525.Az

"Atəşkəs" sənədli filmi Azərbaycan dilində - Fotoreportaj


 

"Atəşkəs" sənədli filmi Azərbaycan dilində - <b style="color:red">Fotoreportaj</b>

Fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi "Atəşkəs" sənədli filmi Azərbaycan dilində nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri, eləcədə media təmsilçiləri iştirak edib.

Tədbiri çıxış nitqi ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün macar və yerli heyət böyük əmək sərf edib: " Mən əslən Qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin görüntülərini görmək mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığı və bu işğaı altında olan yerləri nümayiş edirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir.  Bu film Qarabağ həqiqətlərinin həm Macarıstana, həm də bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Film barədə qısa məlumat verən U.Mirzəyev filmə göstərilən dəstəyə görə, Macar Turan Fondunun sədri Andras Biroya, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə təşəkkürünü bildirib.

Söz alan Macar Turan Fondunun sədri Andras Biro isə deyib ki, "Atəşkəs" filmi dünyaya mesajdır : "Azərbaycan və Macar xalqı hər bir zaman yaxındırlar və dostdurlar. Bu filmi izləyən və ürəyi olan hər bir  insan Azərbaycan xalıqının ağır taleyini anlamış olur.  Biz uzun illər, hətta 1990-cı illərdə bu faciənin yaşandığını, Azərbaycanda müharibənin olduğunu bilsək də, faciə barədə az məlumatlı olmuşuq. Bu gün "Atəşkəs" filmi vasitəsilə faciəni real kadrlarla öyrənmiş olduq. Film Azərbaycanda törədilən faciənin həqiqətlərini əks etdirir.  Xocalı faciəsi tək Cənubi Qafqazın yox, bütün dünyanın insanlıq faciəsidir".

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyev də qeyd edib ki, "Atəşkəs" sənədli filmi vasitəsilə dünyaya tək Xocalı faciəsinin həqiqətləri yox, həm də sülh ismarıcı göndərildi : "Sözün bitdiyi yerdir. Filmdə əziyyəti keçən Macar Turan Fondunun sədri Andras Biroya təşəkkür edirəm ki, o bu işə xüsusi səmimiyyətlə yanaşdı, filmi ərsəyə gətirdi. Burada bir insanpərvər bir şəxsin dünya ictimaiyyətinə çağırışını gördük.

Bütün gücünü bilik və bacarığını əsirgəməyən  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə təşəkkürümü bildirirəm. O, bütün çətinliklərə baxmayaraq komandayla filmi peşəkarcasına hazırlanmasına nail oldu. Biz də Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq filmə verdiyimiz bu dəstəyi həm də, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovdan gördük. Çox təşəkkür edirik.

Əlbəttə ki, bu, dövlətimizin bütövlükdə Azərbaycanda törədilən işğal faciəsiylə bağlı həqiqətlərin dünyaya çatdırılmasına  və maarifləndirilməsinə dair işlərin bir hissəsidir".

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edib.

Tədbirin sonunda A.Quliyev Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xüsusi təltifnaməsini Macar Turan Fondunun sədri Andras Biro və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə təqdim edib.

Sənədli film "İşğalın qurbanı" layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər , Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi , o cümlədən, Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini, leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb.

 





18.02.2016    çap et  çap et