525.Az

Harper Li öldü


 

Harper Li öldü<b style="color:red"></b>

İrqçilik əleyhinə yazılmış dünyaca məşhur bestseller "Bülbülü öldürmək" əsərinin müəllifi, yazıçı Harper Li 89 yaşında vəfat edib.

525.az-ın verdiyi məlumata görə, bu barədə H.Linin əsərlərini yayımçısı olan Harper Kollins Nəşriyyatı xəbər yayıb.

"Bülbülü öldürmək" ABŞ-ın kiçik bir əyalətində vəkil atası və özündən bir neçə yaş böyük qardaşı ilə yaşayan azyaşlı qızın dilindən qələmə alınıb.

İlk baxışdan uşaq ədəbiyyatı kimi görünən roman əslində dövrü üçün kifayət qədər aktual olan irqçilik problemini qabardır, onun mənfi tərəflərini axıcı və sadə dillə oxucuya çatdırır.

Sözügedən əsərdən sonra uzun illər kitab yazmayan Harper Li 55 il sonra yeni kitabı olan "Get bir gözətçi qoy" əsərini çap etdirib. "Bülbülü öldürmək" əsərinin davamı olan kitab kifayət qədər çox satılmasına baxmayaraq oxucuların haqlı narazılığına səbəb olub. "Bülbülü öldürmək romanından tanıdığımız Attikus Finç yeni əsərdə zidd mövqedə qərar tutub. Belə ki bu dəfə o, irqçiliyi ilə seçilir.

Qeyd edək ki, "Bülbülü öldürmək" romanı 1961-ci ildə "Pulitzer" mükafatına layiq görülüb, motivləri əsasında çəkilmiş film isə "Oskar" alıb.

Əlavə məlumat üçün bildirək ki, "Bülbülü öldürmək" əsəri 1972-ci ildə Azərbaycanda "Quşcuğaza qıymayın" adı altında "Gənclik" Nəşriyyatında çap olunub. 42 il sonra isə "Bakumoz" Kitab Mərkəzi və "Facebook"dakı "Kitabsevərlər" qrupunun birgə təşkilatçılığı ilə latın qrafikasında yenidən azərbaycandilli oxucuların ixtiyarına verilib.

Cavid QƏDİR

 





19.02.2016    çap et  çap et