525.Az

Fikrət Qocanın şeirləri


 

Fikrət Qocanın <b style="color:red">şeirləri</b>

QAÇQINLAR

Özümə bəs deyildimi
Öz ağrım, öz acım mənim.
Qaçqınlar halına yanır
Qaçqın anam, bacım mənim.
Qaçqınlar sellənib gəlir
Evində n, elindən qaçır.
Yad ellərə üz tutubdu
Doğmalar əlindən qaçır.
Min illik qohum-qonşu da
Elə bil ki, dəli olub.
Sizin düşmən olduğunuz
Niyə indi bəlli olub?
Hamilə suda boğulur,
Körpə var yolda doğulur.
Cavana sərhəd çəkirlər,
Nənə qapıdan qovulur.
Ekranlarda hamı görür,
Hamı bilir, hamı qanır.
Kədərlənir, gözü dolur,
Fikir çəkir, hala yanır.
Sahibsiz iti qoruyur,
Qaçqını sərhəddən qovur.
Ağılsızlıq deyil ki, bu,
Bu ağılın bəlasıdı.
Qardaşın bacındı qaşqın -
-Adəm, Həvva balasıdı.
Qaçqın düşən məhəbbətdi,
Ədalətdi, sədaqətdi.
Ölkələr qaçqın yoluna
çəkibdi sərhədi, səddi.
Qaçqınlıqdan hara qaçsın
Üzünə qapılar bağlı,
Qaçqındı ürəyi dağlı
Bəndi uçmuş seldi gedir.
Örpəyini külək açır
Arzusunu, ümidini
Tikanlı məftillər didir.
Bu qaçqınlıq həyatdır
Ən kədərli bayatıdır:
Əzizim bitmək yaxşıdı,
Vətəndə bitmək yaxşıdı,
Öləndə də, itəndə də
Vətəndə itmək yaxşıdı...
Hara qaçsan cəhənnəmdi
Vətənə getmək yaxşıdı!

15.02.2016
 
UŞAQ OLMAQ AĞIR İŞDİ

Səhər tezdən oyanmaq
Nə istədiyini qandırmaq,
deyiləni qanmaq,
elədiyin cığallığı danmaq,
İnadından yapışıb dayanmaq,
İştahasız yemək.
Demək istədiyini - demək.
Nə uzun çəkdi böyümək...
Uşaq olmaq ağır işdi.
Hər səhər məktəbə qaçmaq.
Kiminləsə dalaşmaq,
Kiməsə qəlbini açmaq.
Kiminləsə barışmaq.
Dərsdə, idmanda,
Hər yerdə, hər yanda
yarışmaq, yarışmaq...
uşaq olmağınla barışmaq,
Uşaq olmaq ağır işdi
Biri düz demir,
biri düz deyir,
hərə bir söz deyir.
Məktəbdə müəllim, evdə anam,
Axı məndə insanam...
Yox! Uşaqsan deyirlər.
Xəlbətə salıb hərdən döyürlər.
Sonrada uşağı döyməzlər deyirlər.
Hə... zəng oldu
Rəyazət dərsi də belə getdi.
Böyüklərin yadından çıxıb
Uşaq olmaq ağır işdi.

13.02.2016

ÜMİD VER

Hər tərəfə çökür axşam
Mən də bir şam yandırmışam.
Tək-tənhayam, soyuq daşam,
Ay şam, ümid ver sabaha.

Göy qaşın qatıb düşünür,
İçimdə ruhum üşünür,
Qara buludlar eşilir,
Axşam, ümid ver sabaha.

Dövran, qalıb öz başına,
Aləm dözür söz daşına,
Dünya dəyməz göz yaşına,
Paşam, ümid ver sabaha.

10.02.2016

 





16.02.2016    çap et  çap et