525.Az

Pedaqoji şura lazımdırmı?


 

Pedaqoji şura lazımdırmı?<b style="color:red"></b>

“Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar... Dünya və aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dildə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi qayıdıb əslini tapdı...”

Mirzə Cəlil

Hər dəfə məktəbin divarında pedaqoji şuranın keçiriləcəyi tarixi görəndə və bu iclasa hərdən-birdən gedəndə elə bilirəm “Axırıncı aşırım” filmindəki kimi  kolxoz iclasına gedirəm. Hiss etdim ki, müqayisə o qədər də doğru olmadı. Bilirsiniz niyə? O kolxoz iclasları hər nə idisə yeni ideyaları camaata sırımağa çalışırdılar. Bu pedaqoji şuralar ki var, inanın, yalnız həyatımın itirilmiş iki saat vaxtıdır. Axı nə var burada? Heç nə. Dünyanın ən mənasız, ən dəyərsiz söhbətləri. Hər dəfə düşünürəm ki, bəlkə bu dəfə nəsə yenilik olacaq, iclasın məzmunu, formatı dəyişəcək. Eyni sözlər, eyni iradlar, mənasız ittihamlar, kolxozvari düşüncə tərzi. Filan müəllim jurnala qara salıb, ayın tarixini səhv yazıb, məktəbə getməyən uşağa qiymət niyə yazılmır, kim gecikib, kim proqramı gec təhvil verib, bir şagirdimiz güləşdə birinci yerə çıxıb və s. və i.  Bəlkə də oxucu düşünə bilər ki, bu prosedurdur. Axı niyə prosedurdur? Dünyanın  mənzərəsinə baxın, dünya elminə baxın, dünya müəllimlərinin  işinə və yaraşığına baxın və həmin aynada bir də pedaqoji şura, konkret olaraq şuraya baxın. Bəlkə nostalji bir ad da qoyaq “Leninin cümə günü”, “Rus dili günü”, “Pedaqoji sosializm” və s.

Necə olur ki, Təhsil Nazirliyi gündə bir “zakoni-tazə” çıxarır, amma bu kolxoz yığıncağını ləğv etmir, ya da mahiyyətini, adını dəyişmir? Əlbəttə, müəllimlər bir yerə yığışmalıdırlar, nələrsə müzakirə olunmalıdır. Daha bu sayaq deyil. Məktəbin “Ped. Sovetində” (məhz sovetində, yəni, kolxozunda) hər dəfə eyni sözlər səslənir: filan qədər şagird var, neçəsi gedib, neçəsi gəlib, neçə əlaçısı var. Hələ də əlaçı azarından qurtula bilmirik.

Bu barədə çox yazmışam. Məktəbdə toplantılar olmalıdır. Və bu toplantı daha çox şagirdlərlə  əlaqəli olmalıdır. Yeniyetmələri düzgün yönləndirmək üçün məktəblərdə  klub ya da komitələr yaradılmalıdır.

Məşvərət Komissiyası (valideyn komitələri yox)  yaratmaq, tərkibini müəyyənləşdirmək gərəkdir. Bu komissiya həkim, psixoloq, hərbçi, hüquq işçisi, müəllim və bir peşə adamından ibarət olmalıdır. Tərkib tez-tez dəyişməlidir. Üstəgəl bu komissiya məktəb işinə nəzarət etməlidir.

Məktəblərdə oğlanlardan ibarət (yeddi nəfərlik) “Oğlanlar Komitəsi”, qızlardan  ibarət “Qızlar komitəsi” yaradılmalıdır. Şagirdlər özləri-özlərinə nəzarət etməli və ayda bir dəfə Məşvərət Komissiyası ilə görüş keçirməli, məsləhətlər almalıdırlar. Komitəyə ən intizamlı, ən çalışqan  yuxarı sinif şagirdləri cəlb olunmalıdır. Və bunlar məktəbdə tanınmalı və nüfuz nümayiş etdirməlidirlər. Xüsusən, intizam, ədəb-ərkan barədə məlumat hazırlamalı və nəzərdə tutulan uşaqlar diqqətdə olmalıdırlar.

Yeniyetmələrlə bağlı kriminal durum ölkədə artmaqdadır. Hərdən məktəbimizə bir dəstə polis gəlir, yuxarı sinif şagirdlərini dərsdən  çıxarır. Guya profilaktik söhbətlər aparırlar. Mövzu da budur: “Erkən nikaha yox deyək! Narkomaniyaya yox! Bu və ya digər mövzuların heç bir effekti yoxdur. Bu söhbətlər lağ yerinə çevrilir. Bu  və digər buna bənzər mövzuları il boyu özümüz yuxarıda dediyim qaydada apara bilmərikmi?

Hələ ali məktəbə qəbul olmayıb intihar edən gəncləri demirəm. Onun da günahı məktəbdədir, bizdədir. Məktəb vətəndaş hazırlamaq əvəzinə kim ali məktəbə qəbul olur, onu önə çəkir, yerdə qalan toplumun çıxdaşına çevrilir.

Bir dəfə məktəbdə məzunlarla görüş günü idi. Yəni ali məktəbə qəbul olunanları qış tətilində məktəbə dəvət etmişdilər. Məktəbin darvazasının ağzında onların üç-dörd sinif yoldaşı dayanmışdı. Dedim ki, siz niyə buradasınız? Aldığım cavab illərdir ki, məni göynədir: Müəllim, biz ali məktəbə qəbul ola bilmədik, bizi adam yerinə qoymadılar. Kimdir bizi ora çağıran?

Dərs kitablarının üzü dəyişdi, içi dəyişdi, kurrikulum deyilən bir soyuq  planet Yerə yaxınlaşdı və bütün təhsili “soyutdu”, “soyuqqanlı” etdi.

Yazıram, deyirəm, eşitmirlər, eşitmək istəmirlər, çünki soyuqqanlıdırlar. Kurrikulum tərtibli dərsliklərə bir özünüz də baxın. Mən Azərbaycan dili müəllimiyəm. Mənə VII sinif Azərbaycan dili dərsliyindən fərli-başlı dərs göstərin. Dil konkret elmdir. Sxem, tərif, qrafiklərlə başa salınır. Feili keçirəm. Cürbəcür elmi-bədii məqalələrin içindən dil faktları tapmağa çalışıram. Mətn “Təbiət mühəndisləri”dir. Termitendən bəhs edir. Hələ termitendən əlavə tapşırıq kimi internetdən əlavə mətn, məlumat da gətirdilər. Elə bil sinifdə arılar, qarışqalar, qunduzlar gəzişirdi. Elə bil meşədə idik. Bütün bilik və bacarığımız termitə yönəlib. Hətta bir an mənə elə gəldi ki, canıma termit daraşıb. Axırda dedim ki, uşaqlar, görün bu “meşədə” Azərbaycan dili var?

Mən mühafizəkar deyiləm, işimə də son dərəcə yaradıcı  yanaşıram və şagirdlərimi də yaradıcılığa yönləndirirəm.

Bu yaxınlarda müəllimlərin diaqnostik qiymətləndirməsi keçirildi. Yekun olaraq  Azərbaycan  dili və riyaziyyat müəllimlərinin zəif nəticə göstərdiyi bəlli oldu. Qəbul imtahanlarından sonra abituriyentlər də belə nəticə toplayır. Belə çıxır ki, müəllimli-şagirdli zəifik. Xəcalətimdən yerə girdim. Əvvəlki yazılarımda yazmışdım və yenə də üzr istəyərək bura yazıram. C. Məmmədquluzadə 1917-ci ildə “Azərbaycan” məqaləsində yazırdı: “Keçən həftə Tiflisdə müsəlmanların milli komitəsində bir məsələyə baxırdılar ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun.  Biri dedi osmanlıca, biri dedi ermənicə, biri dedi rusca. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin çoxusu türkcə danışmağı yaxşı bacarmır”.

Bu yaxınlarda  Təhsil Nazirliyinin bir sözçüsü deyib ki, biz dərslikləri onların (yəni müəllimlərin) zövqünə, istəyinə uyğun  tərtib edə bilmərik.

Hörmətli, sözçü, bəs kimin zövqü ilə tərtib edəcəksiniz? Sinif ortamından xəbəriniz yoxdurmu?

Tərtərdə atılan topların səsindən sinfin şüşələri silkələnir. Sinifdə də “Gürzə” dərsi keçirəm. Əlbəttə cəbhə bölgəsi üçün ayrıca dərslik yaratmayacaqsınız ki! Avropadan təhsilə “yenilik” gətirəndə yerli şərait, milli ruh nəzərə alınmalı deyildimi?

Özü də “bir tək mən deyiləm hüsnünə heyran”, başqa fənn müəllimləri, valideynlər də dərsliklərdən bezardı.

Açın başqa fənn kitablarını, məsələn, Coğrafiya kitabında Yerin quruluşu dərsində arada Azərbaycan dilinə aid sual varmı? Yazılıbmı ki, Fizika dərsində atomun quruluşuna son üç cümləni sintaktik təhlil edin? Əlbəttə ki, yox. Azərbaycan dilinə baxın: Kolumb, Sezar, Axilles, Bill Qeyts. Azərbaycan dili bunları niyə çiynində daşımalıdır? Bu, qarışqaya fil yükü çəkdirməkdir. Məgər, bu uşaqların başqa dərsi yoxdurmu?

Elif Şafakın “Aşk” romanında bir yer var: Bir çoban sürüsünün bərəkəti üçün Allaha dua edir. Duada deyir ki, Allah sənə qurban kəsəcəyəm, ayaqlarını  yuyacağam, baş-yaxanın bitini təmizləyəcəm. Bunu eşidən peyğəmbərlərdən biri onu danlayır, ona necə dua etmək lazım olduğunu öyrətmək istəyir. Allah etiraz edir, qəzəblənir. Deyir ki, bu dua mənə xoş gəlmişdi. Əsas niyyətdir, onun hansı sözlə ifadəsi önəmli deyil.

Yazdıqlarımdan niyyətim bəlli deyilmi?

 





22.02.2016    çap et  çap et