525.Az

Məhəmməd Əmin Rəsulzadənin təvəllüdünə dair vacib bir qeyd


 

Məhəmməd Əmin Rəsulzadənin təvəllüdünə dair vacib bir qeyd<b style="color:red"></b>

Yanvarın 31-də yenə də Məhəmməd Əmin Rəsulzadənin tərcümeyi-halına müraciət olundu, onun 1884-cü il yanvar ayının 31-də dünyaya gəldiyi yazıldı və deyildi.
 

Bu tarixi yazanlar, yəqin ki, müəyyən mənbələrə əsaslanırlar, lakin demək olar, heç bir tədqiqatçı mənbə göstərmir. Bizim araşdırdığımız mənbədə isə bu tarix fərqlidir. Orada göstərilir ki, Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı 1884-cü il yanvarın 31-də yox, həmin ilin fevral ayının 29-da anadan olub.

Sənədlərə müraciət edirik.

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli Fondda  Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar saxlanılır.

Bu fond uzun illər boyu bir növ kölgədə qalıb, ondan nadir hallarda istifadə olunub. Ancaq artıq neçə ildir ki, 290 nömrəli fondun materialları tədqiqatçılar tərəfindən böyük maraq və həvəslə öyrənilir. Təəssüf ki, tariximizin   XIX və XX əsrlərinə aid ictimai-siyasi, bədii -fəlsəfi həyatının müəyyən mərhələlərini öyrənmək baxımından buradakı minlərlə arxiv materialları hələ də öz diqqətli,  faktlarla işləməyi bacaran, dərin analitik təfəkkür tərzli tədqiqatçılarını gözləyir. Arxivdə maarifçilik və dil materiallarına aid sənədlər üzərində işləyərkən, görkəmli maarifçi din xadimlərinin həyat və yaradıcılığını öyrənərkən Rəsulzadə soyadına rast gəldim. Bu ad mənə tanışdır. Babamın da, oğlumun da adı Rəsuldur.

Materiallarla tanışlıq üçün arxivə  sifariş verdim: 290 nömrəli fond, saxlama vahidi -2266.

Cəmisi 10 səhifədir. Lakin bu səhifələrdə yatan qeydlər tariximiz üçün əvəzsiz mənbədir.

FORMULƏRNIY SPİSOK ÇLENA BAKİNSKOQO QUBERNSKOQO ŞİİTSKOQO MEDJLİSA AXUNDA QADJİ MOLLA AQA (ON JE AXUND QADJİ MOLLA  ALİ  AKBER) RASULZADE

Sostavlen 17 marta 1901 qoda.

Sənədlər toplusunun tərcüməsi belədir:

Bakı  Quberniya Şiə Məclisinin üzvü AXUND MOLLA HACI AĞA (O, HƏM DƏ AXUND HACI MOLLA ƏLİ ƏKBƏRDİR)

RƏSULZADƏNİN FORMULYAR SİYAHISI                           .

17 mart 1901-ci ildə tərtib olunub.

lll

115 il bundan əvvəl tərtib olunmuş Formulyar siyahıdan məlum olur ki,  Molla Ağa - Axund Hacı Molla Əli Əkbər Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır.

Formulyar siyahıda Axund Molla Ağanın ruhani zümrəsindən olması və ailənin ata-baba mülkü haqqında da məllumat var:

Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü-evi və həyəti var.

Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) də ayrıca evi və həyəti də vardır.

Bakıda ev tərbiyə və təhsili alıb (xüsusi məktəb bitirməyib-N.N.).

Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub. Elə həmin qubernatorun 02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin edilib.

Formulyar siyahıda Axund Hacı Molla Ağanın ( Axund Hacı Molla Əli Əkbərin ailə vəziyyətindən də  danışılır:

Arvadı - Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ Zal qızıdır.

Oğlu - MƏHƏMMƏD 29 fevral 1884 -cü ildə, Qızı -ŞƏHRƏBANU isə 1888-cı il sentyabrın 9-da anadan olub.

Yeni tapılmış sənədlərə əsaslansaq, Məhəmməd Əmin Rəsulzadə düz bir ay cavanlaşır.

Formulyar siyahının hansı məqsədlə tərtib olunmasını aydınlaşdıra bilmədik. Hər halda, bu sənəddən Məhəmməd Rəsulzadənin xəbərdar olması heç kəsdə şübhə doğurmur. Sənəd imzalanan günlərdə Məhəmməd Rəsulzadənin 17 yaşı təzəcə tamam olmuşdu. Gənc Məhəmmədin o vaxtlarda bədii yaradıcılıqla məşğul olması, müxtəlif mövzularda yazılar yazması da etimal olunur.

M.Ə.Rəsulzadənin atası müəllimlərin müəllimi olub. Bunu deməyə əsasımız var: 12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini bizim dədə-baba məhəlləmiz Şıxzərlinin aşağısındakı Sarıtorpaq məhəlləsinin 46 yaşlı sakini MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU yaxşı yaşamaq üçün müəllimlik fikrinə düşür.

 Mirzə Ələkbər Zaqafqaziya Müəllimlər Seminariyasında yüksək vəzifəyə təyinatı gözlənilən Firudin bəy Köçərlinin yerinə şiəməzhəb şagirdlərə ana dili və şəriətdən dərs demək məqsədilə imtahan verib, attestat almaq üçün Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsinə müraciət edir. İmtahanlardan sonra Mirzə Ələkbərə müəllimlik attestatı (diplomu yox-N.N.) verilir. Lakin ali təhsili olmadığı üçün Firudin bəy Köçərlinin gözlənilən təyinatı alınmır. Yüzminlərlə insanın əqidə və tərbiyə müəllimi olan Mirzə  Ələkbərin də Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında müəllimlik etmək arzusu baş tutmur.

Ədəbiyyat və eləcə də ictimai fikir tariximizdə dədə-baba adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu imtahan edən 3 nəfərdən biri  M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ağa - Axund Hacı Molla Ələkbər olub.

 





18.02.2016    çap et  çap et