525.Az

Qazax aşıq mühiti monoqrafik müstəvidə


 

Qazax aşıq mühiti monoqrafik müstəvidə <b style="color:red"></b>

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" ("Elm və təhsil", 2015) adlı monoqrafiyası filologiya elmləri doktoru Cəlal Bəydilinin elmi redaktorluğu, professor Mahmud Allahmanlı, professor Seyfəddin Qəniyev və filologiya elmləri doktoru Rüstəm Kamalın rəyləri ilə işıq üzü görüb.

Kitabın redaktoru ön sözdə tədqiqat işinin yüksək elmi məziyyətlərindən söz açıb, İlhamə Qəsəbovanın bir neçə il əvvəl hazırlayıb nəşr etdirdiyi "XX əsr Qazax aşıqları və el şairləri" kitabını da yüksək dəyərləndirib.

İlhamə Qəsəbova kitabın ön sözündə aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə diqqəti çəkib, söz, musiqi və hərəkətin harmonik sintezindən ibarət olan aşıq sənətinin öyrənilməsinin aktuallığını əsaslandırıb. Kitabın ilk dəfə Qazax bölgəsi aşıq və şairlərinin ayrıca bir mühit səviyyəsində tədqiq edilməsilə şərtləndiyini göstərən tədqiqatçı bir cümlə ilə belə bir məqama  aydınlıq gətirir: "Gəncəbasar aşıq mühitinin tərkibində təqdim edilən Qazax aşıq mühiti coğrafi baxımdan iki mühitlə - Borçalı və Göyçə aşıq mühitləri ilə sıx yaradıcılıq əlaqəsində inkişaf edərək daha da təkmilləşmişdir".

Elə bu məntiqi zəmin üzərində də "Qazax aşıqlarının Gəncəbasar aşıq mühitinin təşəkkülündə rolu" adlı ilk fəsli tədqiqə çəkir. Bu bölümü də təbii olaraq aşağıdakı üç yarımfəslə bölür:1) Aşıq mühiti kontekstində Qazax aşıqları və el şairlərinin özünəməxsusluğu, 2) Göyçə aşıq mühiti ilə sənət əlaqəsi və 3) Borçalı aşıq mühiti ilə sənət əlaqəsi.

Hər bir xalqın tarixi ilə bağlı ilkin bilgilərin əvvəlcə mifik təfəkkürdə, bu təfəkkürün bədiiləşmiş formaları olan rəvayət, əfsanə, dastan və s.-də əks olunmasını qeyd edən müəllif yazır: "Hər bir xalqın qeyri-maddi mədəniyyətinin, etnik-mədəni dünyasının, mənəviyyatının qaynağı, təməl nöqtəsi onun folklorudur. Hər bir xalqın folkloru özünəməxsusluqla  yoğrulduğu kimi, hər bir bölgənin də folklor xəritəsində xüsusi folklor hadisələri vardır".

Daha sonra tədqiqatçı Qazax bölgəsinin folklor xəritəsindəki özünəməxsusluğuna diqqəti yönəldir, hər bir bölgə kimi buranın da folklor ənənələrinin zənginliyindən, hətta qədim idman növlərilə fərqləndiyindən, Qazağın ən qədim yarış oyunları sırasında at belində papaq oyunu, pəhləvan yarışmalarından danışır və əsas mətləb üstünə gəlib yazır:

"Qazax mahalı Gəncəbasar aşıq mühitinin tərkib hissəsinə daxil edilmişdir. Nəzərə alsaq ki, bu mahalın zəngin folklor nümunələri coğrafi baxımdan iki-Göyçə və Borçalı aşıq mühitlərinin sənət əlaqələri ilə formalaşıb, onda Qazax aşıqlarının yaradıcılığında, ifa tərzində bu iki mühitin sənət əlaqələri ilə qarşılaşmış olarıq. Ustad aşıqları, sazbəndləri, el şairləri və söz bilicilərini nəzərə almaqla Qazax bölgəsi ayrıca bir mühit kimi tədqiqat obyektinə çevrilməlidir".

Göründüyü kimi, İlhamə xanım mövzuya yaxşı bələddir, Qazax aşıq mühitinin indiyədək, elə indinin özündə belə Gəncəbasar aşıq mühitinin tərkibində olduğunu bilir, lakin bu mühitin içərisindən özəl olaraq tədqiqatına doğulduğu, böyüdüyü bölgəni cəlb etməyə üstünlük verir. Bu da kitabın redaktorunun da yuxarıda qeyd etdiyi kimi, müəllifin həmin yurda bağlılığının təzahürü kimi özünü göstərir.

Elə onun bölgəyə yaxından bələdliyinin nəticəsidir ki, aşıqların son zamanlara kimi Qazax mahalında toy məclisləri idarə etməsindən danışıb yazır:  "Son zamanlara qədər Qazax mahalında toyları və məclisləri aşıqlar idarə edərdi. Onlar xüsusi məclisi qurar, ibrətamiz fikirlər səsləndirər, dastanlar danışar, aralarında deyişmələr yaradar, sonda bir aşıq digərini bağlayardı. Əsl sınaq meydanı olardı. Toylar hətta üç, yeddi, bəzən qırx gün çəkirmiş. Deyilənə görə, elə aşıqlar olub ki, ayaqlarını zərblə yerə vurub, səsini zilə çəkəndə lampalar titrəyib sönərmiş. Hətta el arasında belə deyirlər ki, zil səsi ilə lampanı söndürən ustad aşıq Ağköynəkli Aşıq Məmmədyar (Əminov Məmmədyar) olub.

Aşıqlar arasında gedən deyişmələr bədahətən sinədən gələrdi. Aşıq yaradıcılığında deyişmə əvvəlcə sazın öz kökü üstündə, sonra isə aşıq-ifaçının oxusu üstündə gedir. Ən axırda küplə biləyi birləşdirən "beçə pərdə" üstündə deyişirlər. Kim beçə pərdədə oxuyardısa, ən uca səsli, ən gur nəfəsli aşıq hesab olunardı. Daim sadə xalqa yaxın olan, onların dərdini öz dərdləri, sevinclərini öz sevincləri bilən aşıqlar illər uzunu sinələrindəki sazı dilləndirməklə şeiri musiqiyə çevirib  insanların dərdinə də, sevincinə də şərik olmuşlar. Elə ona görə də haqlı olaraq aşıqlara bəzən həmdəm-həmqəm deyilmişdir. Əslində Qazax aşıqları yas mərasimlərində dini xurafatdan da danışar, dini şeirlərin mahiyyətindən söhbətlər açarmışlar".

Burada ustad aşıq Ağköynəkli Aşıq Məmmədyarın səsinin ecazından bəhs açması, habelə saz ifaçılığı ilə bağlı bəzi incə məqamları açıqlaması onu göstərir ki, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova bir tərəfdən tədqiqə çəkdiyi Qazax bölgəsinin ayrı-ayrı aşıqları haqqında müəyyən məlumata sahibdir, digər tərəfdən isə ümumi olaraq aşıq yaradıcılığının mahiyyəti, ifaçılıq sənətkarlığı barədə yetkin bilgi nümayiş etdirir. Onun Çoban Əfqanın (Ələkbər Namazov) həyatı və yaradıcılığı ilə bağlı gətirdiyi epizodik təfərrüatlar da müəllifin şəxsi toplama və araşdırmalarının məhsulu olaraq Qazax aşıq mühitinə  bağlılığından xəbər verir.

Altı cavan Kəsəmənnən getdilər,
Özlərinə yaxşı silah götürdülər. 

Çoban Əfqanın dilindən gətirilən bu misralarda xalq danışıq dili qorunub-saxlanılmışdır. Ancaq buradakı "götürdülər" ifadəsinin birinci misradakı getdilər sözü ilə zahirən (yəni yazılış baxımından) həmqafiyə olmadığı diqqəti çəkir. Bu məsələyə münasibət bildirib deyim ki, təkcə Qazaxda deyil, əksər bölgələrdə deyilişdə "götürdülər" kəlməsindəki "ür" hissəciyi ixtisara düşməklə səslənir ki, bu amili nəzərə aldıqda qafiyə pozuntusunun olmadığı aydınlaşır. Deməli, müəllif burada bilərəkdən (hətta məqsədli şəkildə) yazılış formasına riayət etmişdir. Amma ümumilikdə poeziyada qafiyə prinsipinin yazılışca yox, deyilişcə-tələffüz baxımından əsas götürüldüyü istisna qaydalar var ki, yuxarıdakı hal da məhz həmin sıradan hesab olunmalıdır.

Qıraq Salahlıdan on altı nəfər,
Libası irmeyi, atdarı kəhər...

Yaxud:

Əyribulan göydən enər yan qafıl,
Üstünüzə od ələr onu bil yəqin. 

Bu kimi misralardan da aşığın danışıq dilindən istifadə etdiyi aydın görünür, bunu haqlı olaraq tədqiqatçı Çoban Əfqanın sadə danışıq dilində, Qazax dialektində yazması kimi səciyyələndirir. Yaxşı haldır ki, burada dialekt sözü olan "irmeyi" ifadəsinin qırmızı rəngi bildirdiyini açıqlayır, "aeroplan" sözünün isə "əyribulan" şəklində işləndiyinə diqqəti yönəldir".

Şairin "Sizdə çağırın Ələmdar ağanı" misrası ilə başlanan bəndinə də münasibət bildirib İmam Hüseynə işarə olunduğundan danışır.  

Çoban Əfqan sizə fidə cavanlar,
Duaçıdır sizə burda qalanlar.
Ürəh nəzilməsə bundan nə anlar,
Yazıram dillərdə hekayət olsun. 

Bu alqış-duaları ilə Çoban Əfqan əsgərlərə uğur diləyir və Qazaxdan qoyun sürüsü ilə Dilican dərəsi deyilən yollarla yaylağa getməyə başlayır. İndiki İcevan deyilən yer köhnə Karvansara dedikləri Qazax mahalının tabeliyində olan ərazi olmuşdur".

İlhamə Qəsəbovanın şeirin söylənmə məqamı və coğrafi şəraitlə bağlı açıqlaması bir daha onu göstərir ki, o, araşdırma obyekti götürdüyü bölgəni yaxından tanıyır. Eyni zamanda gətirdiyi poeziya örnəklərinə də yeri gəldikcə bir yetkin tədqiqatçı kimi münasibətini ifadə edir.

Onu da qeyd edim ki, aşağıdakı cümlələr tədqiqatçının yerli mühitlə, camaatın dini inanclara bağlı görüşlərinə aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. "Qazax aşıqlarının özünəməxsusluqlarından biri də dini bayramlarda, Kərbəla müsibətinə hörmətlə yanaşmalarıdır. Məsələn, Qazax aşıqları məhərrəmlik ayında sazın simlərini sökərmişlər ki, birdən barmaqları simə toxunar".

 Milli düşüncədə bir "el aşığı" ifadəsi var. Bu, aşığın el adamı olmasına, elin içindən çıxmasına, elin qəmini qəm, dəmini dəm bilməsinə işarədir. Başqa sözlə, aşıq xalq ruhunun daşıyıcısıdır. Deməli, xalqımız matəmi el matəmi kimi ellikcə qarşılamağı da bacarmışdır. "Vayınkı ağlamaqdır, toyunku gülmək-oynamaq" müdrik deyimimizə həmişə əməl olunmuşdur. Aşıqlar da bir xalq müdriki, el ozanı olmaqla nəinki bu ənənədən kənarda qalmış, hələ bu ənənənin əsl daşıyıcısı olmaqla bir  ağsaqqallıq nümunəsi göstərmişlər. Əgər aşıq bir el ağsaqqalı kimi ümumxalq hüzn gününün tələblərini pozsa, onda cavan-cocuqdan nə gözləmək olar ki? Məntiqiylə düşünən xalqımızın, xalq aşığının yuxarıda göstərilən hərəkəti eləməsi də təbii qarşılanmalı, xalq müdrikliyinin bir göstəricisi kimi anlaşılmalıdır.

Filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın aşıq mühitinin araşdırıcısı olaraq bu kimi incə detalları diqqətdən qaçırmaması onun toxunduğu mövzuya  diqqətlə yanaşmağının, müraciət etdiyi bölgənin mühitini ətraflı, hərtərəfli tanımasının sübutudur. Aşığın, aşığın silahı olan sazın, sözün və hərəkətinin-davranışının tipini onu yaşadığı regionun əhalisi və adət-ənənəsi ilə təmasda vəhdət halında götürməsi, təhlil müstəvisindən keçirməsi məhz İlhamə Qəsəbovanın tədqiqatındakı uğuru şərtləndirmişdir. Gənc tədqiqatçıya gələcəkdə də bu yöndə uğurlarının seriyasını gətirməsini arzulayıram.

Şakir ALBALIYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





19.02.2016    çap et  çap et