|
|
|
|
2013-cü il yanvarın 28-də tanınmış və sevimli sənətkarımız – kinorejissor, ssenarist, operator Zaur Məhərrəmovun 75 yaşı tamam oldu. Ömrünü kino sənətinə həsr edən bu böyük sənətkarın həm bədii, həm də sənədli kino sahələrindəki yaradıcılığı milli kinomuzun ən parlaq səhifələrindən birini təşkil edir.
Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı aparılan kino tədqiqatlarının nəticələri olan “Mirzə Kazımbəy”, “Sənsiz”, “Almas İldırım”, “Nurlu qəbirlər”, “İstiqlal yollarında”, “Dünya bir pəncərədir”, “Meydan”, “Əzablı yollar” filmləri, tamaşaçılarda vətənpərvərlik hissi oyatmaqla yanaşı, həm də sənədli kino inciləri sayılan əsərlərdir və müəllifin yaradıcılıq yolunun parlaq nümunələridir.
Zaur Məhərrəmov Azərbaycan kinosunda öz dəsti-xətti, yüksək poetik obrazlılığı ilə seçilən, böyük peşəkarlıq nümunəsi olan və kinematoqrafın bütün proseslərində aktiv iştirak edən sənətçi kimi tanınır.
Zaur Xasay oğlu Məhərrəmov Bakıda ziyalı ailəsində anadan olub. Fəaliyyətə 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvanın Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb və institutu əla qiymətlərlə bitirərək “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi fəaliyyətini davam etdirib. O, 16 bədii filmin quruluşçu operatoru olub və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb.
Tamaşaçıların sevə-sevə baxdıqları “Uşaqlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü”, “Uzun ömrün akkordları” və s. bədii filmlərin quruluşçu operatoru Zaur Məhərrəmovdur.
80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə “Yaddaş” studiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirən “Bakı balkonları”, “Köç”, “Üzeyir Hacıbəyov”, “Həbib və Gülxanım” və c. filmlərini yaradıb.
Onun müəllifi olduğu filmlər bir çox Beynəlxalq Festivallarda iştirak edərək mükafatlara layiq görülüb. Son olaraq, “Həbib və Gülxanım” filmi 9-cu Nyu-York Türk filmləri festivalına qatılıb və uğur qazanıb.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı, professor Zaur Məhərrəmov Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, hər zaman yaradıcılıq axtarışında olan, kino sənətinin bütün incəliklərinə yiyələnmiş yüksək peşəkar, öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik bir sənətçidir...
Bu gün o, Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində dərs deyərək, öz bilik və bacarığını qardaş türk xalqının kinosunun inkişafına həsr edərək Türkiyə sinemaçıları ilə Azərbaycan kinematoqrafçıları arasında ünsiyyət yaradılmasında körpü rolunu oynayır. Onun təzə çapdan çıxmış “Kino üzərində düşüncələr” kitabı isə kinematoqrafa olan vurğunluğunun və sədaqətinin daha bir təzahürüdir...
Hörmətli və əziz həmkarımızı 75-illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosu