525.Az

Haray - Xocalıda soyqırım!..


 

Haray - Xocalıda soyqırım!.. <b style="color:red"></b>

1828-ci ilin mənfur "Türkmənçay müqaviləsi"nə kimi Dağlıq Qarabağda "erməniyə məxsusluğu" yaşada biləcək bircə toponimə, oykonimə, hidronimə və hətta mikronimə də rast gəlmək qeyri-mümkündür...

1978-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər İrandan Azərbaycana ermənilərin köçürülməsi nəticəsində ilk ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmasının 150 illiyini böyük təntənə ilə bayram etdilər. Hətta bu şərəfə abidə də ucaltdılar. Həqiqəti kölgədə saxlamaq üçün erməni millətçiləri 1988-ci ildə həmin abidəni də vandalcasına uçurdular, yer üzündən sildilər!..

... XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı bir an belə xəyalımızdan getmir. Gözlərimiz önündə dünyanı xoflandıran "Haray-Xocalıda soyqırımı" möhtəşəm abidəsi ucalır. Onun üzərində "Qan yaddaşının məşəli" əbədi alovlanır. O məşəlin işığında abidə üzərindəki saysız-hesabsız kitabələri oxuduqca vücudumuz təlatümə gəlir!.. Həmin kitabələrdən birini vətənsevər oxucularımıza təqdim edirəm!...

Ey odlar yurdunun od ürəkli övladları!

Bir neçə yüz il öncə, yersiz-yurdsuz erməniləri öz qanadımızın altına alıb, sığınacaq verdik. İllər keçdikcə, duz-çörəyi tapdalayan bu nankorlar, torpaqlarımızın bərəkətindən, ata-babalarımızın səxavətindən, ağbirçək nənələrimizin mərhəmətindən, xalqımızın xeyirxahlığından, dilimizin şirinliyindən, dinimizin humanistliyindən, vətənimizin əvəzedilməz gözəlliklərindən harınlaşdılar. İllər keçdikcə özlərinə yer elədilər. "Yersiz gəldi, yerli qaç!" - atalar misalına minbir don geyindirdilər. Qaniçən, qatı millətçilərin - androniklər, şaumyanlar, mikoyanlar, qriqoryanlar, aqambekyanlar, balayanlar, kaputikyanlar, bonerlər, xanzadyanlar, ter-petrosyanların, dünyanın hər küncünə səpələnmiş "Daşnaksutyun" tör-töküntülərinin və onların mənfur himayədarlarının - qorbaçovlar tipli, insani hisslərini itirmişlərin məkrli, şeytani fitnə-fəsadları ilə xalqımıza qarşı yönəldilən vəhşiliklərin sayı bilinmir, sonu görünmür. Böyük riyakarlıqla onların qurduqları tələlərin "tilsimləri"nə asanlıqla ram olan bəzi xalqa dönüklərimizin laqeydliyi, yaramazlığı Qarabağda qətllərə, 20 Yanvar qırğınına, Xocalı soyqırımına və digər məşəqqətlərimizə rəvac verdi. Minlərlə şəhidimiz vətən təşnəliyini öz al qanlarıyla söndürərək təsəlli tapdı - onlar bu yolda əbədiyyətə qovuşdular...

Hiylədən, xəbislikdən uzaq olan xalqımız tarixin taleyüklü dönəmində "böyük sual işarəsi" önündə məlul-müşkül dayandı: "Nə vaxtacan biz varidatımızı açıq mücrülərdə saxlayacaq, düşmənlərimizin sınıq-salxaq dəyirmanlarına su tökəcək, ulu Tanrının hökmü ilə alçaqların sel aparmış körpülərini misli görünməmiş "beynəlmiləlçiliklə", "canfəşanlıqla" yenidən bərpa edəcək, sel vahiməsindən qorxa-qorxa "namərd körpüsündən keçəcəyik?!"

...Xalqımızın başına açılan oyunlar, müsibətlər bizə ibrət dərsi - həm də sonuncu! - olmalıdır. Qoy gələcək nəsillər, əsrlər boyu dondurulmuş, urcah olduğumuz müsibətlərdən indi vulkan kimi püskürməyə can atan, oyanmış qan yaddaşımızın rəmzi kimi, laləyə bənzər "Azadlıq məşəli"mizi qəfil küləklərdən qorusunlar. Odlar Diyarımızın gələcəyə oddaşıyanları olsunlar. Onun işığında, Allahın bizə bəxş etdiyi müqəddəs torpaqlarımızın keşiyində mərdanə dayansınlar. Vətənimizin qeyrətini candan-qandan üstün tutsunlar. Dilimizə yabançı sözləri yaxın qoymasınlar. Çünki milli faciələrimizin kökləri belə yanlışlara, bu cür nöqsanlara söykənir. 

Axı böyük Yaradan torpağımıza, sərvətimizə haram qatmağı, əqidəmizə, məsləkimizə dönüklüyü, bədxahlığı, yaltaqlığı bizlərə yasaq edib.

Gələcək nəsillərimiz eyni yanlışlara əsla yol verməsinlər. Əsrlər boyu açıq saxladığımız "torpaq mücrüsü"nü biryolluq bağlayıb qıfıllasınlar, yadları ona yaxın buraxmasınlar...

Bu vəsiyyəti - ağır işgəncələrə məruz qalmış, övladları Xocalı soyqırımında şəhid olmuş, Qorqud nurlu bir babanın, ömrünün ixtiyar çağında, doğma yurd-yuvasının həsrətiylə özgə qapılarında can verərkən dediyi bu sözləri bir uşaqlıq dostum mənə çatdıranda tüklərim biz-biz oldu. Gözlərimə qaranlıq çökdü. Sonra sanki el yolunu kəsmiş nəhəng bir daşı, gözlərimi yumaraq, "Ya mədəd!" - deyib dərəaşağı dığırlatdım. Dərindən, rahat nəfəs aldım. Elə bil çəkisizlik şəraitinə düşmüşdüm, lap uşaqlıqdakı kimi, qanadlanıb ənginliklərə baş vurmaq istəyirdim. İllərdən bəri mənəviyyatımızı zəhərləyən, manqurtluğa doğru sürükləyən mənfur fikirlərin vahiməli cazibəsindən tamamilə çıxmışdım!..

Elə bu vaxt ucalıqda çatılmış nəhəng bir tonqal göründü gözlərimə!.. Koroğlu nərəsi, Misri qılıncın səsi, köhlənlərin kişnərtisi, "Cəngi", "Heyratı" sədaları altında Azərbaycanımızın  qeyrətli oğulları o tonqalın dövrəsinə cəm olmaq üçün dağyuxarı dırmaşırdılar. Tonqalın ərşə dirənən gur işığında aydın görünən insan axını, püskürən vulkan selini xatırladırdı. Qobustan qayalarının daş yaddaşından qopub gələn Dədəm Qorqudun qaibanə-amiranə səsi tonqal çatmış dağ cüssəli babanın səsinə qarışır, tonqalın alov diliylə bütün Azərbaycana car çəkirdi:

- Ey Odlar Yurdunun şir ürəkli, pələng biləkli övladları, cəm olun tonqal başına! Oddan keçin! Kin-küdurəti unudun! Vətən təhlükədədir!...

O andaca bu çağırışdan riqqətə gələnlərin gur səsi bütün dünyaya yayılırdı:

- Biz səni darda qoymarıq, ey gözəl Azərbaycanımız! Ey ağsaqqal babaları, ağbirçək nənələri hikmətli, ataları, anaları qeyrətli, oğullar qüvvətli qızları, gəlinləri ismətli, dili məlahətli, torpağı bərəkətli, tükənməz sərvətli Azərbaycanımız! Bakılı, Ərdəbilli, Təbrizli, Naxçıvanlı, Qəbələli, Bərdəli, Gəncəli, Beyləqanlı, Dərbəndli, Qarabağlı, Qaradağlı, Şəkili, Qubalı,  Mil-Muğanlı, Şirvanlı, Göyçəli, Zəngəzurlu, Lənkəranlı Azərbaycanımız!

Xoş gündə də, dar gündə də, qanlı döyüşlərdə də Səni düşünürük, Səni anırıq, Sənə arxalanırıq! Hətta ölümlə üz-üzə qalsaq, gücümüz artıq heç nəyə çatmasa belə, öz cəsədimiz boyda torpağını qorumaq üçün şəhid olmağı son qərar kimi qəbul edib, əbədiyyətə qovuşmaqdır amalımız!..

...Bu duyğular içində mənə elə gəldi ki, bu səhnə, bu çağırış daşı da, torpağı da, insanları da ovsunlamışdı. O an bütün xalq Birlik nəğməsi oxuyurdu...

- Şükür sənə, İlahi! - dedim. - Şükür ki, qaraçuxamız yatmayıb, qan yaddaşımız oyanıb, birlik məşəlimiz alovlanır. Şükür ki, özümüzə qayıtdıq. Xalqa, vətənə, torpağa, dilə, dinə, imana və inama qayıtdıq!..

- Qəbrin nurla dolsun, Xocalı şəhidi! Qorqud nurlu qarabağlı babam, vəsiyyətin çin oldu! - bu kəlmələri isə, sevinc yaşlarında boğulan dostum hayqırdı...

...- Ata, muştuluğumu ver, bizimkilər Qarabağdan erməni quldurlarını qovub çıxarıblar! - qışqıran beş yaşlı oğlumun səsinə yuxudan oynadım...

- Bu xəbəri haradan, kimdən aldın, oğlum, - hövlnak ondan soruşdum.

- Elə indicə yuxuda gördüm, ata! - fərəhindən atılıb-düşən, əl çalan oğlum dilləndi.

- Yuxularımız çin olsun, oğlum! - dedim. - Allahın yuxularla bizə göndərdiyi xilas butası bu qarışıq dünyamızın dolanbaclarında dadımıza çatsın! Allah birliyimizi əlimizdən almasın, bizi şeytan əməlindən qorusun! Torpaqlarımızın azad ediləcəyi, şəhidlərimizin, Xocalı qurbanlarının qisasının alınacağı o gün yaxındadır!

BABULLA

 





25.02.2016    çap et  çap et