525.Az

Gündoğan ölkəyə səfərin unudulmaz təəssüratları


 

NOVRUZ NƏCƏFOĞLUNUN “EŞİTDİYİM VƏ GÖRDÜYÜM YAPONİYA” KİTABI NƏŞR OLUNUB

Gündoğan ölkəyə səfərin unudulmaz təəssüratları<b style="color:red"></b>

Azərbaycan ictimai və ədəbi mühitində özünəməxsus yeri olan yazıçı Novruz Nəcəfoğlunun (Novruzov) yeni çapdan çıxan “Eşitdiyim və gördüyüm Yaponiya” kitabı onun 2014-cü ilin may-iyun aylarında, bir qrup həmkarı ilə bərabər, Gündoğan ölkəyə 10 günlük səfərindən yaranan təəssüratlarını əks etdirir.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan kitabın elmi məsləhətçisi tarix üzrə fəlsəfə doktoru, II dərəcəli Dövlət müşaviri Hüseyn Mövsümov, naşiri Səlim Babullaoğlu, redaktoru Seyfəddin Hüseynlidir.

Kitabda verilən geniş rezümeni yapon dilinə professor Sinyiti Murata, ingiliscəyə professor Cavanşir Yusifli, rus dilinə Əməkdar jurnalist Əli Səidov çevirib.

Nəşrin ilk səhifələrində Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin və Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin kitabla bağlı fikirlərini əks etdirən məktubları dərc olunub.

Səfir G.İsmayılzadənin məktubunda qeyd olunur ki, N.Nəcəfoğlunun bu əsəri Yaponiyanın, yapon xalqının həyatının bir sıra görünməyən tərəflərinin Azərbaycan insanına daha bədii və estetik tərzdə çatdırılmasına xidmət edir: “Qələmə aldığı bu maraqlı və dolğun əsərə görə Novruz müəllimi səmimi qəlbdən təbrik edir və fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıram”.

Səfir T.Takahaşinin məktubunda N.Nəcəfoğlunun kitabının əhəmiyyətindən söz açılaraq belə bir fikir vurğulanır: “Zənnimcə, bu kitab Yaponiya-Azərbaycan əlaqələrinin gələcək inkişafına kömək edəcək”.

N.Nəcəfoğlunun “Eşitdiyim və gördüyüm Yaponiya” kitabı, bir tərəfdən, dünyada, o cümlədən, Şərq aləmində əsrlərlə tarixi olan, müstəsna əhəmiyyətə malik səfərnamələrlə, səyahətnamələrlə səsləşir. Digər tərəfdən isə, məzmun zənginliyi, forma münasibliyi, oxunaqlılığı, müəllif ustalığı baxımından, son dövrdə yol qeydləri janrında yazılmış ən maraqlı əsərlərlə bir sırada dayanır.

Müəllif qeyd edir ki, illərdən bəri maraq göstərdiyi Yaponiya barədə, yapon xalqının həyatı, mədəniyyəti, ədəbiyyatı haqqında indiyədək eşitdikləri və oxuduqları əsasında formalaşmış ümumi təsəvvürü bu səfər sayəsində həm xeyli konkretləşib, həm də daha dolğun, aydın şəkil alıb.

Yaponiyaya səfərin gerçəkləşməsinə təkan verən, imkan yaradan amillərdən bəhs edən N.Nəcəfoğlu ilk növbədə Azərbaycanın dövlət rəhbərinin bu istiqamətdəki müstəsna rolundan söz açır:

“Bir müdrik kəlam var ki, dünya həm də gör-götür dünyasıdır. Elə bu məqsədlə də 2007-ci ildən bəri artıq beşinci dəfə idi ki, təcrübə mübadiləsi üçün, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə respublikamızın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti başçılarının dünyanın inkişaf etmiş ölkələrinə qrup halında işgüzar səfərində iştirak edirdim”.

Müəllif bu cür səfərlərdə qarşıya qoyulan məqsəd və məramları da səmimi bir tərzdə açıqlayır:

“Öz-özümə düşünürəm: belə səfərlər konkret olaraq bizə nə verir? Əlbəttə, hər şeydən əvvəl, olduğumuz ölkələrdə müstəqil dövlətimizin, Azərbaycan adının qürurunu yaşayırıq. Bu ölkələrin xalqları ilə müqayisədə millətimizin əxlaqi-mənəvi dəyərlərinin kamilliyindən, maddi-mədəni nümunələrimizin zənginliyindən şərəf duyuruq. Başqa millətlərin, xalqların dövlət idarəçiliyindən tutmuş adi məişətinəcən öyrəniləsi, əxz ediləsi nə varsa, necə deyərlər, ağlımıza, yaddaşımıza nəqş olunanların altından bir qırmızı xətt çəkirik. Adi bir daş da daş üstündə öz yerinə düşübsə, bizim yerlər üçün yararlıdırsa, fərqinə varıb işimizdə tətbiq ediriksə, bu da bir qazancımız, qənimətimiz olur...”

Gündoğan ölkənin tarixinə, mifik və gerçək keçmişinə ekskurs edən müəllif, həm bu barədə, həm də Yaponiyanın coğrafi mövqeyi, dövlət quruluşu və digər mövzularda diqqətçəkən bilgilərə yer verir.

N.Nəcəfoğlu oxucusuna müstəqil Azərbaycanla Yaponiya arasında rəsmi-diplomatik münasibətlərin, əməkdaşlığın tarixi haqqında yığcam, ancaq kifayət qədər dolğun xülasə çatdırır.

Azərbaycanda Yaponiya və yaponlara, Gündoğan ölkədə isə Odlar Yurdu və azərbaycanlılara aid təsəvvürlərə də yer ayıran N.Nəcəfoğlu, ilk baxışda adi, sadə görünsə də, əslində olduqca səmimi, gerçəkçi ştrixləri önə çəkir, eyni zamanda, belə bir vəsiləylə bu səfərin əhəmiyyətini yenidən ifadə edir:

“...Bizlərdə Yaponiya haqqında məlumatı olmayan az adam tapılar, ya da heç olmaz. Uşaqlarımız isə lap kiçik yaşlarından maraqlı, min bir əyləncəli oyuncaqları ilə bu ölkəyə “səyahət” edirlər. Məktəb yaşlarında isə təhsil prosesində adalardan ibarət olan bu ölkəyə coğrafi ərazisinin qeyri-adiliyinə görə valeh olurlar. Yeniyetmələr üçün bəzən bu yerlər lap tapmacaya da bənzəyir. Yaponiya deyiləndə samurayları da yada salanlar olur. Əksəriyyətimiz etibarlılığına görə tərifləyib həvəslə məişətimizdə işlətdiyimiz əşyalara, yaxşı maşın həvəskarlarının “yapon istehsalıdır” - deyə oxşaya-oxşaya qoyduğu növbənöv avtomobillərə, dəliqanlılar da əsasən samuraylara görə Yaponiyanı, demək olar ki, qiyabi tanıyır. Eyni zamanda sahib olduqları yaradıcılıq məziyyətlərinə görə hər kəs yapon insanına bir sirr kimi baxır. Təsəvvürlərdə bu xalq sanki planetimizin insanları arasında fərqli bir varlıq təsirini bağışlayır. Adi yaponların isə əksəriyyəti bizim xalqımız, ölkəmiz haqqında çox az məlumatlıdır və ya ümumiyyətlə anlayışları yoxdur. Əlbəttə, belə səfərlərlə Asiyanın bu uzaq, dünyanın isə inkişaf etmiş ölkəsində də xalqımız, vətənimiz haqqında, az da olsa, təsəvvür yaratmağa çox böyük ehtiyac var. Əhəmiyyəti isə, şəksiz ki, böyükdür”.

Müəllifin qeydlərindən məlum olur ki, səfər proqramının optimallığı, əlverişliliyi, nəzərdə tutulan çoxsaylı görüşlər və gəzintilər Yaponiya və yaponlar haqqında bilgiləri artırmağa və genişləndirməyə, təəssüratları gücləndirməyə imkan yaradıb. Təbii ki, səfər iştirakçılarının bir mühüm məqsədinin də Yaponiyada Azərbaycan həqiqətlərini mümkün qədər təbliğ etmək, yaponlarda azərbaycanlılarla bağlı layiqli təsəvvür yaratmaq olub:

“Onu da deyim ki, əgər səfərqabağı, Prezident Administrasiyasının tövsiyəsi əsasında, ölkəmiz, bölgələrimiz haqqında hazırlanmış fotoalbomlar, bukletlər olmasaydı, bu görüşlərimiz zamanı nəzərdə tutulan qısa vaxt ərzində biz icra başçılarının da rəhbərlik etdiyimiz rayonlar haqqında ətraflı məlumat vermək imkanımız olmazdı. Ölkəmizin ayrı-ayrı rayonlarını, onların görməli tarixi yerlərini, istehsal müəssisələrini, mədəni-quruculuq işlərini özündə əks etdirən və

Azərbaycan, ingilis dillərində izahlı mətnlə verilmiş bu nümunələr o görüşlərdə ən gözəl məlumat mənbəyi idi”.

Nəhayət, səfər başa çatır... Doğma vətənə dönməyin sonsuz sevincini, haqlı qürurunu yaşayan N.Nəcəfoğlu yol qeydlərinin sonunda bu hisslərini də səmimiyyətlə qələmə alıb:

“...Bütün yolçuluqlarımız xeyirliyə! Biz də 10 günün yolçuluğunu beləcə başa vurduq. Deyir, kişinin gedəcəyi min yer olsa da, qalacağı bir yer var. O da dünyaya gəldiyi, gözünü açanda gördüyü doğma ocaqdır ki, sonralar böyüyüb vətən adlı bir torpaq olur. Və o torpaqdan uzaqlarda olanda uzaq yolu yaxın edib doğma mənzilə tələsirik... Vətən torpağına ayaq basanda məni qarşılayan doğmalarım, əzizlərimlə yanaşı mənə elə gəldi ki, yollar da üzümə gülümsədi: Vətənə gətirən yollar...”

C.ABASOV

 





20.02.2016    çap et  çap et