525.Az

Xocalıda üç övlad itirən ana - Fotolar


 

Xocalıda üç övlad itirən ana - <b style="color:red">Fotolar</b>

O gün elə bil Tanrının yastığı cırılmışdı. Göydən qar əvəzinə  quş lələyi yağırdı sanki... sakitlik idi... Amma birdən göydən yağan ağ lələklərə elə bil od düşdü, alov parçaları yağmağa başladı.
 
Adamlar ümidi, inamı çətir edib evlərindən çıxdılar- bir insan güllə yağışında ancaq belə gedə bilər...

***

Əl basdığınız çörəyə and olsun, illərlə yağmasam, torpağı zərərli həşəratlar basıb bərəkətini itirsə, bir meyvə bitirməsə belə, bir qış gecəsi yerə enib hər yeri ağartsam,  səhərisi o şəhərin nə uşaqları, nə böyükləri buna sevinməyəcək. Sevməyəcək məni o şəhərin uşaqları, sevməyəcək. Oynamayacaqlar mənimlə. Meşələrdə qırılan adamların qatili hesab edəcəklər məni. Nənəmizi dondurmusan deyəcəklər, qoca babamızı öldürmüsən deyəcəklər. Sənə görə qardaşsız, bacısız qaldıq, deyəcəklər. Yadlarına düşəcək meşədə qalmış əzizlərinin üstünə yığılıb qalan qar topaları, məni top edib bir-birlərinin üzünə ata bilməyəcəklər - ürpənəcəklər. Uşaqlar tez yumşalır axı, bir anlıq oynamaq keçəcək körpə könüllərindən. Hirsləri soyuyub qar adam düzəldəcəklər məndən, amma ona qoyduqları gözlər don vuranların baxışlarını xatırladacaq, ona taxdıqları çubuqlar qar altında qalanların harda olduğunu işarə verirmiş kimi qalxan əllərinə oxşayacaq... bir təpik vurub dağıdacaqlar qar adamı. Tüpürəcəklər qara, lənətləyəcəklər qarı. Amma mən qatil deyiləm...

Deyəcəklər, sənə görə atalarımız ayaqsız, analarımız barmaqsız qaldı. Onların yeri həmişə göründü, yaralarımız sağalmadı. İlahi, yaraları hələ də sağalmır... Deyəcəklər, biz sevinə bilmirik. Ruhumuz şəhid, ayaqlarımız şikəst, həyatımız axsaq, namusumuz ləkəli. Bu taledən, bu qismətdən qaça da bilmədik illər boyu. Barmaqlarımız, ayaqlarımız kəsikdi çünki. Papaq qoymamaq bir yana, barı ayaqqabı geyinə biləydik...

Sədaqət Ağayarova 24 ildi o faciəni hər gün yaşayanlardan biridir. Uşaqları şirin yuxularında qonşu uşağının geyindiyi dondan, oynatdığı oyuncaqdan istəyirdi analarından. Mərmilərin partlayışından evlər silkələnirdi. İşıqlar yanmır, hər yer zülmət içində idi. Bayırda şaxta adamı qılınc kimi kəsirdi. Sədaqət uşaqları isti yorğan-döşəyin arasından oyadıb qaldırdı. Əlinə düşəni əyinlərinə geyindirib qapıdan çıxdılar. Xocalı aeroportu bacısıgilə yaxın idi. Sakinlərdən ara-sıra vertolyotla uşaqlarını şəhərdən çıxardanlar olmuşdu. O da hər dəfə gəlmirdi. Dəfələrlə uşaqları ilə gedib bacısıgildə gecələmişdi ki, vertolyot gələndə xəbəri olsun, amma alınmamışdı. Sonra bacısı uşaqları ilə Bərdəyə getsə də, bir neçə aydan sonra geri qayıtmaları onu aldatmışdı. Sonra bir müddət şəhərdən çıxmağa cəhd eləmədi. Fikirləşdi ki, vəziyyət gərgin olsaydı bacısı uşaqlarını da götürüb geri qayıtmazdı.

Amma son günlər vəziyyət gərgin olduğundan qayınanası ilə qayınatası uşaqları götürüb bacısıgildə gecələmək üçün onu dilə tutmuşdular: heç olmasa uşaqları vertolyotla göndərmək lazımdır. Beləcə, bir neçə gün idi ki, Sədaqət bacısıgildə qalırdı. Vertolyot səsi isə çoxdandır Xocalı səmasında eşidilmirdi. Şuşa vertolyotunun vurulmağını Sədaqət ikimərtəbəli evinin eyvanından görmüşdü.

Əvvəlcə göydən iri bir şey qara tüstü içində aşağı şığıdı, yerə düşən kimi isə böyük alov burula-burula göyə qalxdı. Radioda xəbər verdilər ki, vertolyotumuzu erməni hərbçiləri vurdu. Bu, Xocalı ilə son əlaqə oldu. O vaxtdan daha aeroportda sakitlik idi.

Tək qadın. Üç uşaq... Bilmir qucağına götürsün, bilmir belinə alsın. Böyüyü on, ortancılı altı, digəri beş yaşında.

Balaca oğlu Raman bacısı-qardaşı məktəbə hazırlaşanda hamıdan çox sevinirdi. Onlar Ağdamda məktəbə hazırlıq üçün alış-verişə gedəndə, deyirdi, ay ana, məni nə vaxt aparacaqsan məktəb paltarı almağa? Uşaqlar məktəbə gedəndə dallarınca ağlayıb yolun yarısına qədər gəlirdi:

Ana da elə hey Ramanı ovudurdu:

- Ana qurban, sən hələ balacasan, altı yaşın olanda məktəbə gedəcəksən. Darıxma. Sən hələ bir az böyü...

Qarqar çayına çatanda yanında öz uşaqlarından savayı, bacısı, bacısının dörd balası da var idi. Bacısının bir oğlu isə son dəfə Bərdəyə gedəndə orda qalmışdı. İki bacı, qardaşları olmadığından yolboyu - oğullarımız bizə qardaşdır - deyə bir-birlərinə təskinlik verirdilər. Onlar yetim böyümüşdülər. Sədaqət altı aylığından anasız qalmışdı. Ana qayğısı görməmişdilər. Qışın günü. Buz bağlamış çay. Qarlı sahil. Elə paltar da. Uşaqları bir-bir dallarına alıb çayı keçib meşəyə pənah aparırdılar. Gecənin zülmətində qarlı meşənin içiylə insan izdihamı gedirdi.

Kimsə kimsəni tanımırdı. Adamlar arasında pərakəndəlik düşmüşdü: elə hey Ağdama gedən yolun axtarışında idilər.

 Hamı yolu azmışdı: gedən də, qalan da. Yanında qardaşı, əri olanlara da çətin idi. Amma Sədaqət lap köməksiz idi. Əri Xocalıdan camaat çıxandan sonra 20-25 nəfər hərbçi ilə orada qalmışdı. Birdən xəbər tutublar ki, şəhər boşalıb. Qaranəfəs səksən yaşlı atası-anasının, bir də şikəst bacısının yanına qaçır. Onlar evdə zirzəmidə gizlənmişdilər. Yoldaşı zirzəminin qapısını sındırıb içəri girir:

“Nə oturmusunuz, qaçmaq lazımdı”. Qoca anasını alır belinə, atası isə ağır-ağır yanları ilə gedir. Şikəst bacısı isə gedə bilmir...

“Yoldaşım yanımda olsaydı mənə uşaqları qorumaq rahat olardı. Tək qadın üçün çox çətin idi. Hara gedirdik azırdıq, çıxmağa yol tapmırdıq. Yanımızda olanlar da uşaqları beş-on dəqiqə bellərinə alıb aparırdı. Sonra yenə hərə öz canını götürüb qaçırdı.

Heç kimin qolunda güc, dizlərində taqət qalmamışdı ki, yanında yıxılıb qalanın qolundan yapışsın”.

Duman çəkiləndə gördülər ki, Xankəndinə gəliblər. Uşaqlar yorğun, ac-susuz idilər. Meşədə Sədaqətgil bacısının qaynı ilə rastlaşdılar. Onun ayaqları tutulub yolda qalmışdı. Bacısının oğlu ağladı:

- Ata, əmimi qoyub getməyək. 

Uşaq əmisinin ölməyindən qorxurdu. Amma bilmirdi ki, hamı keçib gedəcək bu cəhənnəmdən, amma özü... Bacısının əri qardaşının yanında qaldı:

- Siz gedin, dəstədən aralanmayın.

Dəstədə də hamı öz ailəsini, uşağını ancaq apara bilirdi. Kimin kimə nə köməyi dəyəcəkdi ki? Üç uşaq Sədaqətin, dörd uşaq bacısının... düzəldilər yola. Doqquz nəfər gecələmək üçün böyük dağın döşündə bitən balaca kollardan birinin dibinə oturdu. İndi onlar isti yorğan-döşəkdən qalxıb gələn uşaqlar deyildilər, buzlu Qarqar çayını keçib qarın içində dincəlmək üçün oturmuşdular. Gecə yarısı dağın döşündən bir qaraltı göründü. Elə bildilər ermənidir, canlarına vəlvələ düşdü. Gördülər yox, qohumları Halay əmidir:

- Qorxmayın bala. Möhkəm dayanın şaxta vurmasın sizi – bir az duruxub qəhərləndi, səsi titrədi. – Arvadı da don vurdu. Qurd-quş yeməsin deyə üstünü ağacla, xəzəllə örtdüm.  Qalan külfət də qabaqdakı kolun dibində gizlənib. Getməyə taqətləri yoxdur. Gedirəm yaxın kəndlərin birindən at gətirməyə. Məni gözləyin, gəlib sizi də aparacam.

Halay əmi o gedən getdi. O oğlu ilə birlikdə Dəhrazda əsir düşdü. Sədaqət o faciədə otuz doğmasını itirdi: bibisi oğlunu, Kamran əmisinin üç oğlunu, bibisi qızını, dayısı uşaqlarını... Heç biri toy eləməmişdi. Onların nə ölüsündən, nə də dirisindən xəbər çıxmadı. Hava təzəcə işıqlaşmağa başladı. Sədaqətin qızı Sevinclə bacısının körpə balasını don vurmuşdu. Sevinc birinci sinifdə oxuyurdu. Bacısı evdən götürdüyü adyalı uşaqların üstünə sərdi və yola çıxdılar. Hamı taqətdən düşmüşdü. Artıq beşinci gecə idi ki, meşədə idilər. Bu dəfə Sədaqətin sonbeşiyi Raman qucağında süstləşdi. Çarəsiz balasını xilas etmək üçün meşənin ortasında qarın içində özünü ora-bura çırpırdı. Bacısı da tamam taqətdən düşmüşdü. Qızı da halsız idi. Daha bir gecə də qalası oldular. Yolboyu kolların ətrafında, ağacların yanı cavan gəlinlərin, uşaqların, ağsaqqal kişilərin, ağbirçək qadınların meyitləri ilə dolu idi. Yaşlı bir qadın yanında üç nəvəsi ilə donmuşdu.

Körpə ağlaşması meşəni başına götürmüşdü – baş açmaq olmurdu, bu ölməkdən, yoxsa dirilməkdən qorxan uşaqların səsi idi... Sədaqətgildən əlçatmaz, ünyetməz qədər uzaqlıqda – meşənin bu biri başında qarın içində ayağı-başı açıq üçgünlük bir körpə çığırırdı. O, mexseti türkü Bəkirova Mehribanın körpəsi idi. 1986-cı ildə Fərqanə hadisələri zamanı Özbəkistandan Azərbaycana pənah gətirmiş türklərin taleyi acı oldu. Ümidləri, arzuları Xocalının alazan düşən evlərində yanıb, narahat ruhlar kimi səma qatları arasında qaldı...

Bəkirova Mehribanın valideynləri Özbəkistandan gəlib Beyləqanda məskunlaşmış qaçqınlardan idi.

1987-ci ildə ailə qurduqları Mehribanın həyat yoldaşı Həmzəyev Abdulla  Xocalı aeroportunda milis şöbəsində işləyirdi. Gənc ailəni Xocalıda evlə təmin etmişdilər. O, faciə günü ermənilərlə döyüşdə şəhid olmuşdu.

Fevralın 23-də qonşuları Osmanın zirzəmisində yaşlı qadınların köməyi ilə Mehribanın körpəsi dünya gəldi. Dörd uşaqla üç gün zirzəmidə qaldı. Fevralın 25-i gecə zirzəminin üstündə erməni dilində danışan adamların ayaq səslərini eşitdilər. Onlar zirzəmidə adamların gizləndiyini duymuşdular. Zirzəminin qapısı taxtadan idi. Qapını qırıb içəri qumbara atdılar. Ölən öldü, çoxları yaralandı. Ağsaqqallardan iki nəfər arvad-uşağa bir şey olmasın deyə ağ bayraq qaldırmağı təklif etdilər və biri içəridən ağa oxşar bir köynək tapıb taxtanın başına keçirtdi. Onu əllərinə alıb bayıra çıxmaq istəyən iki ahıl elə qapı açılan kimi güllələndi.

Beləcə, qadınlı-uşaqlı hamını döyə-döyə zirzəmidən çıxardıb üzü meşəyə apardılar. Mehriban meşədə uşaqların birini dalına şəlləyib, o birilərinin əlindən tutmuşdu. Körpəsini isə qarnına bağlamışdı. Oğlu başından yaralanmışdı, elə hey qan axırdı. Əsirlərin saxlandığı düşərgəyə gələndə Mehriban əlini qarnına, adyalın arasına salanda körpəni yerində tapmır. Zavallı qadın ermənilərin şilləsinin, təpiyinin altında üç günlük körpəsini harda saldığını xatırlamağa çalışır. Çox keçmədi ki, bir rus qadın, adı deyəsən, Viktoriya, imiş, qucağında ayağı-başı açıq bir körpə içəri girdi və soruşdu:

- Bu uşaq kimindir?

Viktoriya Mehribanın qanın içində itib-batdığını görüb, əynini dəyişmək üçün ona paltar, uşağı büküb bələməyə, altını dəyişməyə əski-üskü gətirdi. Uşağın meşədə başından zədə almasından isə yalnız beşinci sinifdə oxuyanda xəbər tutacaqdılar. Onda epilepsiya var idi. Viktoriya sonradan gəlib onları məskunlaşdıqları Ağcakənddəki evlərində tapdı, uşağın müalicəsinin yaxın aylarda Moskvada aparılmasına yardımçı olacağına söz verib getdi. Amma daha gec idi. Bütün olanlara tarix, zaman cavabdehdir, o körpənin də əsirliyə doğulmasının, başına gələnlərin bədəlini tarix ödəməli, tarix öz günahını yumalı idi - Viktoriyanın Mehribangildən gedişindən bir ay sonra fevralın iyirmi üçündə doğulan qızcığaz martın iyirmi üçündə dünyasını dəyişdi...

***

Meşədə qaldıqlarının beşinci günü Sədaqətin on yaşında olan oğlu da dondu. Yazıq uşaq elə hey deyirdi:

-  Ana, atam haradadır? Gəlib bizə kömək edəydi, bizə çörək, su gətirəydi.

Sədaqət uşaqlar acından ağlaşan kimi, otdan, ağac qabığından qırıb vermişdi. Ölməmələri üçün bundan başqa nə etmək olardı ki? Artıq özünün də taqəti tamam kəsilmişdi. Ağdamın Gülablı kəndində milli ordu onları qarşıladı. Meşənin içində çayın lap kənarında tikilmiş çayxananın qarşısından keçirdilər.

Stolları çayxananın qabağına necə  düzmüşdülərsə, eləcə də qalmışdı. Sədaqət elə bilmişdi, yenə əvvəlki kimi məktəbə gəliblər. Qarın basdığı az idi, indi də, deyəsən, onu qara basırdı:

“Uşaqlara baxın, bu soyuqda bayırda oturub dərs keçirlər” deyirdi.

Onları ayın 28-də Gülablı hərbi hissəsinə-vaqonlara gətirdilər. Sədaqət xəstəxana xərəyində özünə gəldi:

- Kim gətirib məni bura? Allahın altında, kaş mən də öləydim... Balalarım qarın altında qaldı. 

Sədaqətin naləsi ərşə qalxmışdı. Sakitləşdirici iynə vurmuşdular. Yatacaqdı...

Ayaqlarında çürümə gedirdi. Həkim Dadaşov yaralarını sarıyanda barmaqlarında qaralma olduğunu demişdi. İki gündən sonra Xocalı faciəsindən xəbər tutmuş türkiyəli jurnalistlər çəkilişə gəldi. Sədaqətin ayağını açdılar ki, insanlar həqiqəti bilsinlər. Sədaqət  ayaq barmaqlarının olmadığını onda bilmişdi.

“Barmaqlarım nədi, kaş ayaqlarım da dibindən kəsiləydi, amma balalarım yanımda olaydı. Heç olmasa birini gətirib çıxarda bilsəydim, o birilərinin də iyini ondan alardım. Yoldaşım məni xəstəxanada tapıb uşaqları soruşdu. Nə deyəydim ona? Həmin gündən biz yad adamlar olduq. Artıq bir dam altında yaşamağın mənası yox idi”.

Əri nə baş verdiyini başa düşdü və təfərrüatları soruşmadan qapıdan çıxdı. Əri anası, atası ilə birlikdə Semaşko xəstəxanasında yatırdı. Zavallı iki xəstəxananın arasında qalmışdı, bir tərəfdə arvadı, bir tərəfdə isə valideynləri. Sədaqətin ağlayaraq söylədiyi ayrılıq təklifini ciddiyə almadı. Onun son gəlişi Sədaqətin qulaqlarında cingildəyirdi: “Elə bilərik, on iki ildən sonra ailə qurmuşuq, ya da illər sonra övladımız olub”.

Müharibədi, müharibədə hər şey olur.

“Qonşular uşaqlarına tapşırırdı ki, elə gedin, elə gəlin ki, Sədaqət xalanız sizi görməsin. Fevral ayında il dönümləri gəlir. Üç şəhid balam, üç bacı balası, bir bacı itirəsən və bir məzar tapmayasan, üstünə getməyə. Nə də bir nişanələri - şəkilləri, paltarları yoxdu ki, ölənə qədər xatirə saxlayasan. Naftalanda yaşayanda Xocalı qurbanlarının şərəfinə abidə ucaltdılar, ona qulluq etmək isə yoldaşıma həvalə olunmuşdu. Bizim evin eyvanından görünürdü abidə. Hava qaralan kimi eyvandan ora boylanırdım. Bəzən lampalarının bir-ikisi yanmırdı, tez yoldaşıma deyirdim, gedib dəyişirdi. Abidənin işıqları yanmayınca evimin işıqlarını yandırmırdım. Elə bilirdim balalarımın evidir, işıqsız qalmasını istəmirdim. Amma bu günümüzə min şükür. Elə bil, Allahın bizə yazığı gəldi, dedi o qarı mən yağdırmışam, o yolu mən bağlamışam, o uşaqları mən almışam sizdən, qoymaram başqasının balasına möhtac olsunlar...”.

1993-cü ilin aprelində oğul, 3 il sonra da bir qız övladları dünyaya gəldi. Oğlanlarının adını Raman qoydular. Amma bu körpələr qar altında qalan üç övladını əvəz eləmirdi. Sədaqət qohum-qonşunun uşaqları məktəbə gedib-gələndə gah eyvandan, gah həyətin bir küncündən gizlincə boylanırdı. Elə bilirdi indicə uşaqların arasından çıxıb övladları ona sarı qaçacaq.

... Dünyaya vaxtsız gəlişinin bədəlini tarix ödəyən uşaqların, müharibələrdə qəfil bir neçə il böyüyən, yaşa dolan, qocalan körpələrin başdaşlarına olum və ölüm tarixilərini defislə (-) deyil, vurma (X) işarəsi ilə yazmaq, yəqin ki, heç kimin ağlına gəlməyəcək... 

"Aydın yol" qəzeti

 





25.02.2016    çap et  çap et