525.Az

Fahri Hamzahi: "Xocalıda baş verən kütləvi qırğını genosid də adlandırmaq olar"


 

Fahri Hamzahi: "Xocalıda baş verən kütləvi qırğını genosid də adlandırmaq olar"<b style="color:red"></b>

Azərbaycana səfər etmiş İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahi "525-ci qəzet"ə müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik. 

- Cənab Hamzahi, Azərbaycana səfərinizin əsas məqsədi nədən ibarət idi və görüşlərdə hansı məsələlər müzakirə olundu?

- Bizim digər dövlətlərin qanunverici orqanları, xüsusilə də Azərbaycan parlamenti ilə yaxşı əlaqələrimiz var. Eyni zamanda  bizim parlamentdə İndoneziya- Azərbaycan əməkdaşlıq qrupu fəaliyyət göstərir. Azərbaycana səfərim çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov və parlament nümayəndələri ilə görüşüb, ətraflı müzakirələr aparmışıq. Bildiyiniz kimi, dövlətlərarası əlaqələr çox mühümdür.Bundan başqa, bizim  parlametlərarası əlaqələrimiz də mövcuddur. Təbii ki, biznesmenlər, xalqlar arasında əlaqələrin qurulması da çox vacibdir. Və biz biznesmenlər, o cümlədən, xalqlar arasında əlaqələrin qurulması və daha da dərinləşməsini gözləyirik.  Onu da qeyd edim ki, iki ölkə arasında bildiyiniz kimi məsafə fərqi çox böyükdür. Biz Azərbaycana gəlmək üçün Moskvaya, Dubaya, İstanbula, Dohaya getməli oluruq. Bununla belə biz mütəmadi olaraq müzakirələr aparırıq, mən Azərbaycanın Cakartadakı səfiri ilə daim əlaqə saxlayıram. Biz istəyirik ki, indoneziyalılar Azərbaycanı yaxından tanısınlar. Təəssüflər olsun ki, indoneziyalılar hələ Azərbaycanı tam şəkildə tanımırlar. Bir-birimizi daha yaxından tanıdıqdan sonra hansı sahələrdə iş birliyi qurmağımızı düşünməyimiz də asan olacaq.

- Biznes sahəsində əməkdaşlığın inkişafı üçün hansı imkanları görürsünüz?

- İndoneziya böyük bir ölkədir və bizim 300 milyona yaxın əhalimiz var. Eyni zamanda İndoneziya böyük bir market sayılır. Əlbəttə ki, ölkəmizin enerjiyə, texnologiyaya, ərzaq məhsullarına və digər məhsullara ehtiyacı var. Bu baxımdan biz əlaqələrin gücləndirilməsini vacib sayırıq. Digər sektorlardan başqa, İndoneziya Azərbaycanın üçüncü ən böyük  ticarət tərəfdaşıdır. Yəni Azərbaycanın İndoneziyaya ixracının səviyyəsi çox yüksəkdir. Azərbaycan çox gözəl bir ölkədir və böyük təbii sərvətləri var. Bu sərvətləri İndoneziyaya ixrac etmək, eyni zamanda enerji ixracını artırmaq olar.  Həmçinin turizm əlaqələrinin inkişafı da vacibdir. Bakı çox gözəl şəhərdir, biz bu gözəl şəhəri gördük. Çox istərdik ki, indoneziyalı turistlər də şəhərinizi görsünlər. 

-Fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü olacaq. Dünyanın artıq bir çox ölkələri rəsmi olaraq Xocalı soyqırımını tanıyıb. İndoneziya parlamenti Xocalı soyqırımını qınayan hər hansı bir sənəd qəbul edə bilərmi?

- Mən təklif etmişəm ki, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzkar hərəkətlər, pis rəftar beynəlxalq ictimaiyyət tərəfindən araşdırılsın və bütün dünyaya çatdırılsın. Bütün dünya Azərbaycana qarşı nələr edildiyini bilsin. İndoneziya hökuməti Bakıya Xocalıda baş vermiş hadisələri araşdırmaq üçün insan haqları üzrə komissiya göndərmişdi. Həmin komissiya araşdırma aparıb indoneziyalılara məlumat verəcək. Xocalıda bir qırğın olub, bunu  genosid də adlandırmaq olar. Amma bu kütləvi qırğını sübut etmək üçün əlimizdə yetərincə məlumat olmalıdır. İndoneziya  hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyib və  bütün beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də  Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bu məsələlərdə hər zaman Azərbaycanın yanında olacağıq.

- Siz Xocalıda baş verənləri soyqırım hesab edirsinizmi və İndoneziya parlamenti bu soyqırımla bağlı hansısa müzakirələr təşkil edə bilərmi?

- Mən Azərbaycanın İndoneziyadakı səfirindən bir neçə kitab, fotolar əldə etmişəm. Həmin materiallardan bəlli olur ki, Xocalıda bir qırğın olub, bu, kütləvi qırğındır. Xocalıda baş verənləri genosid də adlandırmaq olar. Amma bu kütləvi qırğını dünyaya aşlamaq üçün ilk növbədə beynəlxalq araşdırma qrupu olmalıdır. Biz əlimizdə olan materialları da verməyə hazırıq ki, dünyaya sübut edək ki, bu kütləvi qırğındır. Müzakirələr də əslində mümkündür. Amma bunu İndoneziya parlamenində olan insan haqları üzrə mütəxəsislər araşdırmalıdırlar, sonra nəticələri təqdim etməlidirlər. Ardınca parlamentdə təqdimatı ola bilər, sonra ictimaiyyətə də geniş şəkildə çatdırıla bilər.

-Gələcəkdə qarşılıqlı olaraq nə kimi səfərlər planlaşdırılır?

-Biz Azərbaycan parlamentinin nümayəndə heyətini İndoneziyaya dəvət etdim. Bu səfərlərlə biz əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik.

PƏRVANƏ

 





23.02.2016    çap et  çap et