525.Az

Bilik Fondu “Azərbaycan dili” kurslarının ilk müdavimlərini yola saldı - Fotoreportaj


 

Bilik Fondu “Azərbaycan dili” kurslarının ilk müdavimlərini yola saldı - <b style="color:red">Fotoreportaj</b>

“Azərbaycan bizim vətənimizdir. Biz bu torpaqda yaşayırıq. Düşünürəm ki, Azərbaycanın dilini, mədəniyyətini də öyrənməliyik. Azərbaycan dilini az-çox anlayırdım, amma danışmaqda çətinlik çəkirdim. Bilik Fondunun Rus Pravoslav kilsəsi ilə birgə keçirdiyi bu kurslar bizə geniş imkanlar yaratdı. “Maraqlı dərslərə, ekskursiyalara, qatıldığımız mədəni tədbirlərə görə sağ olun” – deyirəm”.

İqor Yakovlev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi əsasında fəaliyyət göstərən kursun ilk müdavimlərindəndir. Artıq Azərbaycan dilində sərbəst danışa bilir. Bu gün İqorla yanaşı, kursun 40 nəfər dinləyicisinə sertifikatlar təqdim olundu.

Onların içərisində 18 yaşından tutmuş 80 yaşınadək Azərbaycan dilini öyrənmək istəyən rusdillilər var.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Rus Pravoslav kilsələrində “Azərbaycan dilini öyrənirik” layihəsi həyata keçirir.

Layihəyə əsasən, kilsədə rusdilli əhali üçün ödənişsiz Azərbaycan dili kursları təşkil olunur. Kilsənin də dəstək verdiyi təlimlərə qatılmaq istəyənlərin sayı 300-dən çoxdur. İlkin mərhələdə 2015-cü ilin fevralından Mixail-Arxangel Kilsəsində təlimlər keçirilib. Dinləyicilərə müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimlər dərs deyiblər.

“Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, Azərbaycan dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsipləri aşılamaqdır.

“Jen Mironosets” Pravoslav kafedral kilsəsində müxtəlif millətlərdən olan rusdilli vətəndaşlarımız üçün Azərbaycan dili kurslarının açılış mərasimində Rus

Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov da iştirak ediblər. Bu layihənin Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundan irəli gəldiyini vurğulayan icraçı direktor O.Səmədov rusdilli vətəndaşların Azərbaycan dilini öyrənmək həvəsini və istəyini yüksək qiymətləndirib.

Rus Pravaslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Bilik Fondunun həyata keçirdiyi bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayılacağına və rəğbətlə qarşılanacağına əminliyini bildirib: “Rusdilli əhaliyə Azərbaycan dilini tədris etməklə bu ölkənin multikultural dəyərlərini, tarixini, mədəniyyətini də təbliğ etmiş oluruq”.

Yeparxiyanın başçısı Azərbaycanın digər bölgələrində – Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də belə kursların açılmasını təklif edib.

Kursun müəllimi Rüzgar Xəlilova dinləyicilərə təkcə Azərbaycan dilini öyrətməklə kifayətlənmir, onlara mədəniyyətimiz, tariximiz, ədəbiyyatımızla bağlı, ölkəmizin əsrlərdən bəri sadiq qaldığı multikultural dəyərlərdən bəhs edir.

Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsinin iştirakçıları – 18 yaşlı Denis Danilov, 70 yaşlı İrina Epshteyn, 74 yaşlı Nina Qaldobina, 80 yaşlı Arnold Zelikman Rus Pravoslav kilsəsində keçilən keçilən dərslərlə yanaşı, maraqlı tarixi məkanlara, muzeylərə təşkil olumuş ekskursiyalardan, Bilik Fondunun digər mədəni tədbirlərindən geniş məlumat və böyük zövq aldıqlarını deyirlər.

Bilik Fondunun bu layihəsi ziyalıların da böyük marağına səbəb olub.

Tanınmış telejurnalist, fəlsəfə doktoru, "Qızıl qələm" mükafatçısı Etibar Babayevin fikrincə, bu, son dərəcə maraqlı layihədir: “Azərbaycanda yaşayan rus xalqının nümayəndələri vətəndaşı olduqları məmləkətin dövlət dilini bilməlidirlər. Bu barədə hamı danışır. Amma təcrübədə bunu hansı mexanizmlə həyata keçirmək lazım gəldiyini hər kəsin öz öhdəsinə buraxmaq da yanlış addımdır. Bilik Fondunun layihəsi bu baxımdan çox əhəmiyyətli və uğurludur. Elə bilirəm ki, bu işə ən yaxşı

pedaqoqları, dilçi alimləri cəlb etmək lazımdır. Layihənin ikinci mərhələsində isə Azərbaycan dilinə marağı daha da artırmaq üçün görkəmli ziyalılarla kilsədə görüşlər keçirmək də maraqlı olardı. Rus dilində yazan azərbaycanlı yazıçıları da bu işə cəlb etmək, kilsədə imzalı kitabları hədiyyə etmək ibrətamiz olardı”.

Yazıçı-jurnalist Rəşad Məcid: “Bilik Fondunun fəaliyyəti və orijinal layihələriylə tanışam, bəyənir və dəstəkləyirəm. Kilsədə rusdilli əhali üçün Azərbaycan dilinin öyrədilməsinə yönələn layihəni də bu cür lazımlı, vacıb layihələrdən hesab edirəm. Dilimizin belə orijinal təbliğinin öyrənənlərdə də rəğbət doguracağına əminəm”.

Onu da deyək ki, Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi davamlıdr, perspektivdə kurslarlın digər kilsələrdə də keçirilməsi durur. Buna cəmiyyətdən gələn sosial sifariş əsas verir.

Xatirə Hüseynova
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri

 





24.02.2016    çap et  çap et