525.Az

Cəlil Məmmədquluzadənin doğum günüdür


 

Cəlil Məmmədquluzadənin doğum günüdür<b style="color:red"></b>

Yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub.

İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik edib (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material verib.

1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.

1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləyib.
 
Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olub. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilib.

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub.

Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yaranıb.

C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.

Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, "Qeyrət" mətbəəsində axtarışlar aparıb, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırmalı olub.

"Molla Nəsrəddin" jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynayıb.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçüb, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap edib.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilib. Azərbaycanda bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib.

Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb.
 
Naxçıvanda və Cəlilabadda heykəli qoyulub. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunub.

Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaradıb.

1896-cı ildə ilk ailəsini qurub. 1897-ci ildə qızı Münəvvər anadan olub, həyat yoldaşı Həlimə xanım vəfat edib. İkinci dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib

Cavid QƏDİR
Mənbə: VİKİPEDİYA

 





22.02.2016    çap et  çap et