525.Az

Uzun və mənalı ömrün sönməz işığı


 

PROFESSOR SƏYYARƏ MOLLAZADƏ ALİM VƏ PEDAQOQ KİMİ DƏ, İNSAN VƏ ŞƏXSİYYƏT KİMİ DƏ UNUDULMAZDIR

Uzun və mənalı ömrün sönməz işığı<b style="color:red"></b>

Yanvarın 22-si filologiya elmləri doktoru, professor, 40 ilə yaxın müddətdə Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının müdiri işləmiş Səyyarə Məmməd qızı Mollazadənin doğum günüdür - onsuz gələn ilk doğum günü...

Kəmfürsət əcəl aman versəydi, doğmaları, həmkarları Səyyarə xanımın mənalı ömrünün 83-cü ilini birgə qeyd edəcəkdilər. Lakin 2015-ci ilin 19 oktyabrında o, uzun sürən ağır xəstəlikdən sonra həyata gözlərini əbədi yumdu.

Səyyarə xanım 56 illik əmək fəaliyyətində insan və müəllim adını ucaltmağa, ətrafındakılara, canından artıq sevdiyi Azərbaycana, onun dilinə və ədəbiyyatına şərəflə xidmət etməyi həyatının mənası saymışdı. O özünü, hər şeydən əvvəl, müəllim hesab edirdi və dönə-dönə deyirdi ki, dünyada müəllim adından böyük ad, müəllimlikdən uca peşə yoxdur. Müəllim xalqın, cəmiyyətin təkcə təlimçisi, elmin sirlərini öyrədən bir şəxs deyil, o, nəsillərin tərbiyəçisi, xalqın gələcəyi olanların düzgün yetişməsinə cavabdeh vacib bir şəxsiyyətidir. Ona görə də rəhbərlik etdiyi kafedrada müəllimlərə qayğı göstərməklə bərabər, onlara ciddi tələbkarlıqla yanaşırdı.

Son zamanlar orta məktəblərdə, ali təhsil müəssisələrində işinə laqeyd yanaşan müəllimlərlə rastlaşanda o, çox mütəəssir olurdu, həmişə də narahatlığını ifadə edirdi. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə Səyyarə xanım çox önəm verirdi. Dil dərslərində bu istiqamətdə aparılan işlərlə kifayətlənmir, dərsdənkənar tədbirlərdə də bu işə mümkün qədər yer verməyə çalışırdı. XX əsrin 70-ci illərində görkəmli elm və ədəbiyyat adamlarının yubiley tədbirlərinin keçirilməsi kafedrada ənənəyə çevrilmişdi. Tez-tez yazıçı və şairlərlə görüşlər təşkil olunur, teatrlara, muzeylərə kollektiv gedişlər həyata keçirilirdi.

80-ci illərin ortalarında mənim də yaxından iştirak etdiyim, mənəvi tərbiyəyə həsr olunmuş “Gənclik bir aynadır Günəşdən təmiz” adlı klubun məşğələləri sözün, şeirin, musiqinin vəhdəti ilə tələbələrə vətənə məhəbbət, daxili saflıq, təmiz əxlaq duyğuları aşılayırdı. Ayda bir dəfə keçirilən bu tədbirlərdə Səyyarə xanım əlahiddə işgüzarlıqla iştirak edir, məşğələlərdə bütün müəllimlərin və tələbələrin fəallığına şərait yaradırdı. O, Azərbaycan dilinin tədrisinin keyfiyyətcə təkmilləşdirilməsi işini də özünün əsas vəzifəsi kimi dərk edirdi. Mükəmməl proqramların hazırlanması, düşünülmüş mövzu-təqvim planlarının tərtibi və hər il yenidən işlənməsini rus bölməsində və hazırlıq şöbəsində Azərbaycan dili tədrisinin səviyyəsinin yüksəldilməsində əsas amil sayırdı. Doğrudur, o dövrdə bizdən asılı olmayan səbəblər üzündən dərslik (rus bölməsi üçün) çap etmədik, ancaq Azərbaycan dilinin tədrisi üçün kafedrada möhkəm baza yaradılmışdı və bu, indi də aydın hiss olunur.

...Səyyarə xanım dəyərli elm adamı idi. 1954-cü ildə o zamankı dövlət universitetinin Filologiya fakültəsini bitirdikdən sonra ailə qurmuşdu, 1956-cı ildən orta məktəbdə dərs deməyə başlamışdı. Elmə olan güclü həvəs iki uşaq anasını 1962-ci ildə APİ-nin (indi APU) Azərbaycan dilçiliyi kafedrasının aspiranturasına apardı. AMEA-nın müxbir üzvü, professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə gənc tədqiqatçı “Qax rayon şivələri” adlı namizədlik işini 3 ilə hazırlayıb müdafiəyə təqdim edir. Səyyarə xanım deyirdi ki, yay aylarında, iki uşaq yanımda, doğma rayonumun kəndlərini, yaşayış məntəqələrini gəzib dialektoloji materiallar toplayırdım. Düzdür, çox əziyyətli iş idi, ancaq mövzu, əldə etdiyim faktlar o qədər maraqlı idi ki, yorğunluq hiss etmirdim. 1966-cı ildə Səyyarə xanım uğurla müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adını alır. Dissertasiya ilə tanış olan görkəmli dilçilər məsləhət görürlər ki, mövzunu davam etdirsin, doktorluq dissertasiyası üzərində işləsin. Çox maraqlıdır ki, dialektoloji tədqiqat sahəsində yaxşı təcrübə toplamış, bu elmin sirlərinə bələd olmuş tədqiqatçı ayrı bir sahəyə maraq göstərir, aktuallığına görə çox əhəmiyyətli olan, lakin yenə də həm material toplanması, həm araşdırma baxımından ağır zəhmət tələb edən  bir sahəyə - toponimiyaya üz çevirir. “Azərbaycanın Şimal rayonlarının toponimiyası” adlı doktorluq işini də Səyyarə xanım 4-5 ilə tamamlayıb, elmi məsləhətçisi professor Ə.Dəmirçizadəyə təhvil verir. Professorun müsbət rəyini alan tədqiqatçı gözləmədiyi halda bəzi elmi mütəxəssislərin əks münasibəti ilə qarşılaşır. Ona görə də 1973-cü ildə tamamlanmış dissertasiyanı Səyyarə xanım 1979-cu ildə müdafiə edə bildi.

80-ci illərdən sonra Səyyarə xanıma onomastikaya, xüsusən toponimiyaya həsr olunmuş çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının birinci rəsmi opponenti kimi məsuliyyətli iş həvalə olunurdu. 90-cı illərdən başlayaraq o, səhhətindəki problemlə bağlı çox əziyyət çəkirdi, ancaq buna baxmayaraq Səyyarə xanım 300-350 səhifəlik dissertasiyaları oxuyur, elmi-nəzəri səviyyəsi ilə diqqəti cəlb edən 10-12 səhifəlik rəy yazır və həmişə də tələbkarlıqla yanaşı, dissertanta xeyirxahlığı da nəzərdən qaçırmırdı. Ona görə də üstündən illər keçəndən sonra da indi elmlər doktoru, professor titullu o alimlər Səyyarə xanımı xoş duyğularla yad edir, öz minnətdarlıq hisslərini bildirirlər. Səyyarə xanım ümumilikdə 150-yə yaxın elmi məqalənin, 8 monoqrafik kitabın müəllifidir. Onun rəhbərliyi ilə 12 nəfər filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Onun rəhbərlik etdiyi bir neçə dissertasiya işi isə hələ müdafiə olunmayıb. Professor S.M.Mollazadə o zamankı SSRİ-nin Moskva, Kiyev, Leninqrad, Ufa, Tbilisi, Daşkənd kimi elm mərkəzlərində keçirilən konfranslardakı maraqlı məruzələri ilə elmimizi layiqincə təmsil edirdi. Səyyarə xanım 80-ci illərdən başlayaraq Azərbaycan Televiziyasının mənəviyyata həsr olunmuş verilişlərinə tez-tez çağırılardı. Mənim yaxşı yadımdadır ki, onun bu verilişlərdəki çıxışlarını tamaşaçılar maraqla qarşılayardılar.

Professor S.M.Mollazadənin iş yoldaşları ilə münasibəti haqqında daha geniş danışmağa ehtiyac var. Ona görə ki, az qala hər şeyin “bazar münasibətləri” prinsipi ilə ölçüldüyü indiki dövrdə mənəvi dəyərlərə, humanist yanaşmalara üstünlük verilməsinə çox ehtiyac var. Onu tanıdığım 40 il ərzində başa düşmüşdüm ki, Səyyarə xanım gözəllik aşiqidir. O həm zahiri, həm də daxili gözəlliyi yüksək  qiymətləndirirdi. Mənən təmiz, zəngin olmaq insanın, əsasən də, müəllimin ilkin xarakterini müəyyənləşdirməlidir. Səyyarə xanım deyirdi ki, insan daxili zənginliyi, mənəvi aləmi ilə çox da cəlbedici olmayan zahirini də insanların gözündə dəyişə bilər. Bütün bunlardan idi ki, Səyyarə xanım öz iş yoldaşlarını rəhbəri olduğu bir ailənin üzvləri hesab edirdi. Biz (yəni kafedranın əməkdaşları) işə həvəslə gəlirdik, çünki bilirdik ki, burada bizi səmimi münasibət, işgüzar ab-hava gözləyir. Burada nəinki iş, hətta çözülməsi çətin olan ailə qayğılarımız da həll oluna bilər (və həll olunurdu). Əlbəttə, bu mühiti Səyyarə xanım yaratmışdı - özünün sadəliyi ilə, insanlara  olan hüdudsuz sevgisi ilə.

Burada onun sadəliyi haqqında ayrıca söz açmağı vacib bilirəm. Filologiya elmləri doktoru, professor (1989), ATU-nun Elmi Şurasının və Tibbi profilaktika fakültəsi Elmi Şurasının üzvü, kafedra müdiri olan Səyyarə xanım müdirdən çox ailə başçısına, kollektivin ağbirçəyinə, məsləhətçisinə oxşayırdı. Sıravi işçinin də yeri onun üçün ucada idi. Bizim xeyirimiz, şərimiz, sevincli, acılı günlərimiz Səyyarə xanımsız keçməzdi. Ona görə  biz hamımız onu özümüzə doğma bilirdik. Onun adı bizim üçün tanınma, hörmət olunma ünvanı idi. “Mən Səyyarə xanımın kafedrasındanam” demək kifayət idi ki, sənə qayğıyla yanaşsınlar, köməklik etsinlər. Səyyarə xanım 2012-ci ildə xəstəliklə bağlı işdən getdi. Ancaq biz onunla daim əlaqə saxlayırdıq. Ad günlərində onun qonağı olurduq, haqqında tədbir keçirir, məqalələr yazırdıq. Onun dünyasını dəyişməsi hamımıza ağır təsir etdi. Dəfn günü hamımız əziz Səyyarə xanımın vida mərasiminə toplaşdıq, bu sətirlərin müəllifi və kafedranın dosenti Hacı Zərifə xanım çox təsirli vida sözü söylədilər. Mərhumun üçü günü Səyyarə xanımı gənclik illərindən tanıyan, 50 ilə yaxın onunla bir çalışan dosent İsmət xanım əziz ustadına, mənəvi bacısına olan ülvi hisslərini ifadə etdi:

“Xeyirxah, gözəl insan, sədaqətli dost, hamının sevimlisi, müdriklik mücəssiməsi Səyyarə xanım! Bu ağır məclisdə danışmaq çox çətindi, axı Siz adi insan deyildiniz... Siz dünyaya yaxşılıq etmək üçün gəlmişdiniz. Çevrənizdə olanlara əl tutmaq Sizin həyat kredonuz idi. Sanki yaxşılıq etməyi, arxasıza arxa durmağı vəzifə borcunuz sayırdınız...”

İsmət xanımın “Təbib” qəzetində çap etdirdiyi (16.XII.2015) “Sən getdin, elə bil dünya boşaldı” adlı yazısında da belə səmimi cümlələr var:

...Vacib deyil ki, insana ya sinifdə, ya auditoriyada dərs deyəsən. Səyyarə xanımın oturuşu, duruşu, baxışı, elə varlığı insana çox şey öyrədirdi. Belə, bir deyim var: “...Qoqolun şinelindən çıxmışıq”. Biz də Səyyarə xanımın məktəbindən keçmişik, ondan bəhrələnmişik...”

Səyyarə xanımda olan bu qədər daxili zənginliyin səbəbi onun anadangəlmə gen əlamətidirsə, dünyaya göz açdığı mühitin, boya-başa çatdığı ailənin oynadığı rolu da qeyd etməsək, olmaz. Erkən dünyadan köçmüş anası mələk kimi bir insan imiş. Atası Məmməd kişi ictimai həyatda fəal olduğu kimi, insanlara qucaq açan, el-oba qayğısı ilə yaşayan bir şəxsiyyət idi. Səyyarə xanım tez-tez nənəsi Pəri xanımdan sitatlar gətirərdi. Dünyagörmüş bu “diplomsuz diplomat” qadının sinəsi ədəbi və tarixi deyimlərlə dolu imiş. Səyyarə xanım hətta toponimik tədqiqatlarında belə bu qadının gözlənilməz “tapıntılar”ından  faydalanmışdı.

Orta məktəbdə də Səyyarə xanımın gözəl müəllimləri olmuşdu. Məncə, elə böyük pedaqoq Bilqeyis xanımın adını xatırlamaq çox şeydən xəbər verir. Səyyarə xanımın ağıllı, düşüncəli, savadlı rəfiqələri var idi, məsələn, Rəhilə xanım (yazıçı Əlfi Qasımovun həyat yoldaşı). Onlar son günlərinə qədər bacı oldular. Əlbəttə, bir də onun özünün həyata baxışı, ömrün, dünyaya gəlməyin səbəbləri barədə özünəməxsus mülahizələri. Ona görə də bu insanın 83 illik ömrü bizə az görünür, yarımçıq təsiri bağışlayır...

Səyyarə xanımın övladları da özünə layiqdilər. Onlar çalışdıqları sahədə fərqli mövqe qazandıqları kimi, analarına münasibətdə də canıyananlıqları ilə seçiliblər. Onların uşaqları da nənələrinin böyük insan olduğunu, cəmiyyətdə fərqli ad-sana sahib olduğunu dərindən dərk edirlər. Sözsüz, bütün bunların səbəbkarı Səyyarə xanımın özüdür - sadə, təvazökar, hər şeydə gözəllik axtaran, ürəyi insanlara sevgi ilə dolu Səyyarə xanımın...

Akif MİRİYEV
Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının müdiri

 





13.02.2016    çap et  çap et