525.Az

Umberto Eko öldü


 

Umberto Eko öldü<b style="color:red"></b> İtaliyanın məşhur yazıçı-filosofu Umberto Eko 84 yaşında vəfat edib.
 
U.Eko “Qızılgülün adı (1980),  “Fukonun rəqqası” (1988), “Bir gün əvvəlki ada” (1994) və başqa əsərlərin müəllifidir.

Qeyd edək ki, Ekonun son romanı “Sıfır Sayı” 2015-ci ildə çap olunub.

Azərbaycanlı oxuculara daha çox "Qızılgülün adı" romanı ilə tanış olan ədib irihəcmli əsərlərdən başqa çoxsaylı hekayələr və esselər qələmə alıb.

"Qızılgülün adı"nda hadisələr orta əsrlər monastırında cərəyan edir. Fəlsəfi-detektiv romandır. Ekonun postmodernist əsər haqqında nəzəri biliklərinin təcəssümü hesab olunur. Onun ilk əsəri olmasına rəğmən ən uğurlusu sayılır. Paralel olaraq xristian dininin tarixi və ehkamları haqqında dəyərli mənbədir.

1983-cü ildə Eko "Qızılgülün adı"na qeydlər" adlı kitabça nəşr etdirib.

Kitabçada əsərin yazılma texnikasından söhbət açılır, oxucu-müəllif-mətn probelemi şərh edilir.

Müasir postmodernizmin ağır artilleriyası sayılan Umberto Eko 1932-ci il, yanvarın 5-də İtaliyanın Alessandriya şəhərində anadan olub. 

Turin Universitetində orta əsr fəlsəfəsi və ədəbiyyatı üzrə təhsil alan Eko bu zaman ateizmi qəbul edərək Katolik kilsəsindən çıxıb. 

Universiteti bitirdikdən sonra tarixi araşdırma aparır və jurnalistik fəaliyyət göstərir, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir.

U.Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib.

Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir.

O, həmçinin, Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir.

1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəlidir. Bir qızı və oğlu var.

Əlavə məlumat üçün bildirək ki, son illər "Nobel" mükafatına ən layiqli namizədlərdən sayılsa da mükafat yazıçıya verilməyib.

Bundan başqa, azərbaycanlı yazıçı Nərmin Kamal "Umberto Ekonun postmodernizmi" adlı kitabını ədibin posmodernist-fəlsəfi düşüncələrinə həsr edib.

Cavid QƏDİR
 





20.02.2016    çap et  çap et