525.Az

Anlamaq ənənəsi


 

Anlamaq ənənəsi<b style="color:red"></b>

Ceyhun DADAŞOV
aktyor

Mən tamaşaçının hansısa bir ənənəyə görə teatra gəlməsini istəmirəm. Mən Azərbaycan tamaşaçısının anlamadan teatra gəlməsini istəmirəm. Bir çox ölkələrdə tamaşaçının teatra axını və bu axının səbəbinin uşaqlıqdan yiyələnmiş bir ənənə olduğunu misal gətirənlər az deyil. Onların bir çoxları bizdə də bunun belə olmasını arzulayırlar, amma mən yox. Mən səhnəyə çıxanda qarşımda “hamının gəldiyi üçün, ənənə xatirinə mən də teatra gedirəm-getmişəm” sözləri ilə özünü dost-tanışı arasında yüksəltməyə çalışan tamaşaçı görmək istəmirəm! Bəlkə səhv edərəm, amma istəmirəm.

Yalnız ağıllı sözlər demək üçün tamaşanı müzakirə, analiz etmək istəyən, tamaşada səhvlər tapmaqla məşğul olaraq zövq almaqdan məhrum olmuş, təqdim olunanı yox, istədiyini görməyə çalışan, böyük iddialı tamaşaçılar görmək istəmirəm. Elə bu andaca o tamaşaçıların səsini eşidirəm – “Sənə nə? Sən öz tamaşanı qur, ya da oyna. Bizim də hamı kimi istədiyimiz tamaşaya getmək, istədiyimiz səbəbdən bunu etmək haqqımız var. Biz teatra istəsək soyuqdan qızınmaq üçün, istəsək ailələrimiz görməsin deyə öz sevgilimizlə söhbət etmək üçün və ya agıllı görünmək üçün, ya da sənin dediyin digər səbəblərdən gedə bilərik. Axı sən kimsən?!”.

O dəqiqə mən lal oluram. Onların hamısı haqlıdı, amma mən də haqlıyam. Mənim də onları görmək istəməməkdə haqqım var. Yalnız istəməməkdə. Mən tamaşaçı zalında tamaşa izləməyə gələn, həqiqətən bu gün səhnədə nə baş verəcəyini bilmək – hiss etmək istəyən, tamaşadan ləzzət almağa çalışan, sonda ya ləzzət alan, ya da ala bilməyən (aktyor oyunu, rejissor işi, pyes və s. səbəblərdən), öz hisslərini səmimi bildirən tamaşaçı arzulayıram. Mən belə bir ənənəni davam etdirən tamaşaçı istəyirəm. Ailədə, məktəbdə, cəmiyyətdə yalnız tamaşaya getməyin ənənəyə çevrilməsini yox, əsl tamaşaçı olmağın ənənəsini istəyirəm. Qoy tamaşaçı zalında 10 nəfər tamaşaçı olsun, nəinki, 100 nəfər əyləşən.

Bu gün Azərbaycanda və dünyanın digər ölkələrində əsl tamaşaçılar heç də az deyil. Səhnədən zala baxanda onları görür və sevinirəm. Mən onları istəyirəm. Digərlərindən isə sadəcə olaraq xahiş edirəm – girməyin onların arasına, ya da heç olmasa bu ənənəni öyrənin.

 





30.01.2013    çap et  çap et