525.Az

"Etiketi daha çox uğur aləti kimi öyrətməyin tərəfdarıyıq"


 

ETİKA AKADEMİYASININ RƏHBƏRİ GÜNEL İBRAHİM AMERİKA TİCARƏT PALATASI TƏRƏFİNDƏN BİRİNCİLİYƏ LAYİQ GÖRÜLÜB

"Etiketi daha çox uğur aləti kimi öyrətməyin tərəfdarıyıq"<b style="color:red"></b>

Beynəlxalq təşkilatların hesabatlarına görə, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək.

BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş verib.

Hazırda dünya dövlətləri arasında yeni qütbləşmə tipi - su ehtiyatlarına malik olan və su çatışmazlığı ilə üzləşən dövlətlərin koalisiyalar yaratması səyləri müşahidə olunur. BMT-nin, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb.
 
Məhz buna görədir ki, bu gün Yer üzündə 700 milyon insan su qıtlığından əziyyət çəkir. Alimlərin hesablamalarına görə, əgər əsaslı müdaxilələr olmasa, 10 il sonra onların sayı 3 milyard nəfərə çata bilər.

Azərbaycan ərazisində də içməyə yararlı sular məhdud ehtiyatlara malikdir. Məhz bu səbəbdən ölkə ərazisinin içməli su ilə təmin olunması, su ehtiyatlarının davamlı idarə olunması və sair istiqamətdə çoxsaylı layihələr, dövlət proqramları icra edilib və edilməkdədir. Bu istiqamətdə atılan addımlardan biri də müxtəlif təşkilatlar vasitəsilə bölgələrimizdə içməli su və subartezian quyularının qurulması layihələrinin həyata keçirilməsidir.

Müsahibimiz yaşayış məntəqəsinin içməli su ilə təmin edilməsi layihəsinə görə Amerika Ticarət Palatası tərəfindən birinciliyə layiq görülən Günel İbrahimdir.

- Günel xanım, Amerika Ticarət Palatası tərəfindən birinciliyə layiq görülən layihəniz barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik. Bu layihə hansı yaşayış məntəqəsini və konkret hansı işləri əhatə edir?

- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı vətəndaş cəmiyyətinin rolu ildən-ilə artır və ölçülə biləcək yüksək nəticələr barədə danışmaq mümkündür. Mən də uzun müddətdir bu istiqamətdə bir sıra layihələrin rəhbərliyini və vəkilliyini edirəm. Ən həssas layihələrimdən biri də bölgələrimizdə içməli su və subartezian quyularının qurulmasına yönələn layihədir. Japan Tobacco İnternational qurumu ilə birgə, bir neçə ildir ucqar və su problemi olan kəndlərlə maraqlanaraq, subartezian quyusunun qazılması, arxların təmizlənməsi və minlərə insanın təmiz su ilə təchiz edilməsi işi ilə məşğul oluruq. Amerika Ticarət Palatasının birinciliyini isə Lerik rayonunda rəhbərliyini və vəkilliyini etdiyim layihə qazanıb. Həmin layihə onlara təqdim edilən ən yaxşı sosial layihələr sırasında birinciliyi əldə edib. Layihənin başlıca məqsədi Lerik rayonunun Cəngəmiran kənd sakinlərini içməli su ilə təmin etmək, bunun üçün subartezian quyusunun qazılması, subartezian sisteminin müvafiq qaydada quraşdırılması idi.

- Nə üçün məhz Cəngəmiran kəndi? İçməli suya ehtiyac duyan digər yaşayış məntəqələrindən bu kəndi fərqləndirən nədir?

- Azərbaycanda içməli suya ehtiyac duyulan istənilən yaşayış məntəqəsində belə bir layihəni reallaşdırmaq bizim üçün xoşdur. Bu mənada heç bir fərq qoymadan Cəngəmiran kəndini seçdim. Bura 2 min nəfərin yaşadığı, qədim tarixə malik, ətrafında məktəb, bağça kimi təhsil müəssisələri olan kənddir. Kəndin ətrafında digər su mənbələri olmadığına görə, bu yaşayış məntəqəsinin su ilə təchizatının yeganə yolu subartezian sisteminin quraşdırılmasında idi. Ona görə də bu istiqamətdə addımlar atmağa zərurət hiss etdik, layihə hazırladıq. Məhz həmin layihə də birinciliyə layiq görüldü. Bu, davamiyyətə və effektiv həll məqamlarına görə bal toplayaq əldə edilən birincilikdir. Çox sevinirəm ki, bu layihə çərçivəsində 2 mindən artıq insana xidmət göstərən içməli su bulağı istifadəyə verildi. Artıq kənd sakinlərinin, zəhmətkeş insanların 8-10 kilometr məsafə qət edərək mənzillərinə içməli su gətirməsinə ehtiyac yoxdur. Çünki içməli su bulağı artıq Cəngəmiran kəndində də var. Ümumiyyətlə, su fundamental yaşam və inkişaf mənbəyidir.

- Siz Etika Akademiyasının rəhbərisiniz. Akademiya olaraq daha hansı fəaliyyətlə məşğul olur, layihələr hazırlayırsınız?

- Azərbaycanlı və menecer olaraq Amerika Ticarət Platası tərəfindən layihəmin birincilik əldə etməsi keyfiyyət standartlarının nə qədər önəmli və əhəmiyyətli olduğunun bariz nümunəsidir. Bununla bağlı hətta xarici KİV xüsusi reportajlar və videoçarxlar hazırlamışdı. Düşünürəm ki, layihənin məqsədi və davamiyyətinə önəm verən hər bir menecer uğura hədəflənmiş olur. Etika Akademiyasının hədəfi də sağlam, keyfiyyətli düşünən, davranış qaydalarını yüksək qlobal standartlara kökləyən cəmiyyətin inkişafına töhfə verməkdir. Bu yanaşmanı həm fərdi, həm də daha kütləvi istiqamətlərdə başlamışıq. Uzun illərdir beynəlxalq təşkilatlarda işləyərək, vətəndaş cəmiyyətinin gəlirləri və gəlir mənbələrinin artırılması üzrə ixtisaslaşaraq, buna hüquqşünas kimi biliklərimi də əlavə edərək, bir sıra yeniliklərə imza atmışıq. Fərdi inkişaf mərkəzimiz Etika Akademiyası yaş həddini fərq etmədən məktəblilərə, tələbələrə, gənclərə, iş adamlarına, şirkətlərin inkişafına Britaniyanın aparıcı menecmentlik və inkişaf proqramlarını təqdim edir. Son 8 il ərzində minlərlə gəncə təmənnasız təlimlər vermiş, bir gəncin ideyasında özünəinam əldə etməsi üçün motivasiya proqramını təqdim etmişik. Dövlətimizin QHT-lərə ayırdığı vəsaitlərdən, qrant müsabiqələrindən verilən maddi dəstəyi birə on cəmiyyətimizə və özümüzün daha da inkişafına yönəltmişik.

- Siz gənclərə təmənnasız təlimlər verdiyinizi qeyd etdiniz. Bu təlimlər regionları da əhatə edirmi və ümumiyyətlə, zərif cinsin nümayəndələrinin belə təlimlərə marağı nə dərəcədədir?

- Bu gün Akademiyamızda onlarla xanım təmənnasız fərdi inkişaf layihələrinə cəlb edilib. Regionlara da səfərlər təşkil edilir, iş adamlarına böhran zamanı yeni iş alətlərinin istifadə mexanizmləri ilə bağlı treninqlər keçirilir. Azyaşlılar arasında məktəblərdə, yeniyetmələrdə isə dərnək qismində etiket və özünü ifadə etmək qabiliyyətinə sahib olmaq üçün təlimlər təşkil edilib. Akademiyamız tərəfindən təşkil edilən ödənişli dərnəklər hesabına ehtiyacı olan, lakin imkanı olmayan insanlara, yaxud bəzi sahələrə təmənnasız xidmət edə bilirik. Təşkilatın maliyyə gəlirinin insan resurslarından necə asılı olduğu heç kəsə sirr deyil. Bu gün milli kadrların yetişdirilməsində yalnız təhsil, fənn üzrə ekspertləşmə deyil, həmçinin sağlam düşüncə, natiqlik, etiket qaydalarını bilməklə beynəlxalq aləmdə uğurların sayını artırmaq da kömək edəcək. Biz də etiketi daha çox uğur aləti kimi peşəkar təlim və üsullarla öyrətməyin tərəfdarıyıq.

Kaspi.az

 





24.02.2016    çap et  çap et