin... Deməli, payız insana qalib gəlməkdə acizdir; ona görə də acizliyinə, yağışlarına ağlayır:

Mizrab xəzəlləri qırışlarıyla,
Toxunub bir sarı simə ağlayır.
Bu qədər amansız yağışlarıyla -
Görəsən, bu payız kimə ağlayır?..


Musa Yaqub payızın rəngini, ətrini, gəlişi və gedişini həssaslıqla duyan şairdir və kənardan həzinləşmiş - qocalmamış ürəklə duyur. Cansız əşyalarsa payıza qoşulub harayasa üz tutur, hiss edir ki, hələləlik payız hökmlüdür, vaxta hakimdir. Musa Yaqubsa, əksinə, bir poetik nikbinliklə xəyalını çağırır!

Dumanlar yeriyir dərələr boyu,
Dağlar elə bil ki, qoşun aparır.
Deyəsən bu payız vaxt sahibidi,
Məni də özünə qoşub aparır.
Görən bu payızın yaşı neçədir?..

Poeziya insan ömrünün tipikliyindən qaçmır və romantikaya meylli olur və Dünyanı impulsiv təmasda görür; onun üçün də yaşamağa çağırır - məhz bu şeirdə olduğu kimi. Məhz bu şeirdəki assosiativ poetik impuls "Səhra yanğısı", "Yay vaxtından qış vaxtına" şeirlərini yazdırdı. Birinci nümunədəki poetik obrazlılıq Musa Yaqubda təkrarlanmamışdır: "Qum yandırıb Məcnunu, qalıb külün içində", "Gül üstündə qanadım, Bir kəpənək gücündə", "Mən bir asi yalquzaq, Qurd ulayır içimdə"... İkinci nümunədə Musa Yaqub şairliyi bir yana, Ömrünü obrazlaşdırır və Özü kənardan baxır; bu dəfə də payız duyğuları ilə, amma necə? Hansı ovqatla?!

Hələ ki, şax saxlar özünü qəsdən,
Payızda talalar düşməz həvəsdən.
Çiçəklər üşüyər soyuq nəfəsdən,
Saralar saplağı gül ömrümüzün.

Daha o zirvələr gümüşü tacdı,
Çiçəyi çəkildi, durnası qaçdı.
Payızla üz-üzə duran ağacdı,
Tökər yarpağını yel ömrümüzün.

... Baharın nəfəsi qalıb gümanda,
İndi o göy çəmən bir boz dumanda.
Arısı pətəkdə, ruzusu şanda,
Süzülür cövhəri bal ömrümüzün...

Musa Yaqubun son şeirlərindən biri "Ruh söhbəti"dir. Oxudum! Bəlkə oxumayaydım? Vaxtilə böyük və həssas şairimizin "Atamın xatirəsinə" və "Anamın məzarına laylay" şeirlərini oxumuşdum taqətsiz halda, əllərimin titrəyişində nəsə yazdım; çətinliyim onda idi, şair kimi mən də atasızdım, anasızdım. Axı, dərd köhnəlmir. Bu misraları ehtiyatla oxudum:

Bu həyətdən itdi kölgən,
qaraltın da...
Başsız qoyub getdin bizi,
Ürəyimiz qaldı bu gün
qar altında...
Sübh çağıydı, qan yerinə
Qar yağırdı aram-aram.
Budaqların beli bükük,
Həyətlər ağ vərəq idi.
Qar yağırdı atamın da
məzarına birinci qar...

Və bir gün körpələrini yetimlikdən ağ saçlarında çıxaran anasını da itirdi Musa Yaqub. İndi gəl, şair bu dərdə dözsün. Kədər yalnız bayatılaşar:

Laylay dedim məzarına,
Bu qəbristan güzarına.
Uyu ömrümün əzəli,
Üstündə payız xəzəli.

Darısqaldır evin, laylay,
De, necədir kefin, laylay.

Quş kimi uçdu tabutun,
Mələklərə dedin "tutun" -
Ürəyin gəlmirmiş demə,
Ağırlıq düşsün çiynimə.

Musa Yaqub bu şeiri görəsən hansı qeyri-adi hisslə yazmağı bacarıb, ilahidən gələn ana məhəbbətimi? Təkcə budurmu? Bu hisslərə şair qəlbidir şahidlik edən. Budur son misraları:

Canalıya çökdü duman,
Gəlməyinə yoxdu güman.
Biz gələrik sənə həyan...
Ölüm laylay, dirim laylay,
Yanındakı yerim laylay.

Qəm ilkin olaraq şairi tapır, tapır ki, ağır itki bəşəriləşsin, duyğusuzlara, nankorlara ibrət olsun. Budur, Musa Yaqub daha bir itkiylə üzləşdi. Həyat-ömür yoldaşını itirdi. Və şairlə üzbəüz oturmuşdum, arabir nəzər yetirirdim, baxışlarını azan görürdüm. Ona təsəlli verənlərə baş əyirdi. Bu o Musa Yaqubdu, heç vaxt kimsənin önündə baş əyməmişdi! O, qadınının ruhu üçün təzim edirdi. Və günlərin birində "Ruh söhbəti"ni qələmə aldı. Vallah, şeirin rəsmi növünü təyin eləməkdə çətinlik çəkirəm; bəlkə "rekviyem" adlandıraq? Nə bilim...

Şair məzarına qış çağında gəlməmişdi və bunun da poetik mənası var; axı, analar məzarı daima gül-çiçəyə bürünür, ehtiyac varmı ki, hansısa fəsil olsun.

Bu dəfə səninçin gül gətirmədim,
Amma ürəyimdə qalmadı əhdim.
Qəbristan gül açıb bu bahar çağı,
Arada bir topa lalə ocağı
Elə bil əlimdən düşüb odlanır.
Qaymaq çiçəkləri həndəvərində
Göy otlar içində zərnişan yanır.

Musa Yaqub kədərini, əzəli və son məhəbbətini ən yumşaq, titrək, bənövşə pıçıltısında poetikləşdirmişdir, başqa səmtə çəkmək qeyri-mümkündür:

Tək bənövşə bitib lap yaxınında,
Mənə deyəcəyin gizli sözündü.
Xırda ləçəklərdə titrəyir səsin,
Atam da, anam da yatır yanında,
Necə danışaq ki, eşidilməsin.

Musa Yaqub əsl poeziyaya məxsus - istedad cazibəsində cənnət dilində, bənövşə dilində, çiçək dilində danışmaq istəyir; axı, yaşadığı ömür yollarında bu Məhəbbət dilində sevinclərini, kədərlərini bölüşdürmüşlər.
Bu günlər daha olmayacaq, çün bu - məzardır: "Zəncirotu zəncirləyib baş daşını, Guya hara çıxacaqsan bu məhbəsdən?" Məhbəs dilində danışmaq istəyir. Mümkünmü? Şair özunə təsəlli verir:

Yatır daş altında ömürlər, illər,
Daşlarda çatlar var, torpaqda çatlar.
Xəzəli başında qaldırıb otlar,
Sarmaşıq üstündə hörüb çələnglər,
Yəqin ki, ruhundur bu kəpənəklər -
Kəpənək dilində, ruhun dilində
Bir mələk dilində danışaq bu gün.

Mən şair haqqında sözümü bu ovqatda tamamlamaq qərarına gəldim, səbəbsiz düşünmədim. Poeziya üçün ən səciyyəvi, bəşəri "günahsız" üslubdur, oxucunun emosiyası ilə intellektinin ortaq məxrəcidir. Və keçmişlə indi arasındakı poetik ovqatın dəyişməz assosiasiyasıdır; bu isə hər şairin qismətinə düşmür. Musa Yaqubun şair xoşbəxtliyinin bir səbəbini bunda axtarmaq yerinə düşür. Onun poezi yasının ləngərliyinin tarixiliyinin zaman anlayışı yoxdur...

27.06.2015

 





12.02.2016    çap et  çap et