525.Az

Qardaşlaşmış məktəblilərdən prezidentə müraciət - Fotoreportaj


 

Qardaşlaşmış məktəblilərdən prezidentə müraciət - <b style="color:red">Fotoreportaj</b>

Rusiyalı və Türkiyəli məktəblilər vətənlərinə Azərbaycan sevgisi ilə qayıtdılar

Qardaşlaşmış Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan 525.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“Təkcə məktəblilər və məktəblər arasında deyil, həm də xalqlar, ölkələr arasında qardaşlığa, isti münasibətlərə töhfə verən “Qardaşlaşmış məktəblər” layihəsinin məhz Azərbaycanda keçirilməsi Sizin mənəvi haqqınızdır. Görüb eşitdiklərimiz bizim hər birimizdə bu qənaəti də gücləndirdi ki, Siz bir dövlət başçısı, həm də sadə, mehriban insan olaraq yeniyetmə və gənclərin yaxın dostu və himayədarısınız. Sizin təhsil aldığınız 6 nömrəli məktəbdə keçirdiyimiz görüşlər, məktəb illərinizi əks etdirən foto-guşə ilə tanışlıq da qəlbimizdə silinməz xatirəyə çevrildi.

Biz ürəyimizin səsi ilə Azərbaycanda gördüklərimizi ölkəmizdə təbliğ və təşviq edəcəyik. İmzaladığımız qardaşlıq andında üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərək növbəti dəfə öz dostlarımızla Moskva və Ankarada yenidən görüşəcəyik.

Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ölkənizdən zəngin təəssüratla ayrılırıq, bizi Bakıya Azərbaycana marağımız gətirdi, indi isə Vətənimizə özümüzlə Azərbaycan sevgisi aparırıq.

Sizə və Prezidenti olduğunuz Odlar Diyarına sonsuz sevgi ilə”. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk dəfə beynəlxalq arenaya çıxan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakıya səfər etmiş Rusiya və Türkiyə məktəbliləri öz vətənlərinə qayıdıblar.  

Xarici ölkə məktəbliləri Bakıya heyran oldular 

2016-cı il fevralın 13-dən 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış məktəblər” layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşib. Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında “Qardaşlaşma sazişi” imzalanıb. Təntənəli imzalanma mərasimindən sonra qardaşlaşmış məktəblilər şəhərimizin görməli yerlərində - Dövlət Bayrağı meydanı, Əl oyunları Sarayı, Bakı Venesiyası, Qız qalası, Filarmoniya bağı, İçərişəhər, Şirvanşahlar sarayı, Sabir bağı, Fəvvarələr meydanında, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində olublar. Qonaqlar xüsusilə Heydər Əliyev Mərkəzindən və Heydər məscidindən böyük təəssüratla ayrılıblar. Layihə çərçivəsində məktəblilər Təhsil nazirinin müavini Firudin Qurbanov, “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə maraqlı görüşlər keçiriblər.  

Kamal Abdullayev: “Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib”

Layihənin sonuncu günü Qardaşlaşmış məktəblilər və Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları dövlət rəsmilərinin iştirakı ilə yekun mərasimə qatılıblar. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev mərasimdə çıxış edib. Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçılarına və təşkilatçılarına öz təşəkkürünü bildirən Dövlət müşaviri qardaşlaşan məktəblilərə dostluqlarının bir ömür boyu sürməsini arzulayıb: “Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”.  

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm qış məktəbinin və “Qardaşlaşmış məktəblər” layihəsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Yolasalma mərasimində Rusiya və Türkiyə və Azərbaycan məktəbliləri kövrək anlar yaşayıblar. Ürək sözlərini və arzularını bölüşən şagirdlər bir-birinə əlvida yox, “hələlik” deyərək, ayrılıblar.

“Qardaşlaşmış məktəblər” layihəsi cəmiyyətdə böyük maraq doğurub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili Sahibə Qafarova: "Prezident İlham Əliyev 2016-cı ili Multikulturalizm ili elan edib. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin beynəlxalq arenaya çıxmasının məhz bu ilə təsadüf etməsi ikiqat böyük hadisədir. "Yay məktəbi" layihəsinin ardından Multikulturalizm Mərkəzinin və Bilik Fondunun həyata keçirdiyi "Qış məktəbi" layihəsi Azərbaycanın dünyadakı dostlarının sayını çoxaltmış oldu. Hər iki məktəbin iştirakçıları ölkəmizin tolerant mühiti, cənab Prezidentin sözləri ilə desək, azərbaycanlıların həyat tərzi olan multikultural əhvalı, ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrimiz barəsində geniş bilgilər əldə etdilər. Rusiya, Türkiyə, Bakı məktəbliləri bir-biri ilə ünsiyyət yaratdılar, xaricilər azərbaycanlı, azərbaycanlılar isə xarici həmyaşıdları ilə dostlaşdılar, qardaşlaşdılar. Azərbaycanın qonağı olan məktəblilər ölkəmiz barədə zəngin təəssürat aldılar. Onlar öz ölkələrində Azərbaycanın multikultural modelini nümunə kimi təqdim edəcək, təəssüratları dostları ilə bölüşəcəklər. Bu layihə xaricilərin Azərbaycana ola marağını, sevgiyə çevirəcək səviyyədə baş tutdu”.

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, fəlsəfə doktoru Qulu Novruzov: "Rusiya, Türkiyə, Azərbaycan məktəblilərinin Bakıda bir araya gəlməsi, qardaşlıqlarını əks etdirən sənəd imzalamaları tarixi hadisədir. Dost və qonşu dövlətlərdən şagirdlərin ölkəmizə səfəri Multikulturalizm ilinə təsadüf etdi. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilində də islahatlar aparılır. Ölkəmizdə qonaq olan şagirdlər və onların təhsil aldıqları məktəblərin rəhbərləri bütün bunları gözləri ilə gördülər, fikirləri ilə təsdiqlədilər. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin daha geniş coğrafiyanı əhatə edəcəyinə şübhə etmirəm. Dünyanın gələcəyi sayılan məktəblilərin ölkəmiz barəsində gerçəklikləri daha dəqiq bilmələri vacibdir. Bu missiyanı şərəflə həyata keçirənlərə minnətdarlığımı bildirir və onlara gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Millət vəkili Dilarə Cəbrayılova: "Bilik Fondu gənclərimizin şəxsi inkişafı və maariflənməsi, dünyagörüşünün formalaşması istiqamətində bir çox tədbirlər həyata keçirməkdədir. Nardaranda yerləşən 295 nömrəli tam orta məktəb Bilik Fondu ilə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan böyük məmnunluq duyuruq. Şagirdlərimiz Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin “Qardaşlaşma sazişi”nin imzalanması mərasimində iştirak ediblər. Sevinirəm ki, fərqli mədəniyyətlərə, adət-ənənələrə malik olan məktəblilərin arasında daha bir dostluq körpüsünün əsası məhz bizim dövlətimizdə qoyuldu. Bu günün məktəbliləri gələcəyin qurucuları, dövlət xadimləri, diplomatları, alimləri, mədəniyyət xadimləridir. Dövlətimizdə həyata keçən bütün bu tədbirlər, bir daha onu göstərir ki, prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” kimi elan edilməsi təsadüfi deyil, düşünülmüş, praqmatik və gələcək uğurların davamlılığını təmin etmək üçün atılan siyasi addımdır”.

Bakı və Azərbaycan yeparxiyasının baş keşişi Konstantin Ata: “Məni gənc nəsil arasında yaranan bu ünsiyyət sevindirir. Üç böyük dövlətin – Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin görüşünün təşkil olunması çox gözəldir. İstərdim ki, gələcək layihələrinizdə Gürcüstan məktəbləri də yer alsın. Ən vacib olanı gənclərin təmasda olması, təcrübə, təəssüratların mübadiləsi, sevincin paylaşılmasıdır, bu, son dərəcə vacibdir. Düşünürəm ki, gələcəkdə bu ölkələr arasında qarşılıqlı əlaqələr davam edəcək. Çünki gənclər məktəb illərindən dostluğa başlasalar, bu, getdikcə xalqların, cəmiyyətlərin və dövlətlərin dostluğuna çevriləcək. Axı uşaqlıqda yaranan dostluq xatirələri bir ömür boyu öz təravətini saxlayır”.

Nardaran qəsəbəsi, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov: “Prezident İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etmasi ilə əlaqədar olaraq Bakı Mutikulturalizm Mərkəzinin keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsinin Bakı Slavyan Universitetinin akt zalında keçirilən imzalanma mərasimi şəxsən məndə və həmən toplantıda iştirak edən məktəbimizin şagirdlərində böyük təəssüratlar yaratdı. Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin iştirak etdikləri bu tədbir həqiqətən də Azərbaycanın bütün dünya ölkələri arasında multikulturalizmə böyük önəm verən bir ölkə olduğunu sübut etdi və möhtərəm prezidentimiz İlham Əliyevin multikulturalizm haqqında nikbin fikirlərinin həqiqətən gerçək olduğunu göstərdi”.

Səbail rayonu 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova: “Bizim məktəb beynəlxalq təhsil ocağıdır, adətən multikultralizmlə bağlı müxtəlif tədbirlərimiz olur. prezident İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq bu qəbilli tədbirlər mütəmadi xarakter aldı. Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin də  beynəlxalq arenaya çıxmasını bu sahədə irəli doğru atılmış mütərəqqi addım kimi dəyərləndirmək olar. Bütün başqa tədbirlərin, rəsmi və siyasi görüşlərin fonunda uşaqların da qardaşlaşması, dostlaşması gələcəyə-irəliyə atılan növbəti addımdır. Bu addım bütün dünyaya sülh mesajı verdi”.

 





17.02.2016    çap et  çap et