525.Az

“Müasir Azərbaycan ədəbiyyatı” Yazıçılar Birliyində təqdim olunub (FOTOLAR)


 

“Müasir Azərbaycan ədəbiyyatı” Yazıçılar Birliyində təqdim olunub <b style="color:red">(FOTOLAR)</b>

Bu gün Yazıçılar Birliyində (AYB) ədəbiyyatşünas alim Təyyar Salamoğlunun “Müasir Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimi və imza günü keçirilib.

525.az-ın məlumatına görə, AYB-nin katibi Arif Əmrahoğlu alimi Azərbaycan müasir nəzəri fikrinin görkəmli nümayəndələrindən biri kimi səciyyələndirib: “Yaşına baxmayaraq, əsərlərini oxuduqca aydın olur ki, o əslində qocaman bir filoloqdur. Təqdim olunan kitab dərs vəsaiti kimi nəzərdə tutulub. Bizim klassik ədəbiyyatımızdan tutmuş müasir ədəbiyyatımıza qədər bir çox mühüm mövzular Təyyar Salamoğlunun tədqiqat obyekti olub. Kitabda çox görkəmli şəxsiyyətlərin- Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Almas İldırım, Mir Cəlal Paşayev, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Əkrəm Əylisli, Məmməd Arif kimi ədəbiyyatımızın böyük şəxsiyyətləri haqqında araşdırmaları yer alıb. Belə sanballı ədəbiyyat adamlarının haqqında yazılması isə kitabın mənəvi dəyərini  daha da artırır”.

Əli Rza Xələfli T.Salamoğlunun ziyalı kimi mənəvi cəhətdən də tam yetkin insan kimi dəyərləndirib. O, çıxışında alimin keçdiyi həyat yolundan, yaradıcılığından söz açıb: “Sabirabad rayonunda dünyaya gələn Təyyar Salamoğlu 1981-ci ildə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1988-ci ildə “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası” mövzusunda namizədlik, 2007-ci ildə “80-ci illər Azərbaycan romanı: janr təkamülü” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Alim “Pedoqoji mühit və uşaq ədəbiyatı”, “Faciəli talelər”, “Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)”, “Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri”, “Tarixi və çağdaş ədəbi proseslərə dair araşdırmalar” monoqrafiyalarının, “Ədəbi tənqid tarixinə dair protret- oçerklər” adlı dərs vəsaitinin, 150-dən artıq elmi məqşalənin müəllifidir. Elmi məqalələri Rusiya, Türkiyə və başqa xarici ölkələrdə çap olunub”.

Professor Nizami Tağısoy tədbirdə “ Müasir Azərbaycan ədəbiyyatı professor Təyyar Salamoğlunun baxışları müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, çağdaş bədii-estetik fikrimizin müxtəlfi səpkili problemləri ilə ardıcıl və ciddi məşğul olan professor Təyyar Salamoğlu bir qayda olaraq ədəbiyyatımızın bu dövrünü dərindən təhlili edib özünəməxsus fikir söyləməyə çalışmaqdadır: “Müasir Azərbaycan ədəbiyyatı adı altında müəllifin təqdim etdiyi ədəbi şəxsiyyətlərin yazıb-yaratdığı dövr məlum olduğu kimi zaman baxımından daha geniş kəsiyi əhatə edir. Təyyar Salamoğlu sovet dövründə yaradılmış ədəbiyyatın həqiqətən də mürəkkəb və ziddiyyətli xarakterli oldunu, onun heç də ədəbi-kulturoloji məkanda birmənalı qarşılanmadığını sübut etməkdə israrlıdır. Ədəbi-mədəni düşüncəyə import olunaraq pərçim edilmiş sesrealizm estetikası bədii təfəkkürümüzün nəinki təkamülünü səmərəli istiqamətlərə yönəltdi, həm də onun etnik-milli zəmində inkişafını əngəllədi. İctimai şüur korşalır, yeni həyat fəlsəfəmizə mənfi təsir göstərən hallar ədəbi-mədəni şüura mane olurdu. Bunu söylədikcə biz heç də sovet, proletar ədəbiyyatını mühakimə etmək fikrində deyilik. Lakin bu da məlumdur ki, təkpartiyalı siyasi-ideoloji məkanda ortaya çıxan ədəbi məhsulların hamısı heç də kondisiyaya cavab vermirdi. Bu gün sovet ədəbiyyatına münasibət birmənalı olmadığından onu yeni dəyərləndirmə şkalaları altında nəzərdən keçirməyə ehtiyac duyulmaqdadır. Bu, heç də ictimai siyasi kursun və ədəbi-estetik meyarların dəyişilməsi ilə əlaqələndirilməməlidir. Professor Təyyar Salamoğlu belə nəzəri bazanın yaradılması ilə bağlı “Müasir Azərbaycan ədəbiyyatı” adlı dərs vəsaitinin ortaya çıxmasını zəruri hesab edir”. Məruzəçi qeyd edib ki, alimin sözügedən kitabı Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib çapa məsləhət görülməsi gənc nəslin tədqiqatçı və araşdırmaçıların biliklərini artırılmasındla dəyərli mənbə kimi öyrənilməyə layiqdir.

Professor Nizaməddin Şəmsizadə deyib ki, biz belə müzakirələrdə özümüz özümüzü qiymətləndiririk: “Təyyar Salamoğlu Azərbaycan ədəbi-ictimai mühitində öz yeri olan nəzəriyyəçi alim, tənqidçidir. Roman janrının xüsusiyyətlərini araşdırmaqla o, həmin dövrdə adıçəkilən janrı lazımsız hesab edənlərə sanki cavab verib. Tarix göstərdi ki, roman yaşayır və hər bir xalqı ədəbiyyatda yaşadan romandır. Nə qədər ki, xalq yaşayır romanlar da yazılacaq. Təyyar Salamoğlu məhz bu həqiqəti cəmiyyətə çatdırmağı qarşısına məqsəd qoyub və buna nail olub. Alimin işlədiyi mövzulara indiyədək toxunulub, lakin Təyyar Salamoğlu mövzulara yeni rakursdan yanaşaraq təhlil edib. Ehtiyac vardı ki, sovet dövrü ədəbiyyatı yeni tarixi nöqteyi- nəzərdən araşdırılaraq oxucuya çatdırılsın. Bu, ideoloji dəyişikliklə bağlı məsələdir. Təyyar Salamoğlunun kitabının dəyəri bundadır ki, burada verilən portret oçerklər bizim oxucularımıza, tələbələrimizə çox lazımdır”.

“Təyyar Salamoğlu əsl alimdir. Əsl alim sözünü işlətməyə məcburuq. Keçmişdə alim alim idi, fəhlə fəhlə idi, bənna bənna idi. Ancaq zəmanəmizdə hər şey dəyişilib. O qədər hər şeyin dəymişi kalına qarışıb ki, həqiqi alimdən söz düşəndə məcbur olub onun adının qarşısında əsl kəlməsini işlətməli oluruq. Səmimi qənaətim bundan ibarətdir ki, mən Təyyar Salamoğlunu əsl alim hesab edirəm. Çünki o gənc nəsillər üçün faydalı əsərlər yazmaqla məşğuldur”. Bu fikirləri tədbirdə professor Qəzənfər Paşayev səsləndirib.

Alxan Bayramoğlu müəllifin hər zaman mübahisə doğuran məsələlərə toxunduğunu qeyd edərək onun yaxşı mənada mübahisə zamanı əsl həqiqətləri ortaya çıxarmaqla məşğul olduğunu söyləyib: “ Təyyar Salamoğlu sanballı bir alim kimi həmişə çalışır ki, çatışmazlıqlar olmasın, yeri gələndə isə həqiqətin müdafiəsi üçün mübahisələrdən çəkinmir və öz mövqeyini ortaya qoymağa, sübut etməyə nail olur”.

Professor Qəzənfər Kazımov tədqiqatçının əsasən daha az işlənmiş sahələrə müraciət etdiyini, işlənmiş sahələrə isə yeni aspektlərdən  yanaşan bir alim olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, kitabın ön söz müəllfi filologiya üzrə fəlsəfə doktoru Nəcəf Nəcəfov, elmi redaktoru professor Himalay Qasımov, rəyçilər- professorlar Zahid Xəlil, Nizami Məmmədov, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli və dosent Ramin Əhmədovdur.

Sonda müəllif tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib və nəşrin ictimaiyyət tərəfindən müsbət qarşılanacağına inamını ifadə edib: “Müasir ədəbiyyat sosrealizm ədəbiyyatını dəyərləndirməyə borcludur. Bu təhlillər, elmi-nəzəri təsnifatlar total münasibətdən sərf- nəzər olunmalıdır. Elmi-nəzəri və metodoloji qiymətləndirmə və təhlillərimizdə konkretliyə, obyektivliyə və analitikliyə nail olmalıyıq. Sovet dövrü ədəbiyyatına yeni metodoloji dəyərlər prizmasından baxış cəhdi kimi dərs vəsaitinin maraqla qarşılanacağına inanıram”. Sonra T.Salamoğlu kitabını imzalayaraq oxuculara təqdim edib.

Sevinc MÜRVƏTQIZI

 





29.01.2013    çap et  çap et