525.Az

Xocalının xanım qəhrəmanı - Familə Novruzova


 

Xocalının xanım qəhrəmanı - <b style="color:red">Familə Novruzova</b>

Familə xanım danışdıqca hiss edirsən ki, o, qeyri-adi, fədakar, qəribə bir insandı.

Kənd yerində, necə deyərlər, yüz kişinin içində əli silahlı yeganə bir xanım qorxu bilmədən oda-alova atıb özünü... 

Müəllim qız necə döyüşçü oldu... 

Novruzova Familə Salman qızı 1957-ci ildə Bərdədə, Əmirli kəndində doğulub və orta məktəbi də burada bitirib. Sonra Gəncədə Pedaqoji məktəbdə ali təhsil alıb və "Bərdə" qəzetində çalışıb. 1991-ci ildə o, müəllim kimi Xocalıya gedərək Qaladərəsi ibtidai məktəbdə sinif müəllimi kimi fəaliyyətə başlayıb. Familə xanım çox keçmir ki, Xocalıda yaranmış Milli Ərazi Özünümüdafiə taboruna yazılır. O, ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüş Tofiq Hüseynovun komandirlik etdiyi taborda yeganə xanım əsgər olub.

Günlərin bir günü komandir T.Hüseynov əmr verir ki, Xocalı ərazisindən Xankəndi istiqamətinə gedən yolda erməni kəşfiyyatçısını görən olub, onu məhv etmək lazımdır. Odur ki, Xocalının igid oğlu Bakir Hüseynov, Valeh Abbasov, Firuz Salman oğlu ilə yeganə xanım döyüşçü F.Novruzova Qaladərəsinə tərəf səngəri yoxlamağa gediblər. Onlar Qaladərəsində bulağa enib su içdikdən sonra Bakir uzağı göstərən aparatla ətrafı nəzərdən keçirərkən birdən erməni kəşfiyyatçısını görür. Sonra onlar hər biri həmin cihazla baxıb görürlər ki, həqiqətən də gələn erməni kəşfiyyatçısıdır. Bundan sonra Bakir Familə xanımın silahını alıb əvəzində ona öz beşatılanını verir və tapşırır ki, düşməni o, öldürməlidir. F. Novruzova həyəcanlanır və qeyri-ixtiyari dillənir ki, axı mən heç vaxt adam öldürməmişəm... Bu vaxt Bakir gülümsəyərək ona deyir, mənim bacım, bu adam deyil, qanımızı içən erməni faşistidi. Bundan sonra Familə xanım ürəklənir və silahı sinəsinə sıxıb sərrast nişan alır. Atəş açaraq düşməni yerə sərir və inana bilmir ki, saqqallı erməni kəşfiyyatçısını o öldürdü... 

Bozdağ əməliyyatında 

Sonra o, Bozdağ əməliyyatında iştirak edir. O əməliyyat ki, Xocalı polisi və əsgərləri əsl igidlik nümayiş etdiriblər. Bozdağ əməliyyatı çox uğurlu olub və düşmən ağır itgiyə məruz qalıb. Familə xanım da sevinib ki, bu uğurlu əməliyyatda onun da xidməti olub. Bu döyüşdə hətta o, ölümlə üz-üzə qalıb. Əgər döyüş taktikası ilə yerini dəyişməsəydi, yəqin ki, bu gün biz onunla belə görüşə bilməzdik...

1992-ci il yanvarın 25-dən 26-na keçən gecə Familə xanım döyüşçü dostlarına köməyə gedərkən Xocalı aeroportuna düşmənin atdığı mərmidən yaralanaraq yerə yıxılır və səhərə qədər qar üstündə kontuziya vəziyyətində qalır. Komandir sübh tezdən səngəri yoxlayıb qayıdan zaman aeroport  yoluna üz tutur. Bir az getmiş yerə yıxılmış birini görüncə, əvvəl onu düşmən əsgəri hesab edir və erməni dilində ona ayağa qalxmağı əmr edir. Ancaq görəndə ki, ondan səs-səmir çıxmır, irəli gəlir və görür ki, bu, Familə xanımdır, O, F.Novruzovanı yerdən qaldırır və onun saçındakı laxta qanı əlləriylə qoparıb atır... Bu yerdə Familə xanım o anları sanki yenidən yaşayır və için-için hönkürməyə başlayır... Sonra onu vertolyotla Ağdama xəstəxanaya gətirirlər.  

Bu dəfə Ağdam batalyonunda

O, bir az müalicə alıb yüngülləşəndən sonra Ağdamda Eldar Bağırovun özünümüdafiə dəstəsinə qoşulur. Naxçıvanik, Mərzili və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak edir. Deyirlər, sevgi heç nəyə baxmır, yəqin elə müharibəyə də... O, Asif Məhərrəmovun (Fred Asif) taborunda xidmət edən Cavad Mikayılov adlı kəşfiyyatçıya könül verir və onunla nişanlanır. Ancaq ona sevdiyi ilə ailə qurmaq qismət olmur. Çünki nişanlısı şəhid olur. Və o, nişan xonçasını sevdiyinin qəbri üstə qoymaqla sanki onun ailə qurmaqla bağlı bütün arzuları da beləcə şəhid olur...   

Atəşkəsdən sonra

Atəşkəs elan ediləndən sonra o, Vətən Müharibəsi Veteranlar Birliyinin Xocalı rayon şöbəsini yaradır. F.Novruzova Müdafiə Nazirliyi istefada olan kiçik gizir və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Masazırda tənha yaşayır. Familə xanım deyir ki, o, həmişə jurnalist olmaq istəyib. Odur ki, bu sahədə də Familə Fərmanlı kimi istedada sahibdi. Hazırda "Biz Xocalı əsgəriyik" adlı kitab üzərində çalışır.

...Amma bütün bunlarla yanaşı onu küskün gördüm. Həyatını, sağlamlığını, xoşbəxtliyini bizə qurban verən bu xanımı incidənləri heç, amma heç anlamadım...

Mina RƏŞİD

 





25.02.2016    çap et  çap et